31 may 2020 16:07
1234

Çempionatımız başlayır

İyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunları bərpa olunması ilə bağlı qərar qəbul edilib.

“İki sahil” Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclasında qəbul edilib.

İclasda qəbul edilən digər qərarlara əsasən Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunacaqlar. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər.

Qərara əsasən Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək.

Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.

Həmçinin, “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.

 Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Xatırladaq ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.

Elxan Məmmədov nitqində ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar futbol ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.