11 mart 2020 20:55
2970

Bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəyik

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dövlətimizin başçısı İlham Əliyev ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən deputatlara bu çağırışı etdi ki, fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan

Ölkə Prezidenti İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır.” Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, Azərbaycan öz siyasətində müstəqildir, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin qurulmasında və inkişafında beynəlxalq hüquq normalarına xüsusi önəm verir. Dövlətimizin başçısı, eyni zamanda, bildirir ki, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq.

Azərbaycan dövləti siyasətində müstəqil olduğunu atdığı hər addımında təsdiqləyir. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, müstəqil iqtisadi siyasət həyata keçirə bilən dövlət siyasətində müstəqil ola bilər. Azərbaycanın adı bu sahədə də nümunəvi ölkə kimi vurğulanır. “Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik” söyləyən cənab İlham Əliyev bildirir ki, ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır.

Bu günlərdə altıncı çağırış Milli Məclisin ilk iclasında da ölkə Prezidentinin əsas diqqət göstəridyi məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin ölkəmizə qarşı aparılan əsassız kampaniyalara qarşı adekvat cavablar oldu. “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın” söyləyən dövlətimizin başçısı bu əminliyi ifadə etmişdir ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Azərbaycan parlamenti bu işdə fəal olacaq.

Qeyd etdiyimiz kimi, bu günün əsas reallıqlarından biri budur ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas yaradır. Son 16 ildə iqtisadi sahədə əldə edilmiş uğurlara diqqət yetirsək, onların miqyasının nə qədər geniş olduğunu görərik. Bu dövrün statistikasına dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil. Ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 4,8 faizə enib. Əməkhaqqı, pensiya, müavinətlər son 16 ildə on dəfədən çox artıb. Ölkə Prezidentinin ötən il təsdiqlədiyi iki sosial paket əsasında əməkhaqqı, pensiya iki dəfə artıb. Cari ilin yanvarından isə əmək pensiyalarının məbləği 16,6 faiz artırıldı. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi son 16 ildə 270 milyard dollara çatıb. Təkcə ötən il bu rəqəm 13,5 milyard dollar olub. Valyuta ehtiyatları ötən il 6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb. 2020-ci ilin ilk aylarında isə daha bir milyard dollar artaraq 52 milyard dollara çatıb.

Təbii ki, bu statistikanı davam etdirə bilərik. Təkcə enerji sektorunda əldə olunan uğurlara diqqət yetirmək kifayətdir ki, Azərbaycan dövlətinin  xalqımız, ölkəmiz, həmçinin qitə üçün nələr etdiyini görək. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsi başa çatmaq üzrədir: “...yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.”

Azərbaycanın 28 illik müstəqillik tarixində iqtisadi imkanlarının genişlənməsi fonunda artan siyasi çəkisinə, yeri və roluna istinad edərək  qarşıdakı 10, 20 ilin aydın mənzərəsini yaratmaq mümkündür. Bu da ondan irəli ki, Azərbaycan dövləti hər dövrün çağırışını yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Məhz bunun nəticəsidir ki, ölkəmiz 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq oldu, iqtisadi inkişafı ilə dünyanın diqqətini özünə çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim diqqət yönəltdiyi müqayisəli təhlillər Azərbaycanın bugünkü inkişafını şərtləndirən amillərə bir daha işıq salır. Bu fakt hər zaman önə çəkilir ki, dünyada Azərbaycandan da zəngin neft ölkələri var. Amma bu resurslar heç də o ölkələrə uğur gətirmir. Əhali arasında kasıb və varlı təbəqəyə bölünmə prosesi sürətli hal alır. Lakin ölkəmizin iqtisadi strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müqayisəli şəkildə işlənib hazırlanması bütün problemlərdən uğurla çıxmasına stimul verir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, bu fonda neft gəlirlərinin ilbəil artması və şəffaflıq prinsipi əsasında idarə olunması ölkənin hərtərəfli inkişafını təmin edir. Azərbaycan iqtisadi inkişaf modeli ilə beynəlxalq qurumların hesabatlarında da öz birinciliyini qoruyur. Bu gün ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanması, ən əsası ən islahatçı ölkə kimi reytinq cədvəllərində birinciliyini qoruması da deyilənlərin təsdiqidir. “İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır” söyləyən ölkə Prezidenti bildirir ki, kadr islahatları aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Bundan sonra da mərkəzi, yerli icra orqanlarında, dövlət qurumlarında təmizləmə işləri aparılacaq: “Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.”

Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə qazandığı uğurları önə çəkərək, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirən amillərdən də bəhs etdi. Deputatlara çağırışlarını çatdıran cənab İlham Əliyev vurğuladı ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. İstər əvvəlki, istərsə də hazırkı dövrdə fəallığın yüksək olduğunu xüsusi qeyd edən ölkə Prezidenti fəallığın daha da yüksək olmasının vacibliyini diqqətə çatdırdı: “Bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır.”

Dövlətimizin başçısı hər bir çıxışında bəyan edir ki, bu günümüzün əsas çağırışı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Problemin həllində də Azərbaycan öz müstəqil siyasətini bəyanatları və atdığı addımları ilə dünyaya nümayiş etdirir. Məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini ən yüksək tribunalardan bəyan edən cənab İlham Əliyev bu faktı da diqqətə çatdırır ki, ədalət ən böyük meyardır. Beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. İstər 2019-cu ildə, istərsə də cari ilin ötən dövründə Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurlara diqqət yetirmək kifayətdir. “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən dövlətimizin başçısı İlham Əliyevin bu bəyanatı işğalçı Ermənistana və onun havadarlarına ciddi mesajdır.

Dünyanın ikili siyasətinin yaratdığı problemləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanmasında daha aydın görmək olur. İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi Bakı daim  bəyan edir ki,  Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar.

İşğalçı Ermənistanın müstəqilliyinin formal xarakter daşıması, bu və ya digər dövlətin əlində vasitəyə çevrilməsi onun münaqişənin həlli ilə bağlı mövqeyində də özünü qabarıq şəkildə büruzə verir. Aydın məsələdir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri müxətlif adlar altında işğalçı Ermənistana dəstək göstərdikləri üçün bu ölkə münaqişənin həllində yalnız bu qurumun vasitəçiliyini qəbul edir. Rəsmi Bakı isə ən yüksək tribunalardan bəyan edir ki, münaqişənin həllində bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır. Azərbaycan dövlətinin bu addımı, istəyi ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina kimi dəyərləndirilə bilməz. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan xarici ianələrdən asılı vəziyyətdədir. Dövlətimizin başçısı bildirir ki, əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi.

Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli formatda apardığı  uğurlu siyasətin nəticəsidir ki, əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır,  yeni tərəfdaşlar qazanır. Azərbaycanın öz xarici siyasətində önəm verdiyi bu prinsip hər zaman önə çəkilir: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir.”

Bir sözlə, bu gün müstəqilliyi formal xarakter daşıyan işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İşğalçı dövlətdə bu gün iqtisadi durumun, demoqrafik vəziyyətin hansı səviyyədə olduğu bəllidir. Ermənistandan kütləvi tərketmələr daha da intensivləşib.

Qısa təhlil əsasında Azərbaycanın  müstəqil siyasətinin biri-birindən əhəmiyyətli uğurlara yol açıdığı öz təsdiqini tapır. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında bu çağırışı etmişdir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq.”

Yeganə Əliyeva, “İki sahil”