15 iyul 2020 19:57
1112

Dezinformasiya yayanlar: İllər ötsə də texnologiya dəyişməyib

Azərbaycanda söz və mətbuat azadlığının və plüralizmin təmin edilməsi, eləcə də  ənənəvi KİV-lə yanaşı, insanların əsas informasiya mənbəyinə çevrilən internet resurslarından, sosial şəbəkələrdən istifadəsinə heç bir məhdudiyyətin qoyulmaması vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir. Üstəlik 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin imzaladığı “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla KİV üzərində senzura aradan qaldırılıb.  Həmin vaxtdan etibarən KİV üzərində birbaşa dövlət nəzarətinin ləğv edilməsi ilə media qurumları cəmiyyətə ötürdükləri məlumatların məzmununu, yaxud yürütdükləri informasiya siyasətini özləri müəyyənləşdirirlər. Bununla belə söz və mətbuat azadlığı  KİV əməkdaşını, eyni zamanda, sosial şəbəkə istifadəçilərini heç də  məsuliyyətdən azad etmir. Digər tərəfdən, jurnalist və sosial şəbəkə istifadəçiləri hər biri Azərbaycan vətəndaşı, xalqın nümayəndəsidir. Bu baxımdan  böyük informasiya axının olduğu indiki dövrdə cəmiyyətin düzgün və qərəzsiz məlumatlandırılmasında, informasiya təhlükəsizliyinin qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşür.

Lakin göründüyü kimi, Ermənistan silahlı birləşmələri tərəfindən Tovuz rayonu istiqamətində təxribatlarının davam etdiyi, cəmiyyətin informasiyaya həssas olduğu indiki dövrdə dezinformasiya yayan, insanları çaşdıran ayrı-ayrı KİV-lərə, sosial şəbəkə istifadəçilərinə rast gəlmək olur. Onların siyahısına daim həqiqətəuyğun olmayan, böhtan xarakterli materialları ilə tanınan “Meydan TV”  başçılıq edir. Belə ki, son günlərdə bu internet resursu Azərbaycana qarşı mövqeyi ilə Ermənistan üçün əsl təbliğat platformasına çevrilib. Təsadüfi deyil ki, “Meydan TV”nin Azərbaycanla bağlı yaydığı dezinformasiyalar Ermənistan cəmiyyətində geniş oxucu rəğbəti qazanıb və bunu həmin internet resursunun sosial şəbəkə səhifələrinin şərh bölmələrində də açıq-aydın görmək olur.

Həmçinin “WhatsApp” tətbiqi cəmiyyəti çaşdıran və heç bir real əsası olmayan məlumatların yayımı  üçün “alətə” çevrilib. Bununla da ölkədə təxribatların törədilməsində maraqlı olan şəxslər və onların əlaltıları son günlərdə həmin tətbiq vasitəsilə Azərbaycan ictimaiyyətində təlaş yaratmaq məqsədilə səs yazıları yayırlar. Hərçənd ki, heç bir real fakta əsaslanmayan həmin səsyazılarının bir məqsədi var ki, o da “düşmən dəyirmanına su tökməkdir”.

Xatırladaq ki, 2014-cü il avqustunda cəbhə xəttində atəşkəsin intensiv pozulması zamanı da xoşagəlməz hallar müşahidə edilirdi. Belə ki, sosial şəbəkələr və bəzi yeni internet resursları yanlış dezinformasiyalar və ya Azərbaycan qanunvericiliyi ilə hərbi sirr kimi tövsif edilə bilən, eləcə də əhali arasında təşviş yaradan məlumatlar tirajlayırdılar. Həmin vaxt bütün bunların fonunda ölkə başçının 2014-cü il sentyabrın 24-də imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında Sərəncamı ilə bu məsələnin həllində hüquqi baza, o cümlədən konkret məsuliyyət və fəaliyyət istiqamətləri formalaşdırılıb.

Sərəncamda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlərin görülməsi, eyni zamanda, Mətbuat Şurasına hərbi sahədə ölkənin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işinin təşkil edilməsi tövsiyə edilib.

Həmin dövrdən etibarən hər iki qurum tərəfindən bu istiqamətdə xeyli işlər görülüb və belə “əməllərin” qarşısı əhəmiyyətli dərəcədə azalıb. Lakin  sifarişçisi dəyişməz olaraq qalır. Ancaq onu yerinə yetirənlərin yenə də “sapı özümüzdən olan baltalar” olması  təəssüf doğurur. Ölkə ictimaiyyəti isə dezinformasiya və cəmiyyəti çaşdıran məlumatlar yayanları hələ 1988-1992-cü illərdən tanıyır. Həmin vaxt da azərbaycanlıları Dağlıq Qarabağdan çıxmağa çağıran, müxtəlif təxribatlar törədən şərəfi, milləti və dini bilinməyən yaramazlar müxtəlif vədlərin müqabilində  eyni fəaliyyətlə məşğul idilər. Görünür, illər ötsə də onların xələflərinin istifadə etdikləri texnologiya dəyişməz olaraq qalıb.

Ceyhun Piriyev, “İki sahil”