30 may 2019 13:18
175

Bakıda “Monex Caspian Summit” keçirilir - VİDEO

Bakıda, hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, 3 regionda keçirilən “Monex Caspian Summit” işə başlayıb.

“Report” xəbər verir ki, iyunun 1-nə qədər davam edəcək tədbirin əsas tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Synergy Partnership” və "FA İnternational Trade Events" şirkətləri, Azərbaycanda Amerika Ticarət Palatasıdır (“AmCham”).

“InnoFest” çərçivəsində baş tutmuş genişmiqyaslı sammit sərgi və 2 günlük konfransla yanaşı Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçı INNA-nın iştirak edəcəyi “Monex Party” kimi tədbirlərdən ibarət olacaq.

"Monex Caspian Summit”də, maliyyə texnologiyaları və bank sənayesinin ən mühüm liderləri bir araya gəlib. Tədbirdə 300-dən çox yerli və xarici şirkətin, regional dövlətlərin Mərkəzi Banklarının, “PAŞA Bank”, “Societe Generale”, “Sberbank”, “ING Bank”, “AliBaba.com”, “Mastercard”, “Oracle” kimi müəssisə və şirkətlərin spikerləri, investorlar, bankirlər iştirak edir. Tədbirdə startuplarla bağlı böyük məbləğdə investisiya elanları olacaq.

Sammitdə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlərlə, həmçinin, dünyanın ödəniş, təhlükəsizlik, DATA və informasiya texnologiyaları şirkətləri ilə görüşlər, tanışlıqlar, panel müzakirələri, peşəkar komanda tərəfindən təşkil olunan “B2B” görüşlər, start-up şirkətləri üçün dinləyicilər qarşısında real investisiya və potensial müştərilərlə tanışlıq imkanı olacaq.