22 avqust 2019 17:53
1213

Dostumuzun əziz xatirəsinə...

Əziz dostumuz, təəssübkeş, təvazökar, səmimi insan, uzun illər məsul dövlət işlərində ləyaqətlə çalışmış, şərəfli bir ömür yolu keçmiş Aslan Aslanovun vəfatından bir il ötür. Bu bir il ərzində Aslanın cismani yoxluğu hiss olunsa da, onun mənəvi varlığı həmişə Aslansevərlərlə birgə olmuş, gördüyü genişmiqyaslı işlərdə, xeyirxah əməllərində yaşamaqda davam etmişdir.

Aslan Aslanovla yaxından tanışlığımızın tarixi  hələ 80-ci illərin sonlarına – onun Gəncə Kənd Təsərrüfatı Akademiyasında müəllim işlədiyi dövrə təsadüf edir. Sonradan münasibətlərimizə  zəmin yaradan bu tanışlığın kökündə isə hələ o zamanlar baş verən hadisələrə və proseslərə münasibətdə oxşar baxışlar və fikirlər dayanırdı. Bu gün qürur hissi ilə deyirik ki, dostluğumuz uzun illərin sınaqlarından keçmiş və bərkimiş, eyni zamanda, bu dostluq telləri ailə üzvlərimizi də öz sərhədlərinə daxil etmişdir.

Yaxşı yadımızdadır, o vaxtlar respublikamız çətin dövrlərini yaşayırdı. SSRİ-nin o zamankı rəhbəri M.Qorbaçovun yenidənqurma adı ilə dövlətin canına sırıdığı dağıdıcı  proses ölkəni sonu bəlli olmayan bir istiqamətə sürükləyirdi. Böyük ölkənin çox yerində demokratiya adı altında seperatizm meylləri genişlənirdi.

Xüsusən ölkə qanunlarına məhəl qoymayan Dağlıq Qarabağ ermənilərinin respublikamızın parçalanmasına və ərazilərimizin bir hissəsinin vaxtilə tarixi  Azərbaycan torpaqlarında süni dövlət kimi yaradılmış Ermənistana qatılmasına köklənmiş xəyanətkar və qanunazidd hərəkətləri vəziyyəti daha da çətinləşdirirdi. Üstəlik, xain xislətli M.Qorbaçovun gözü götürməməsinin nəticəsi olaraq Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması ermənilərin əl-qolunu tam açmağa imkan vermişdi. Bununla yanaşı, daxildə yaradılan süni problemlər, qarşıdurmalar da xarici düşmənlərə qarşı mübarizədə qüvvələrin parçalanmasına gətirib çıxarır, torpaqlarımızın itirilməsi təhlükəsini yaradırdı. Digər tərəfdən, respublikamızın Qarabağ bölgəsi ilə yanaşı, qərb sərhədlərinin də ermənilər tərəfindən döyüş meydanına çevrilməsi, eyni zamanda, Borçalı bölgəsində vəziyyətin gərginləşməsi, burada azərbaycanlıların bu bölgədən çıxarılması ilə bağlı “layihələrin cücərdilməsi” və bu istiqamətdə artıq ilk addımların atıldığı bir zamanda bu arzuolunmaz proseslərin dayandırılması zamanın mütləq tələbi idi. Bütün bunların davamı olaraq 90-cı illərin əvvəllərində Ermənistan qoşunları tərəfindən öz himayədarlarının köməyi ilə ərazilərimizin bir qisminin işğal edilməsi, eyni zamanda, dövlətçiliyimiz əleyhinə baş qaldıran bəzi daxili qüvvələrin cinayətkar əməlləri nəticəsində dövlətçiliyimizin bütövlükdə məhv olması təhlükəsi yaranmışdı. Bütün bunları görmək, düzgün dəyərləndirmək, dövlətçiliyimizin əbədi olması üçün həqiqi vətəndaşlıq mövqeyini, bütün gücünü, bilik və bacarığını ortaya qoymaq lazım idi.   

Belə çətin və məsul durumda vəziyyəti düzgün qiymətləndirə bilməyən o vaxtkı respublika rəhbərliyi isə qabaqlayıcı tədbirlər görmək, dahi şəxsiyyət Heydər Əliyevi Bakıya dəvət etmək, onun nəhəng potensialından istifadə etmək əvəzinə, onun Bakıya gəlişinə maneçilik törədir, haqqında yazılan iftira dolu yazılara yaşıl işıq yandırır, bu müdrik insanın məhz həmin dövrdə, həmin anda əvəzedilməzliyini sübut etməyə çalışan insanların təqib edilməsinə şərait yaradırdı. Lakin bütün bunlar Heydər Əliyev böyüklüyünün qarşısında maneə yaratmaq gücündə deyildi. Ziyalıların mütləq əksəriyyəti qarşıdakı təhlükələri hiss edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması üçün Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb edirdilər. Bu, xalqın ümumi fikri idi, xalq Ulu Öndərin qayıdışını gözləyir və tələb edirdi. 

Bu keşməkeşli dövrdə dahi rəhbər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının alternativinin olmadığını bəyan edən insanların sırasında haqqında söhbət açdığımız, xatirəsi hər birimiz üçün əziz olan Aslan Aslanov da öncüllərdən biri idi. Aslan müəllimi başqalarından fərqləndirən əsas xüsusiyyətləri onun sözün həqiqi mənasında fəal həyat mövqeyi tutması, bu mövqeyini çəkinmədən, cəsarətlə bəyan etməsi, tapındığı inam və qətiyyət işığının ən doğru yol olduğunu sübut edə bilməsi  idi. O zamanlar həyat və idarəçilik təcrübəsinin hələ kifayət qədər olmadığına, mübarizələrdə bərkimədiyinə baxmayaraq, Aslan müəllim özünün daxili duyumu ilə hiss edirdi ki, respublikamızı düşdüyü fəlakətdən yalnız ümummilli lider Heydər Əliyev qurtara bilər və belə çətin vəziyyətdə yeganə çıxış yolu onun hakimiyyətə qayıdışındadır. Özü də bu fikirlərini hər kəsin yanında qorxmadan, qətiyyətlə söyləyirdi. Görüşlərimiz zamanı o, həmişə bir fikri də tez-tez təkrarlamağı sevərdi: “1993-cü ilin 15 iyununa qədər Yer kürəsi Azərbaycanın əleyhinə fırlanırdı. Ulu öndər Heydər Əliyev onun məhvərini tutub saxladı və Azərbaycanını xeyrinə işləməyə sövq etdi”. Zaman onun bu fikrinin necə böyük həqiqət olduğunu bir daha sübut etdi.

A.Aslanovun məhz bu cür xüsusiyyətlərini, vətənpərvərlik, təəssübkeşlik və prinsipiallıq kimi şəxsi keyfiyyətlərini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev onun hələ çox cavan olmasına baxmayaraq, etimad göstərərək onu Şəmkir kimi strateji bir rayona İcra Hakimiyyətinin başçısı təyin etmişdi. Bu məsul vəzifəyə təyin olunandan sonra Aslanın əqidəli siyasətçi və bacarıqlı təşkilatçı kimi xüsusiyyətləri bütün parlaqlığı ilə üzə çıxdı. O vaxtlar Qərb bölgəsində gedən bəzi neqativ proseslərin aradan qaldırılması və dövlətçiliyimiz əleyhinə atılan addımların dayandırılması gərgin zəhmət tələb edirdi və A.Aslanov dövlət başçısının bu istiqamətdə bütün tağşırıqlarının öhdəsindən layiqincə gələ bilirdi.

Məhz ulu öndər Heydər Əliyevin birbaşa tapşırığı əsasında o, tez - tez gürcüsütanlı soydaşlarımızla görüşər, onların problemlərini öyrənər, gücü çatdığı qədər həllinə çalışar, mövvcud vəziyyət barədə respublika rəhbərliyinə doğru, düzgün məlumat çatdırardı. Bütün bu işlər Gürcüstan azərbaycanlılarında özünə və sabaha olan inamı gücləndirdi, növbəti qaçqın fəlakətinin qarşısnın alınmasında böyük rol oynadı.

Gürcüstan azərbaycanlılarına diqqət bununla məhdudlaşmadı. Məhz A.Aslanovun təşəbbüsü ilə Tbilisidə Azərbaycanın görkəmli ziyalıları və dövlət xadimləri Fətəli xan Xoyskinin, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin dağılıb itib-batmaqda olan qəbirləri abadlaşdırıldı, N.Nərimanovun ev muzeyi təmir olundu, Tbilisidə Azərbaycan Dram Teatrının kimlərinsə “xidmətləri” sayəsində başqaları tərəfindən mənimsənilmiş binası alınaraq teatra qaytarıldı, teatrın fəaliyyəti bərpa olundu.

Şübhəsiz ki, ümummilli liderimizin Gürcüstan əhalisi arasında olan böyük nüfuzu, digər tərəfdən Heydər Əliyev və Eduard Şevardnadze kimi iki nəhəng şəxsiyyət arasında mövcud olan səmimi dostluq münasibətləri bu işlərin görülməsində həlledici rol oynayırdı. Lakin bütün bu işlərin reallaşmasında, layihələrin həyata keçirilməsində, ümumiyyətlə, respublika rəhbərliyi tərəfindən bu bölgə ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsində A.Aslanovun xidmətləri danılmazdır. Onun bu xidmətlərini dəyərləndirən Ümummilli Liderimiz bir neçə dəfə öz çıxışlarında qeyd edirdi ki, Gürcüstanda bu işləri Aslan Aslanov öz qanı və ürəyinin təpəri ilə edir, mənim tapşırıqlarımı da yerinə yetirir. Ona görə də bu fikri cəsarətlə demək olar ki, Aslan müəllim uzun müddət Gəncədən başlayaraq Qərb regionunda, həmçinin Borçalı mahalında aparılan dövlət əhəmiyyətli bütün işlərdə ölkə başçısının sözün həqiqi mənasında köməkçisi funksiyasının ləyaqətlə yerinə yetirmişdir. Ulu Öndərin onun fəaliyyətini bu cür dəyərləndirməsi A.Aslanov üçün dünyada ən böyük mükafat idi.

Qarabağda baş verənlər də Aslan müəllimi çox ağrıdırdı. Hər dəfə Qarabağ problemi ilə bağlı söhbətlərimizdə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam hissini ifadə edər, ən böyük arzusunun isə möhtərəm Prezidentimizin rəhbərliyi altında Xankəndidə qələbə paradının keçirilməsi olduğunu bildirərdi. Tez - tez Qarabağ bölgəsinə getməyi də unutmazdı. Vaxtaşırı əsgərlərlə, şəhid ailələri ilə görüşür, onlara yardım göstərilməsi işini təşkil edirdi.

Bununla belə, qeyd etmək lazımdır ki, Aslan müəllimin fəaliyyətində çətinliklər, həllini gözləyən problemlər də olurdu. Lakin o, belə məsələləri həmişə diqqət mərkəzində saxlayar, təhlil edər, çox zaman dostları ilə məsləhətləşər, vaxtında aradan qaldırmağa çalışardı. Bu da onun öz işinə necə yüksək məsuliyyətlə yanaşmasının bir göstəricisi idi. 

Aslan Aslanovun  fəaliyyəti, xidmətləri, gördüyü işlər barədə danışarkən onun bir dost kimi, sadə bir vətəndaş kimi insani keyfiyyətlərini də qeyd etməmək mümkün deyildir. Onun insani keyfiyyətləri haqqında sonsuzluğa qədər xoş sözlər söyləmək olar. Ancaq bizim üçün ən ağrılısı odur ki, bu gün əziz dostumuz haqqında keçmiş zamanda danışmalı oluruq. Zəngin, qürur duyulmalı bir ömür yolu keçmiş bu unudulmaz insan dostları tərəfindən hər zaman hörmət və ehtiramla xatırlanacaq, doğmalarının və dostlarının qəlbində əbədiyaşar bir insan kimi qalacaqdır.

R.Ağayev,

İ.Qurbanov,

N.İsayev