10 iyul 2020 18:58
1204

COVID-19: Əhalinin sağlamlığını və makroiqtisadi sabitliyi qorumaq da əsas şərtdir

Son 30 ilin ÜDM artımına görə Azərbaycan MDB-də birincidir

 

Dünya Bankı 1990-2019-cu illərdə keçmiş sovet respublikalarının ümumi daxili məhsulunun artım tempini hesablayıb. Hesabatda 1990-cı illə müqayisədə ÜDM-in ən yüksək artım tempinin Azərbaycanda olduğu göstərilib. Belə ki, 1989-cı illə müqayisədə 30 il sonra – 2019-cu ildə Azərbaycanın ÜDM-i 341% artıb. Bu göstərici Türkmənistanda 318%, Tacikistanda 305%, Özbəkistanda 242%, Ermənistanda 225%, Qazaxıstanda 219%, Gürcüstanda 179%, Moldovada 133%, Belarusda 126%, Qırğızıstanda 125%, Litvada 112%, Estoniyada 96%, Latviyada 94% və Rusiyada 24%-dir. Siyahıdan da göründüyü kimi, Azərbaycan 15 keçmiş müttəfiq respublika arasında şəksiz liderdir.

Məhz iqtisadiyyatımızın inkişafındakı tempi qorumaq üçün  pandemiyadan əvvəl və hazırkı epidemiya dövründə də bəzi addımlar atılıb. Bu, bir reallıqdır ki, dünyanı ciddi şəkildə təşvişə salan koronavirus pandemiyası təkcə insan sağlamlığına deyil, eyni zamanda, makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərir. Beynəlxalq miqyasda son 4-5 ayda pandemiya ilə aparılan mübarizə hələ də effektiv nəticəsini vermir. Bu isə hələ gələcək zamanlarda da həm insan sağlamlığına, həm də iqtisadiyyata ciddi zərbələrin dəyəcəyinə işarədir. Hətta iqtisadçıların qənaətincə, bir çox ölkələrin iqtisadiyyatında 4 faizədək azalmalar gözlənilir.

Bununla belə, Avropa Yenidənqurma və İnkişaf Bankının regional iqtisadi perspektivlərə dair hesabatında bildirilib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq. Ekspertlər vergi güzəştləri və məşğulluğa dəstək tədbirlərinin iqtisadi artıma şərait yaradacağını bildirirlər.

Azərbaycan dövlətinin özəlliyi ondadır ki, bu böhran şəraitində belə iqtisadi və sosial layihələrin icrası davam edir. Xüsusilə koronavirus pandemiyasının vurduğu zərərlərdən az itki ilə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün Azərbaycan hökuməti effektiv qabaqlayıcı tədbirlər həyata keçirir. Məqsəd həm də iqtisadiyyata dəyən zərəri minimuma endirməkdir. Məhz pandemiya dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması və qeyri-neft sənayesinin inkişafı bunu təsdiqləyir.

Pandemiya dövründə ölkəmizdə yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan digər sosial layihələr kifayət qədərdir. Belə ki, son 3 ayda Bakıda «Yeni klinika» tibb müəssisəsi,  «Bakı Tekstil Fabriki» MMC- nin nəzdində  yaradılan tibbi maska istehsalı müəssisəsi, modul tipli bir neçə xəstəxana kompleksləri, «Gilan Tekstil Park»ın tibbi maska fabriki, qoruyucu kombinezonların istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Həmçinin bu dövrdə  MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksi, «Azərenerji»nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi istifadəyə verilib. Bunlardan başqa Xızıdan Sumqayıt şəhərinə magistral qaz kəmərinin çəkilməsi, paytaxtın Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində piyada keçidinin inşası, Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidən qurulması kimi ciddi işlər həyata keçirilib.

Çox təqdirolunası haldır ki,  Prezident İlham Əliyev bu layihələrin hər birinin açılış mərasimində iştirak edərək öz xeyir-duasını verib. Yəni, bütün bunlar pandemiya dövründə ölkəmizin başçısının təşəbbüsü ilə irəli sürülərək reallığa çevrilən sosial-iqtisadi layihələrdir. Həqiqətən də qlobal böhran dövründə bu cür layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Bu uğurları şərtləndirən amillər isə əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticələridir.

Hər bir ölkədə pandemiya səbəbindən elan edilən karantin rejiminə görə əhalinin sosial durumu ilə bağlı müxtəlif proqramlar tətbiq edilib. Azərbaycanda isə Prezident İlham Əliyevin təsdiqlədiyi böyük iqtisadi-sosial paket çərçivəsində dövlət dəstəyi proqramları qəbul edilib. İşləməyən vətəndaşların maaşını dövlət ödəyir, sahibkarlara və muzdla işləyənlərə yardımlar, güzəştlər göstərilir, bir sözlə, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Artıq pandemiya nəticəsində zərərə məruz qalmış sahibkarlara 100 milyon manata yaxın maliyyə dəstəyi göstərilib.

Qəbul edilmiş bu proqramlara, ümumilikdə, 3,5 milyard manat həcmində vəsaitin ayrılması da təsdiq edir ki, indiyədək Azərbaycan tarixində heç vaxt bu həcmli maliyyə tutumlu iqtisadi-sosial paket təqdim edilməyib. Azərbaycan həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verib. Ümumiyyətlə, ölkəmizin koronavirusla ümumbəşəri mübarizə istiqamətində göstərdiyi maddi-texniki, mənəvi dəstək jestləri dünya birliyi tərəfindən təqdir edilir. İndiyə qədər ölkəmiz 30-dançox dövlətə maddi və mənəvi yardımlar göstərib və bu da onlar tərəfindən minnətdarlıqla qarşılanıb. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün 10 milyon dollar ianə verib.

Ölkə rəhbəri bütün çıxışlarında Azərbaycanın qlobal pandemiya dövründə iqtisadi imkanlarından, reallaşdırılan layihələrdən, etibarlı tranzit imkanlarından söz açaraq qeyd edir ki, bu çətin dövrdə də dövlət makroiqtisadi sabitliyin qorunması üçün düşünülmüş addımlar atır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən onlayn görüşündə dövlətimizin başçısı vurğulamışdır ki, pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və pandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də cənab İlham Əliyev bu məsələyə toxunaraq demişdi ki, Azərbaycan və Rusiya tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəliblər. Yəni, Azərbaycan etibarlı logistik imkanlarından qlobal pandemiya dövründə də yararlanmaqdadır.

Düzdür, bəzi tanınmış iqtisadçılar düşünürlər ki, 2020-ci il dünya iqtisadiyyatının inkişafında «itirilmiş» zaman olacaq. Onların qənaətincə, hətta nüfuzlu  beynəlxalq şirkətlərin bəziləri müflis olma həddinə çata bilərlər. Lakin Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər, Prezident İlham Əliyevin düşünülmüş iqtisadi qərarları ölkəmizin bu böhrandan az itki ilə çıxmasını təmin edəcək əsas amildir. Artıq pandemiya təhlükəsi ilə bərabər, dünya birjalarında neftin qiymətinin də birdən- birə çox kəskin şəkildə enməsi bir çox ölkələrin milli valyutalarını da ucuzlaşdırıb. Lakin Azərbaycan manatı öz stabilliyini qoruyub saxlaya bilib və şübhə yoxdur ki, bu müsbət tendensiyadavam edəcək.

Elçin Zaman, «İki sahil»