04 dekabr 2020 19:28
661

Cənubi Koreyada karantin rejimi daha da sərtləşdirilib

Cənubi Koreyada son günlər COVID-19 virusuna sutkalıq yoluxma hallarının əhəmiyyətli dərəcədə çoxalması səbəbindən paytaxt Seulda karantin rejimi yenidən sərtləşdirilib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, şəhər meriyasının qərarı ilə dekabrın 5-dən başlayaraq hər gün saat 21:00-dan sonra bütün ümumi məkanların, o cümlədən ticarət mərkəzlərinin, kinoteatrların, tədris kurslarının, gözəllik salonlarının fəaliyyətinə 2 həftəlik qadağa tətbiq olunacaq. Yalnız kiçik ərzaq mağazalarının və gündəlik tələbat malları dükanlarının 24 saat fəaliyyət göstərməsinə icazə veriləcək. Restoranlar isə çatdırılma və "al-apar" prinsipi ilə işləyə biləcək. Bundan başqa, 10 milyon sakinin yaşadığı Seulda ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılacaq, sutkalıq rejimdə çalışan ictimai məkanların fəaliyyəti isə dayandırılacaq. Dövlət qurumlarının gündəlik işə çıxan əməkdaşlarının sayı 50 faizi ötməməlidir.

Qeyd edək ki, virusa yoluxma hallarının çoxalması səbəbindən noyabrın 24-də paytaxt Seulda və ətrafında karantin rejimi sərtləşdirilmişdi. Həmin qərarla gecə klublarının fəaliyyəti dayandırılmış, kafe və restoranların, qapalı idman zallarının fəaliyyəti saat 21:00-dan sonra qadağan olunmuşdu. Ötən ayın əvvəlində Seulda gündəlik 30-50 yoluxma qeydə alınırdısa, artıq noyabrın 18-də bu rəqəm 3 rəqəmli ədədlə ifadə olunurdu. Ötən sutka Cənubi Koreya paytaxtında 295 yoluxma, ölkə üzrə isə 629 yoluxma qeydə alınıb ki, bu rəqəm martın 2-dən sonra ən yuxarı göstəricidir.