15 iyul 2019 15:49
1095

Daha 80 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı

Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi növbəti dəfə hərrac keçirəcək 

Komitədən "İki sahil"ə bildirilib ki, bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kvadratmetr ilə 3 min 312 kvadratmetr intervalındadır. Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki ticarət obyektinin faydalı sahəsi 629.9 kvadratmetrdir. Qeyd edək ki, bu dövlət əmlakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m arasındadır. Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki dövlət əmlakının faydalı sahəsi 27.9 kvadratmetrdir. 

Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45 faizini təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.

"Mitsubishi", "Fiat" və "Nissan" markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.