24 aprel 2019 10:46
233

Biz qitələri və ölkələri birləşdiririk

Yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadə ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açmaqla yanaşı,  tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsində də  əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin “Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq” fikrini böyük inam və qətiyyətlə ifadə etməsini şərtləndirən əsas amillərdən biri də məhz budur. Dünyaya pəncərə kimi açılan BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissələrindən olan TANAP-ın, həmçinin əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqelərinə, söz sahibinə çevrilməsinə  işıq salır. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycan dünyanın enerji xəritəsinə yeni əlavələr edərək, enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynayır. Bu kimi uğurlarımız  Azərbaycanın xarici siyasətinin, iqtisadi imkanlarının  təqdimatıdır. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi yeni layihələrin gündəmə gətirilməsini və səylərin birləşdirilməsini şərtləndirir.

Dövlətimizin başçısı İlham Əliyevin Çinin  Sinxua agentliyinə müsabihəsində də bu kimi məqamlara bir daha diqqət yönəldilib. Belə ki,  ölkə Prezidenti “Sizin 2015-ci ildə Çinə səfəriniz zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalandı. Son illər ərzində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki ölkə tərəfindən əldə edilən irəliləyişi necə qiymətləndirirsiniz? “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığı üçün hansı sahələr prioritet təşkil edəcəkdir” sualına cavabında bildirmişdir ki,  Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü  dəstəkləyir. İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər mövcuddur.

Cənab İlham Əliyev onu da qeyd etmişdir ki,  dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq: “Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır.” Müsahibədə bu mühüm məqam önə çəkilmişdir ki,  coğrafi mövqeyimizdən istifadə edərək,  ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatıraraq Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Müasir infrastrukturun yaradılması  əsas hədəflərimizdəndir.

Qeyd edək ki,  ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunun builki toplantısı çərçivəsində də  “Bir kəmər, bir yol” təşəbbüsünün  inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiya keçirildi,  həmin tədbirdə dövlətimizin başçısı İlham Əliyev müsahibəsində  bir layihənin, bir yolun ölkələri, xalqları birləşdirərək,   yeni əməkdaşlıq  formatlarının yaradılmasında  stimulverici amil roluna aydınlıq gətirmişdir. “Günün əsas reallıqlarından biri kimi bu məqam  vurğulanmışdır ki, güclü iradə, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək, təşəbbüsləri gerçəkliyə çevirmək mümkündür. Keçilən yola nəzər salsaq,  əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. “ Avropa ilə Asiyanın qovşağında  yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkə Prezidenti  İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində  bu məqama xüsusi diqqət yönəltmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar.” Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi çoxtərəfli əməkdaşlığın nümunələridir.  “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. Enerji və nəqliyyat layihələrinin ölkələri, xalqları birləşdirici missiyasını nəzərə alsaq,    TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. TAP isə  Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq. Cənab İlham Əliyev bildirir:  “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da  gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq.” Azərbaycanın, həmçinin ölkə Prezidenti  İlham Əliyevin irəli sürdüyü  təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar beynəlxalq səviyyədə də bu qənaətə əsas verir ki,   yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr əldə olunacaq.

Qeyd etdiyimiz kimi,  əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. Dəmir yolu Avrasiyanın nəqliyyat  xəritəsinin önəmli  hissəsinə çevrilir.  Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. “Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.

Reallaşan və reallaşmaqda olan hər hansı bir layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi tərəfi daha çox təhlil olunur,  perspektivdə hansı uğurlara yol açacağı diqqətə çatdırılır. Bütün hallarda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, artan mövqeyi inkaredilməzdir. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin prinsiplərindən irəli gəlir. Əməkdaşlıqda qarşılıqlı hörmət və maraqlar prinsipinə önəm verən Azərbaycan, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayır.  Uzun illərdən sonra ötən il öz müsbət həllini tapan Xəzərin hüquqi statusu məsələsi bunun bariz nümunəsidir.  Regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən bu mühüm hadisədə Azərbaycanın rolu inkaredilməzdir. Xəzərin sülh, əməkdaşlıq dənizi olmasını əsas prinsip kimi öndə saxlayan Azərbaycan istər ikitərəfli istərsə də  təşəbbüsçüsü olduğu  üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının uğurla həyata keçirilməsi nəticəsində  Xəzərin hüquqi satatusu ilə bağlı Konvensiyanın imzalanmasına böyük töhfə verdi.  Məhz uğurlarımızın davamlılığı fonunda bu əminliyi ifadə edə bilərik ki, Azərbaycanın düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi olaraq uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihəyə stimul verməklə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin “Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı” kimi dəyərləndirməsinin reallıqda öz əksini tapmasını şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”