19 noyabr 2019 20:16
1870

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi “Azadlıq”dakı avtobusların “yolunu gözləyir”

Son illərdə Bakıda sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin (NMM) yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılması hesab edilir.

Belə layihələrdən biri də ötən il metronun “Dərnəgül” stansiyasının ətrafında istifadəyə verilmiş “Dərnəgül” NMM-dir. Bununla da, əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürülməli idi. Buradan gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi gözlənilirdi. Nəticədə günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısı alınmalı və sıxlıq aradan qaldırılmalı idi.

Lakin həmin mərkəz istifadəyə verilsə də, demək olar ki, ondan istifadə yox səviyyəsindədir: avtobuslar mərkəzə getmir. Əvəzində isə son və ilk dayanacaq kimi  “Azadlıq prospekti” metro stansiyasının qarşısındakı dayanacaqlardan istifadə edilir. Nəticə isə göz qabağındadır: taksilərin də dayandığı həmin yerdə xaotik vəziyyət və sıxlıq davam etməkdədir. Bu hal özünü pik saatlarda qarşılıqlı siqnal səsləri və sürücülərin səs-küyü, eyni zamanda, hərəkət zolağında dayanıb avtobus gözləyənin fonunda daha da kəskin formada göstərir.

Desək ki,  “Dərnəgül” NMM-nə getməyən və “Azadlıq prospekti” metro stansiyasının qarşısında hərəkət zolaqlarında dayananaq sıxlıq yaradan və digər nəqliyyat vasitələrinə əngəl törədən ancaq özəl daşıyıcılara məxsus avtobuslardır, xeyr! Elə “BakuBus”a məxsus  6, 88A saylı marştrut avtobusları ilə bağlı da vəziyyət eynidir. Hərçənd ki, “Dərnəgül” NMM istifadəyə verilərkən həmin quruma aid olan marşrut avtobuslarının da bu mərkəzdən istifadə edəcəyi bildirilmişdi.

Müşahidələrimiz isə onu deməyə əsas verir ki, bu vəziyyət sərnişinləri elə də narazı salmır. Belə demək mümkündürsə, onlar üçün indiki qaydada gedib-gəlmək daha rahat görünür. Başqa sözlə, əks halda onlar boş avtobus tapmaq üçün “Dərnəgül” metro stansiyasına getməli olacaqdılar.

Avtobus sürücüləri isə sözügedən NMM-dən istifadə etmək üçün əvvəlkindən daha çox yol qət etməlidirlər. Bu da avtobusu “Azadlıq prospekti” metro stansiyasının qarşısında “ağzına kimi doldurmağa” asanlıqla nail olan sürücü üçün yanacaq məsrəfindən və vaxt itkisindən başqa bir anlama gəlmir.

Hazırda  “Dərnəgül” NMM-də 3, 88 və 93 nömrəli marşrut avtobuslarını görmək mümkündür. Digər marşrut avtobusları üçün nəzərdə tutulan yerlər isə boş olaraq qalır.

Buradakı boşluqdan yararlananlar isə təlimçi müşayiəti altında avtomobil idarə etməyi öyrənənlərdir. Belə ki, buradakı vəziyyət onlara istədikləri manevri etməyə imkan verməklə əsl təlim meydançasını xatırladır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, “Dərnəgül” NMM-də sərnişinlərə yüksək nəqliyyat xidmətlərinin göstərilməsi üçün müasir infrastrukturun yaradılması nəzərdə tutulub. Zəruri işlər yekunlaşdıqdan sonra “Azadlıq”, “Dərnəgül” metro stansiyaları istiqamətindən hərəkət edən bütün müntəzəm xətt marşut avtobusların qeyd olunan Mərkəzdən hərəkəti təşkil ediləcək.

Xatırladaq ki, BNA ötən il yaydığı məlumatda bəyan etmişdi ki, sözügedən mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu və “BakıKart” istifadəçiləri üçün ödəmə terminalları quraşdırılıb. Ərazidə, eyni zamanda, taksi minik avtomobilləri üçün də dayanacaqlar müəyyənləşdirilərək nişanlanıb.

Ceyhun Piriyev, “İki sahil”