30 sentyabr 2020 10:03
782

Bizim mübarizəmiz haqq mübarizəsidir

Göründüyü kimi, Ermənistan dövlətinin terrorçu mahiyyətində heç nə dəyişməyib. Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə hücumlar bunu sübut edir. Ağır artilleriyadan açılan atəş nəticəsində mülki əhalidən və hərbçilərimiz arasından şəhid və yaralılarımız oldu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz buna qarşı dərhal adekvat reaksiya verdi və Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı.

Əks-hücum əməliyyatının elə ilk günündə ordumuz tərəfindən düşmənin müdafiə xətti yarıldı və yeddi kəndimiz azad edildi. Daha sonra Azərbaycan Ordusu daha bir qələbəyə imza ataraq Murov zirvəsini azad etdi. Bütün bunlar onun göstəricisidir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu siyasəti yüksək səviyyədə aparılmışdır.

Burada xüsusilə onu qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində dünyanın bir çox ölkələri Ermənistanın bu təcavüzünü qınamışdır. Xüsusilə, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması, Türkiyənin Azərbaycanı, Azərbaycanın da Türkiyəni hər zaman dəstəkləməsi öz sözünü deyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də qardaş ölkənin bütün hökumət nümayəndələri bəyan edib ki, Türkiyə daim Azərbaycanın yanındadır. İki ölkə arasında münasibətlərin bu formatı artıq bölgəyə yeni reallıqlar gətirmişdir. Ölkə başçısı cənab İlham Əliyevin xalqa müraciətində bu yeni reallıqlar ortaya qoyuldu. Azərbaycan Prezidenti bəyan etdi ki, erməni əsgəri bizim torpaqlarda ölmək istəmirsə öz ölkəsinə dönsün. Azərbaycan artıq kimisə gözləmək fikrində deyildir. Özünün hərbi potensialı, ümumxalq dəstəyi ilə torpaqlarını azad etmək əzmindədir.

Türkiyə ilə birgə müsəlman dünyasının əsas aparıcı dövlətlərindən, nüvə dövləti olan Pakistan da Azərbaycanı dəstəklədiyini açıq şəkildə bəyan etdi. Bu da öz növbəsində Azərbaycan xarici siyasətinin uğurlarındandır. Cənubi Qafqazın digər bir ölkəsi Gürcüstan da öz hava sərhədlərini ermənilərə kömək apara biləcək bütün hava reysləri üçün bağladı. Gürcüstan hökumətinin bu qərarı onu göstərir ki, onlar iyul əməliyyatları zamanı etdikləri səhvi anlamışlar.

Paşinyan hökumətinin populist çıxışları, bəzi erməni nazirlərin utopik bəyanatları Ermənistanı çox pis vəziyyətə qoymuşdur. Ermənistanın daim birmənalı dayağı olan Rusiyanın bu münaqişədə mövqeyi maraq doğurmaya bilməz. Lavrovun “Paşinyanın ifadələri sülh prosesinə mənfi təsir göstərir” deməsi və bunu Azərbaycan parlamentinin başçısı ilə görüşdə səsləndirməsi yeni reallıqların daha bir sübutu idi. Belə ki, artıq Rusiya Ermənistana açıq dəstək vermək fikrində deyildi. Təbii ki, bunun bir sıra səbəbləri vardır. Ən başlıca səbəb Azərbaycan və Türkiyənin xarici siyasətini qarşılıqlı koordinasiya etməsidir. Digər bir səbəb isə Paşinyan hökumətinin Rusiya ilə yaşadığı problemlərdir. Doğrudur, Rusiyada mətbuatda və digər dairələrdə erməni lobbisinin təsiri yenə də mövcuddur. Ancaq bu, Rusiya xarici siyasətinə hazırkı vəziyyətdə ciddi təsir eləmir. Rusiyanın ehtiyatlı davranışını milli xarici siyasətimizin uğurlarından hesab edə bilərik.

Bütün bu proseslərin gedişi onu göstərir ki, artıq Azərbaycan Ermənistana, onu açıq və gizli dəstəkləyən dövlətlərə bəyan edir ki, torpaqlar azad ediləcəkdir. Trampın da bəyanatında məsələyə bir qədər etinasız yanaşması Ermənistanı və ABŞ-dakı erməni diasporunu hiddətə gətirir.

Dünya dövlətlərinin, beynəlxalq təşkilatların ermənilərin son hərbi təxribatına münasibəti Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurların aydın mənzərəsini yaradır. Hər zaman qeyd edildiyi kimi, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Bu sənədlər 25 ildən artıqdır ki, kağız üzərində qalıb. Münaqişənin sülh danışıqları əsasında həllində maraqlı olan Azərbaycan hər zaman işğalçı dövlətin danıqlardan müxtəlif bəhanələrlə yayınmasının şahidi olub. Eyni ab-hava problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində özünü büruzə verir. Belə ki, missiyalarını regiona nəticəsiz səfərləri ilə bitmiş hesab edən həmsədrlər hələ də işğalçını adı ilə çağırmaq haqqında düşünmür. Belə olan təqdirdə Azərbaycanın işğal altında olan torpaqlarını hərb yolu ilə azad edəcəyi qaçılmazdır. Ermənilərin 27 sentyabr hücumları onlara ciddi dərs olmalıdır. Azərbaycan Ordusu əks-hücum əməliyyətlarına keçməklə Ermənistan silahlı qüvvələrinin bu gücün qarşısında dayanmaq imkanında olmadıqlarını sübut etdi. Möhtərəm Prezdentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu əminliyi ifadə etmişdir ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər: “Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.”

Bəxtiyar Nəbiyev,

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini,
YAP Zahid Xəlilov 23 (BDU) ƏİPT-nin sədri, dosent