KÖŞƏ

Qvami Məhəbbətoğlu

Bütün Qarabağ gülüstana çevriləcək

15 oktyabr 2020 17:35
2308

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, işğalçı Ermənistan ordusunun yaşayış məntəqələrimizi  intensiv ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 15-i saat 12-yədək 43 nəfər həlak olub, 218 nəfər isə xəsarət alıb. Həmçinin 1592 yaşayış evi, 79 çoxmənzilli yaşayış binası və 290 mülki obyekt  yararsız vəziyyətə düşüb. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir.  Bu günədək Tərtər şəhərinə minlərlə mərmi düşüb. Elə gün olub ki, bu kiçik şəhərə 2 saat yarım ərzində mindən çox mərmi atılıb. Həmçinin Ağdamda, Goranboyda, Ağcabədidə, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də vəziyyət belədir.

Lakin bütün bunlar “Evim də batsın, malım da batsın, təki Qarabağ alınsın” deyən insanlarımızı qorxutmur, onların əhval-ruhiyyəsinə mənfi təsir göstərmir. Dinc əhali beynəlxalq hüquq normalarına məhəl qoymayan erməni barbarlarının bu cinayət əməllərini terror  kimi qiymətləndirirlər. Törədilən terror aktlarının itkisiz ötüşməməsinə baxmayaraq,  sakinlərimiz mətinlik nümayiş etdirirlər: bu mətinlikləri ilə ordumuzu növbəti zəfərlərə səsləyirlər. Ermənistanın siyasi-hərbi rəhbərliyinin təxribatlarına və mülki Azərbaycan əhalisinin hədəfə alınmasına cavab olaraq keçirilən uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğalçı ölkənin silahlı qüvvələrinə ciddi zərbələrin vurulması da bunu bir daha təsdiq edir. Şübhəsiz, bütün bunlar həm də Ermənistana böyük psixoloji zərbədir.

Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində  həlak olanların ailələrinə və yaralanan şəxslərə dövlət səviyyəsində yüksək qayğı göstərilir. O ki qaldı… dağıdılmış yaşayış evlərinə, binalara və yararsız hala salınmış mülki obyektlərə… Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində evlərə, binalara, obyektlərə dəyən zərərlərdən danışarkən bildirmişdir ki, əhali  buna görə əsla narahat deyil. 2016-cı ilin aprel ayında Ermənistan ölkəmizə hücum edəndə Ağdam və digər cəbhəyanı bölgələrdə təqribən 1000-dən çox evin dağıldığını və onların qısa zamanda bərpa olunduğunu qeyd edən Prezident vurğulamışdır ki, hazırda zərər çəkən binalar, təsərrüfatlar da qısa zaman kəsiyində bərpa ediləcək. Üstəlik, bunlardan başqa, atəşlər nəticəsində mal-qarasını itirənlərlə bağlı da konkret addımlar atılacaq: “Mən artıq tapşırıq verdim, hesablamalar aparılır, kim nə qədər ev heyvanı itirib, o da veriləcək… Bu, mənim şəxsi nəzarətimdədir. Bunu hər kəs bilir və mənim tapşırıqlarımı yerinə yetirəcəklər.” Bu o deməkdir ki, erməni terrorundan zərər çəkənlərin  problemini özünün bir nömrəli problemi adlandıran Prezident İlham Əliyevin Azərbaycan vətəndaşının təkcə xoş günlərində deyil, həm də çətin, ağır vəziyyətlərində yanında olmasının, onların kədərlərini bölüşməsinin daha bir bariz nümunəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyev müsahibələrində düşmən işğalından azad edilmiş yaşayış məskənlərimizlə bağlı da öz fikirlərini bildirmişdir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiyanın RBK televiziya kanalına müsahibəsində qeyd etmişdir  ki, həmin ərazilərdə hər şey dağıdılıb: “Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar. Bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik... Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq.” Bir sözlə, işğaldan azad edilmiş bütün torpaqlar Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndi kimi gülüstana çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, indi bu kəndin qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də var. İşğaldan azad edilmiş digər şəhər, qəsəbə və kəndlərimiz də bu yaxınlarda belə abadlığa, əmin-amanlığa qovuşacaq.