31 oktyabr 2019 19:45
253

Bir ovuc torpaq da Vətəndi!..

Bir az əvvəl döyüş növbətçiliyindən qayıdanda iki əsgərin bir anlığa ayaq saxladığını, bir ovuc torpaqla ünsiyyətini, bu bənzərsiz ünsiyyətinə kəlmələşməyə necə döndüyünü görmüşdüm. Bu ilahi kəlmələşməyə müdaxilə etməyi də, kəlmələşmənin sonunu gözləməyi də bağışlanmaz suç saymışdım...

Səngərdə əsgərlərlə bayaq gördüyüm bənzərsiz mükalimələşmədən, duyduqlarımdan - duymadıqlarımdan söz açıram. “Dədə Qorqud öyüdlərinə bələd olanlar ruhən Torpaq-Vətəndi, Vətən - Anadı, Ana - Millətdi, Millət - Dövlətdi” - deyimini də eşidir”, - deyirəm və bir anlığına sözümə ara verirəm. Əsgərlər məlum düşüncələrlə, məlum duyğularla qarşı tərəfə baxır. Sonra mövqedən gələn yola - bayaq bir ovuc torpaqla ana-oğul  kimi kəlmələşən həmin iki əsgərin kim olduğunu bilmək marağıdı. “Hər biriniz belə bir duyumla xidmət edirsiniz. Hər biriniz bir ovuc torpağı da Vətən bilirsiniz. Ona görə  döyüş əzminiz, qələbə  ruhunuz bu səviyyədədi, ona görə xalq sizə güvənir.” - deyirəm və diqqətimi bayaqdan bəri məhəl qoymadığım bir görüntü  çəkir: həzin-həzin əsən meh ağacların saralmaqda olan yarpaqlarını titrədir. Bu titrəyişi mehin yarpaqlara mehirli təması, bu təması bayaq gördüklərimin rəmzi bilirəm...

Mayor Həşim Həşimov deyir ki, torpağın, Vətənin nə olduğunu hamı yeniyetməliyindən bilir. Hərbi xidmət əsgərlərin bildiklərini dərinləşdirir.

-Əminəm ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında belə dəqiq müşahidələr də əhəmiyyətli olur. Hərbi xidmət, həqiqətən də əsgərin dünyagörüşünü  dərinləşdirir. Əsgər bilir ki, Torpaq Vətəndi, Vətən dövlət sərhədləriylə əhatələnmiş torpaqdı, Torpağın mahiyyəti Vətən, Vətənin mahiyyəti torpaq olaraq dərk edilir, - deyirəm.

Mayor Həşim Həşimovun  dedikləri könlümə yatır:

-Əsgər torpağımız deyəndə Vətənimizi, Vətənimiz deyəndə torpağımızı nəzərdə tutur.

Əsgərlərin coşqusunu döyüş əzminin yüksəlişinə yozuruq və mayor Həşim Həşimovun dediklərini bu yüksəlişin mahiyyəti kimi dinləyirik:

-Hərbi xidmətə  başlayan əsgər nəyi qoruyacağını bilir, necə qoruyacağını  gənc əsgər hazırlığından  sonra hərbi hissədə öyrənir. Öyrənə-öyrənə torpağın, Vətənin ifadə etdiyi məzmunu daha əhatəli dərk edir.

Leytenant Ramil Siraclının gərəkli müdaxiləsi fikri daha da dolğunlaşdırır:

-Bir neçə ay əvvəl öyrənən əsgər bu gün öyrəndiklərini təkmilləşdirə-təkmilləşdirə hərbi hissədə xidmətə başlayan əsgərləri öyrədir, yəni ordumuzda hərbi xidmət, müəyyən mənada, pedaqoji prosesdir və ordu quruculuğunda gərəklidir.

Söhbətin mahiyyətinə əsgərlər də biganə qalmır:

-Torpağın, Vətənin nə olduğunu, müqəddəsliyini yeniyetməliyimizdən bilirik, oxuya-oxuya, öyrənə-öyrənə dərk edirik. İllər keçdikcə torpaq haqqında, Vətən haqqında düşüncələrimiz dərinləşir. Hərbi xidmətə bu dərklə gəlirik, - əsgər Qəhrəman Məmmədov belə deyir.

-Döyüş yolunu davam etdirəcəyimiz qəhrəmanlarımız da belə düşündüyünə zərrəcə şübhəm yoxdur, - əsgər Murad Bayramov belə deyir.

-Şəhidlərimizin, qəhrəmanlarımızın düşündüklərini gerçəkləşdirmək bizim həm hərbçi borcumuzdur, həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur. Bu borcu yerinə yetirənə kimi, tərxis olunsaq belə, yenə əsgərik, - əsgər Gündüz Yusifovun kəlmələrinin qətiyyət çaları aydınlığıyla sezilir.

-Torpaq haqqında, Vətən haqqında  düşüncələrimi döyüş növbətçiliyimin ilk anları formalaşdırdı, - Gündüz əsgər yoldaşlarına baxır. Bu məzmunlu baxışlarda sorğu çaları da var: “ Siz necə düşünürsünüz?

“Əsgər İzzət Məmmədov deyir ki, döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlıq da döyüş növbətçiliyi üçündür, döyüş növbətçiliyi isə Vətən üçündür.

-Yəni hərbi xidmət Vətən üçündür, - əsgər xidmət yoldaşının sözünə qüvvət kimi belə deyir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zal Qəhrəmanovun dedikləri bizi də, əsgərləri də, zabitləri də duyğulandırır:

-Yəni hamımız bilirik ki, ömür Vətən üçündür. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bir kəlamını heç birimiz unutmuruq, dövlətə, Vətənə xidməti biz də ömrümüzün mənası bilirik.

Ön xətdə vaxt yaman tez ötüşür. Baxışlarında, düşüncələrinin aydınlığında Böyük Qələbənin işartılarını gördüyün əsgərlərlə söhbətdən heç zaman doymursan. Sənə elə gəlir ki, söhbətin təxmini sonluğu elə başlanğıcdı, hələ çox mətləblər çözüləcək, deyiləcək, dinləniləcək dərk ediləcək. Söhbətin sona yaxınlaşdığını duyunca yenə gələn görüşə ümidlənirsən. Gedirsən. Bir müddətdən sonra yenidən qayıdırsan, yenə söhbətlərin gərəkliyi, şirinliyi, səmimiliyi vaxtı üstələyir.  Sənə elə gəlir ki, başlanğıcdan cəmi bir nəfəs dərimi qədər vaxt keçib...

Bayaq səngərdə bir fikir səslənmişdi: “Dədə Qorqud öyüdlərinə bələd olanlar ruhən “Torpaq - Vətəndi, Vətən - Anadı, Ana - Millətdi, Millət - Dövlətdi” deyimini də eşidir”. Bu fikirin əsgərlərin düşüncələrinə bütün çalarlarıyla hopduğuna zərrəcə şübhəm yoxdu; söhbətləşəndə Torpaq haqqında, Vətən haqqında eşitdiklərimin fəlsəfi mahiyyətinə düşüncələrini düşüncələrimin ağ yolu bildiyim əsgərlərin dünyaduyumu deyirəm.

Həmişə olduğu kimi, indi də səngərdən yarım mənzil uzaqlaşmamış səngərdə əsgərlərlə söhbətlərin səmimiliyi könlünü səngərlərə çəkir; əsgərlərimizin döyüş əzmində, qələbə ruhunda belə qüdrət var.

“Haradan başlanır Vətən” sorğusuna müxtəlif cavablar verilib. Hamısını mahiyyət uyğunluğu eyniləşdirir. Söhbətin axarını əsgərlərin bu sualı “Vətən bir ovuc torpaqdan başlanır” kimi cavablandıracağına yəqinlik bilirəm... Düşüncələrim “Torpaq - Vətəndi, Vətən - Anadı, Ana - Millətdi, Millət - Dövlətdi” - deyiminin, bir də “Bir ovuc torpaq da Vətəndi” fikrinin işığına sığınıb...

Rəşid Faxralı