10 iyul 2020 18:56
1172

COVID-19: Bəşəri kabus

Dünya dövlətlərinin narahatlıq və təlaşının əsas səbəbkarına çevrilmiş koronavirusun yaratdığı fəsadlar səngimir. Artan statistik göstəricilər də onu göstərir ki, dünya ölkələri pandemiya ilə mübarizə dövründə yumşalma tədbirləri həyata keçirməyə tələsdilər. Mütəxəssislərin fikrincə, hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol məhdudiyyətlərin yenidən tətbiq olunmasıdır. Əks halda, hər şey nəzarətdən çıxa bilər.

Bu gün  bəşəriyyət COVID-19 pandemiyasından xilas olmağın yollarını axtarır. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və müəyyən etdiyi qaydalara və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mübarizə metodlarına nə dərəcədə riayət edilməsi göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, yoluxma sayına görə ilk onluğa ABŞ rəhbərlik edir. Sonrakı yerlərdə isə Braziliya, Böyük Britaniya, İtaliya, Meksikadır. Statistik məlumatlara əsasən, dünyada koronavirusa yoluxma sayı 12 milyonu ötüb.  Pandemiya 554 mindən artın insanın həyatını itirməsinə səbəb olub.

COVID-19-la bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatında yoluxma hallarının ciddi artımı qeydə alınıb. Həmin ştatların səhiyyə departamentlərinin nümayəndələri bildiriblər ki, xəstəxanalara və reanimasiyaya yerləşdirilən pasiyentlərin sayı xeyli artıb və ciddi çarpayı problemi yaranıb. Çin pandemiyanın ölkədə bitmə sevincini yaşasa da, bu “xoşbəxtlik” uzun çəkmədi. Vətəndaş məsuliyyətsizliyi və gigiyenik qaydalara yetərincə əməl edilməməsi ölkədə virusun yenidən baş qaldırmasına səbəb oldu. Portuqaliyanın paytaxtı Lissabonda bütün mağaza və kafelərin axşam saat 9-dan sonra fəaliyyət göstərmələri qadağan olunub. Portuqaliyanın paytaxt bələdiyyəsinin ərazisinə daxil olan 15 rayonda bir sıra fəaliyyət növləri, o cümlədən ticarət və xidmət obyektlərinin iş saatları məhdudlaşdırılıb. Avstriyada da yoluxma halları artmağa başlayıb. İyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları sürətlə artdığına görə rəsmi qurumlar önləyici tədbirlər görməyə başlayıblar. Avstraliyanın bir neçə şəhərində təcrid rejimi altı həftəlik müddətə bərpa olunur. Bu ərazilərdə yaşayan insanlara iki nəfərdən çox toplaşmaq, qonaq getmək qadağan olunub. İaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək. Karantin zonalarında yaşayan əhali evlərini yalnız işə, həkimə və mağazaya getmək üçün tərk edə bilər.  İspaniyada da vəziyyət ürəkaçan deyil. Ekspertlər hesab edirlər ki, İspaniyada virusa yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni, orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub. Bundan başqa, 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi virusa yoluxub. Bolqarıstanda da vəziyyətin pisləşdiyi barədə məlumatlar yayılır. Ölkə paytaxtında bütün qapalı ictimai müəssisələrdə sakinlərdən yenidən qoruyucu maskalardan istifadə etmələri ciddi tələb edilir. Bu tələbi pozanlar cərimə olunurlar. Yoluxma hallarının artması, ilk növbədə, əhalinin böyük qisminin sanitar normalara və sosial təcridlə bağlı tələblərə biganə yanaşmalarıdır. Vəziyyətin ağırlaşması ilə bağlı Bolqarıstanda kütləvi mədəni tədbirlərin keçirilməsinə yenidən müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanılıb. Bütün qapalı müəssisələrdə, o cümlədən teatrlarda, konsert və idman zallarında hər kəsdən maska taxması tələb olunur.

Pandemiya vəziyyətində heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edilə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkənlər inkişaf etmiş ölkələrdir. İndi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Azərbaycanla eyni sayda əhalisi olan bəzi inkişaf etmiş dövlətlərdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 minlərlə ölçülür. Ölkəmizdə isə bu günlər sağalanların sayı əvvəlki günlərə nisbətən artmaqdadır.

Göründüyü kimi, dünyanın əksər ölkələrində pandemik vəziyyət nəzarətdən çıxsa da, Azərbaycanda durum tam nəzarət altındadır. Ölkəmizdə bu virusa yoluxanların və ölənlərin sayı daha azdır. Bunun əsas səbəbi isə zamanında tətbiq edilən karantin rejimi, həyata keçirilən zəruri operativ və təxirəsalınmaz tədbirlərdir.  May ayında həyata keçirilən yumşalma tədbirlərinin gözlənilən nəticə verməməsi qısa zamanda karantin rejiminin yenidən sərtləşdirilməsinə zəmin yaratdı. Sevindirici haldır ki, Azərbaycanın aidiyyəti qurumları sərt karantinin, məhdudiyyətlərin tətbiqinə digər dünya dövlətləri kimi gecikmədi.

Bəzi Avropa ölkələrində karantin elan olunsa da, onun tətbiqi üçün şərait yaradılmayıb, bəzi ölkələrdə, ümumiyyətlə, vətəndaşı taleyin ixtiyarına buraxıblar, Azərbaycanda isə belə deyil, karantin rejiminin tətbiqi üçün bütün lazımi şərait yaradılıb. Koronavirusla mübarizə tədbirlərinin nümunəviliyinə görə Azərbaycan başqa dünya ölkələrindən üstün mövqedədir. Təbii ki, koronavirusla mübarizədə nümunəviliyimizi, digər ölkələrlə müqayisədə qazanılan uğuru saxlamaq istəyiriksə , o zaman əsas yük həm də vətəndaşların üzərinə düşür. Onlar karantin qaydalarına, qadağalarına məsuliyyətlə əməl etməli, ciddi yanaşmalıdırlar.Yəni, vətəndaş olaraq təcrid səylərimizi, məsuliyyətimizi, diqqətimizi artırmalıyıq, maksimum səfərbər olmalıyıq. Bundan başqa,  vətəndaş-dövlət birliyi, sosial məsuliyyəti gücləndirmək, cəmiyyətə ancaq rəsmi informasiyalar çatdırmaq lazımdır. Bəzi vətəndaşlarımız tibbi maskadan istifadə etməməklə, sosial məsafəni ictimai yerlərdə gözləməməklə özləri də bilmədən neçə-neçə insanın həyatını təhlükəyə atırlar. Əslində, sağlamlıq naminə bu qaydalara əməl etmək heç də çətin deyil: tibbi maska taxaq, əllərini qoruyucu vasitələrlə, spirtlə və digər məhlullarla dezinfeksiya edək və sosial məsafə saxlayaq.

Yaqut Ağaşahqızı, “İki sahil”