24 yanvar 2026 18:49
132

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

NATO Baş katibinin müavini xanım Radmila Şekerinska bu həftə Azərbaycana səfər edib. R.Şekerinska səfərin sonunda AZƏRTAC-a eksklüziv müsahibə verib. “İki sahil” müsahibəni təqdim edir:

- Xanım Şekerinska, əvvəlcə Azərbaycana səfərinizin məqsədi və nəticələri barədə məlumat verin.

- Bildiyiniz kimi, NATO ilə Azərbaycan təxminən otuz ildir ki, tərəfdaşlıq edir. Bu, çox möhkəm bir təməldir, çünki tərəfdaşlığımız hər iki tərəfin qarşılıqlı öhdəliyinə, qarşılıqlı fəaliyyətə və əməkdaşlığa əsaslanır. Biz bu tərəfdaşlığı bir addım da irəli aparmaq istəyirik. Hazırda NATO ilə Azərbaycan arasında “Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı”nın demək olar ki, müəyyən bir mərhələsini başa çatdırmışıq.

Bu proqram bizə həm siyasi dialoqu davam etdirmək, həm də praktiki əməkdaşlığı genişləndirmək imkanı verib. Azərbaycan bu əməkdaşlıqdan müxtəlif təlimlərdə iştirak, hərbi təlimlər, müdafiə islahatlarının dəstəklənməsi və modernləşmə istiqamətində faydalanıb. Bundan əlavə, biz Dürüstlüyün Təmin Edilməsi (Building Integrity), minatəmizləmə, kibertəhlükəsizlik kimi sahələrdə də əməkdaşlıq etmişik.

Biz qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Çünki bu tərəfdaşlıq Azərbaycanla NATO arasında əməkdaşlığın zəruri məsələlər üzrə birgə işləməsini nəzərdə tutur.

- Ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sammitdən sonra Azərbaycan–Ermənistan sülh gündəliyi ilə bağlı fikirlərinizi eşitmək istərdik.

- Ötən il Vaşinqtonda iki ölkə arasında baş vermiş böyük irəliləyişi, ikitərəfli münasibətlərdə kəskin dönüşü və dəyişimi həqiqətən yüksək qiymətləndiririk, bunu təqdir edirik. Biz bu razılaşmanı regionda sülh və sabitlik üçün möhkəm əsas kimi görürük. Regionun sabitliyinə və hər iki ölkənin gələcək əməkdaşlığı üçün atılan addımlar münasibətilə Azərbaycanı, Ermənistanı və hər iki dövlətin rəhbərlərini biz artıq səmimi-qəlbdən təbrik etmişik. Münasibətlərin normallaşmasını çox vacib hesab edirik.

Ticarət sahəsində artıq atılmış bəzi addımları, o cümlədən Ermənistana malların tranziti üçün icazə verilməsini çox faydalı hesab edirik. Ümid edirik ki, növbəti addımlar tezliklə atılacaq, — yəni sazişin imzalanması və ratifikasiyası baş tutacaq. Bu irəliləyişi mümkün etdiklərinə görə həm Bakını, həm də İrəvanı təbrik etmişik, çünki bilirik ki, bu regionun sabitliyi bizim təhlükəsizliyimiz üçün də son dərəcə önəmlidir.

- Azərbaycanın Alyansa, o cümlədən Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə də fikirlərinizi dinləmək maraqlı olardı.

- Qeyd etdiyim kimi, NATO ilə Azərbaycan arasında tərəfdaşlıq ikitərəfli bir prosesdir. Artıq qeyd etdiyim müxtəlif proqramlar çərçivəsində Azərbaycanı bir çox istiqamətdə dəstəkləmişik. Eyni zamanda, Azərbaycan da öz öhdəliyini nümayiş etdirib. Bunun ən aydın göstəricilərindən biri Azərbaycanın Əfqanıstandakı missiyalarımıza qoşulmasıdır. Bu missiyalar Alyans üçün son dərəcə vacib idi. Siz tərəfdaş kimi bizim səylərimizə qoşuldunuz və çox uzun, çox çətin bir dövr ərzində orada qaldınız.

Azərbaycan hətta Kabildən çıxan son ölkə oldu və bu, sizin öhdəliyiniz və töhfəniz haqqında çox şey deyir. Azərbaycan, həmçinin NATO müttəfiqlərinə köhnə enerji asılılıqları ilə mübarizədə çox faydalı, həlledici və mühüm dəstək göstərdi. Onlar Rusiyadan enerji tədarükünü dayandıraraq, bunu Azərbaycandan gələn enerji ilə əvəz edə bildilər.

Bunun sayəsində bizim enerji təchizatımızın təhlükəsizliyi təmin olundu. Bu, çox vacibdir. Qeyd olunan hərəkət böyük hörmətlə, yüksək qiymətləndirmə ilə qarşılanır.

Bu, həmçinin Azərbaycan üçün elə bir şərait yaradır ki, o, etibarlı enerji mənbəyi olduğunu, eyni zamanda, bizim etibarlı tərəfdaşımız olduğumuzu bir daha vurğulasın. Məhz buna görə biz minatəmizləməyə dəstək, dəniz limanlarının təhlükəsizliyi, kritik infrastrukturun mühafizəsi kimi məsələləri də müzakirə edirik. Bütün bunlar gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır və məhz buna görə düşünürəm ki, bu tərəfdaşlıq həm Azərbaycan, həm də NATO üçün faydalı olacaq.