06 dekabr 2019 21:49
215

Çin “Tesla” avtomobillərinin istehsalına subsidiya ayıracaq

Çin hakimiyyəti Şanxaydakı zavodda Amerikanın “Tesla Model 3” avtomobillərinin istehsalına subsidiya ayıracaq.

Bu barədə Çinin Sənaye Nazirliyi məlumat yayıb.

Qurum “Tesla Model 3” modelini istehsalçıları hökumət dotasiyası ala biləcək yeni enerji mənbəli avtomobillərin siyahısına salıb. Subsidiyalar Şanxaydakı “Tesla” zavoduna veriləcək. Amerika kompaniyası bu müəssisədə həftədə min avtomobil istehsal etməyi planlaşdırır. Həmin zavodda “Tesla Model 3” avtomobillərinin ilk partiyası 2020-ci il yanvarın 25-də buraxılacaq.

Yeni enerji mənbələri ilə işləyən avtomobillər elektrik akkumulyatoru və ya hidrogen yanacaq elementli hibrid mühərriklə çalışan nəqliyyat vasitələridir. Çin belə avtomobillərin satış həcmini 2025-ci ildə bazara çıxarılacaq avtomobillərin ümumi sayının 25 faizinə çatdırmağı planlaşdırır.

Qeyd edək ki, 2003-cü ildə əsası qoyulan “Tesla” kompaniyasının mənzil qərargahı ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir.