26 oktyabr 2020 20:09
844

Dövlət müstəqilliyimizin mayası və qayəsi – ərazi bütövlüyü

Cocuq Mərcanlıdan başlayıb Günnütdən güc alan, Böyük Mərcanlıya, Cəbrayıl və Füzuliyə – böyük qələbəyə aparan zəfər yolu

Çoxəsrlik tarixi-siyasi təcrübənin məntiqi nəticəsi olan məşhur “Müstəqillik qurban tələb edir” aforizmi milli müstəqilliyini böyük qurbanlar bahasına əldə edən Azərbaycan xalqının dövlətçilik tarixində daha bariz şəkildə öz real inikasını tapıb. Bu qurbanların ən bahalısı isə ötən əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizdən çoxunun işğal edilməsi oldu. Təbii ki, bu, aciz, qorxaq, həm də kölə xislətli mənfur ermənilərin öz şücaəti hesabına deyil, neft və milyonlar səltənəti Azərbaycanı öz müqəddəratı ilə baş-başa buraxmağa heç vəchlə razı olmayan möhtəkir müstəmləkələrin Azərbaycanı var qüvvələri ilə sındırmaq, asılı vəziyyətə salmaq istəyi nəticəsində baş verdi. O zaman ölkəmizdə gedən hakimiyyət davası, iqtidarsız iqtidarın ölkəni vətəndaş müharibəsi həddinə gətirəcək özbaşınalıqları ardıcıl, faciəvi ərazi itkilərimizlə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mövcud vəziyyətdə atəşkəsə nail olmaqla ölkəni ağır siyasi-hərbi böhran vəziyyətindən, növbəti məğlubiyyət və itkilərdən xilas etdi. Ulu Öndər Dağlıq Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq ictimaiyyəti obyektiv şəkildə məlumatlandırmaq, milli həmrəyliyə, ordu quruculuğuna, güclü hərbi kadr potensialına nail olmaq istiqamətində misilsiz xidmətləri ilə ərazi bütövlüyümüzün bərpası üçün real situasiyanın yetişməsinə rəvac verdi. 

Tarixi ədalət bərpa edilir

Uzun illər sonra – 2016-cı il aprel ayının əvvəllərində təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribata cavab olaraq qəhrəman ordumuz işğal altında olan 2000 hektara yaxın ərazimizi, o cümlədən Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Aprel döyüşləri Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcını qoymaqla bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi, Ermənistanın “məğlubedilməzlik” mifini darmadağın etdi, Azərbaycan xalqının erməni işğalı ilə heç vaxt barışmayacağını, tarixi ədalətin gec-tez bərpa olunacağını bəyan etdi. Bu dördgünlük haqq savaşı illərlə formalaşdırılan “məğlub Azərbaycan” stereotipini darmadağın edərək çoxdan bəri həsrətində olduğumuz qələbənin şirinliyini dadızdırdı bizlərə, milli ruhumuzdakı məğrurluq, müzəffərlik hisslərini oyatdı.

2018-ci ilin may ayında – Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ərəfəsində Günnüt zəfərinin qazanılması isə müstəqil dövlətimizin hərbi rəşadətini təkrar sərgiləməklə Aprel döyüşlərindəki ciddi məğlubiyyətin sarsıntılarından hələ ayıla bilməyən düşmən üçün daha böyük bir zərbə oldu. Belə ki, Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında mühüm hərbi-strateji əhəmiyyətə malik yeni mövqelər, ümumilikdə, 11 min hektara yaxın ərazi işğaldan azad olundu. Lələtəpə, Cocuq Mərcanlı qələbəsindən sonra qazanılan bu növbəti zəfər, Azərbaycanda ordu quruculuğunun tək bir istiqamətdə – Dağlıq Qarabağ çevrəsində, məhdudlaşdırılmış şəkildə deyil, bütün ölkə üzrə, geniş spektrli, çoxşaxəli aparıldığını, xüsusilə də mənfur düşmənlə üz-üzə dayanan və tarixən onun əsassız ərazi iddialarının başlıca hədəflərindən olan Naxçıvanın təhlükəsizliyinin təmin edildiyini, Əlahiddə Ümumqoşun Ordunun güclü müdafiə potensialına malik olmaqla istənilən əməliyyatı həyata keçirməyə qadir olduğunu bir daha sübut etdi. Tarixə “Uğurlu Naxçıvan əməliyyatı” kimi düşən Günnüt zəfəri haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Günnüt əməliyyatının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü göstərdi. Birincisi, Günnüt əməliyyatı ölkə Prezidentinin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Çünki muxtar respublikadakı ordu, birləşmə və hissələrin silah və texnika təminatı, şəxsi heyətin döyüş hazırlığının artırılması daim diqqətdə saxlanılır. İkincisi, bu əməliyyat Azərbaycan əsgərinin şücaətidir. Üçüncü səbəb isə əməliyyat planının dəqiq hazırlanması idi. Əməliyyatın hazırlanmasına bir il öncədən başlanıldı, ərazi öyrənildi, hərəkət marşrutları müəyyənləşdirildi, düzgün zaman seçildi və 2018-ci ilin aprel ayında əməliyyatın keçirilməsi üçün qərar qəbul olundu. Əməliyyat may ayında uğurla başa çatdırıldı, Günnüt kəndi tam nəzarətə götürüldü, ərazi minalardan təmizləndi, səngərlər qazıldı, postlar quruldu. Bununla da həm mühüm strateji yüksəkliklər, həm də Gorus-Laçın yolu Azərbaycan əsgərinin nəzarətinə keçdi. Bir çox ölkələrdən olan hərbi ekspertlər də təsdiq etdilər ki, Günnüt əməliyyatı hərb tarixində hazırlanmış ən mükəmməl əməliyyatlardandır”. İstər Aprel döyüşlərindəki tarixi qələbə, istərsə də Günnüt zəfəri BÖYÜK QƏLƏBƏnin baş məşqləri, tarixi zəfərlərə aparan yoldakı ilk uğurlu addımlar idi.

XXI əsrin lider əzəməti, sərkərdə qətiyyəti: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır”

Cənab Prezident İlham Əliyevin xalqa müraciəti zamanı dedikləri, son düşünülmüş və planlı əməliyyatlarımız nəticəsində qazanılan böyük uğurlar mənə görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanının əsas ideyasını xatırlatdı: Yalnız güclü siyasi idrakla həmin idraka söykənən güc birləşəndə qalibiyyət və zəfərlərə imza atmaq mümkündür!

Dövlət başçımızın dünyanın tanınmış kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanı ümummilli liderimiz Heydər Əliyevin Dağlıq Qarabağla bağlı vəsiyyətini tez-tez xatırlatması, bu gün əzəli Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsini həm də dahi öndərin böyük, müqəddəs məramını gerçəkləşdirmək kimi dəyərləndirməsi başqa bir mətləbi yada saldı: Ümummilli Liderimiz son müsahibələrindən birində tanınmış jurnalistimizin Dağlıq Qarabağ problemi ilə bağlı sualını zarafata salaraq cavabsız qoymuş, ictimaiyyətə açıqlanması mümkün olmayan bəzi mətləblər barədə jurnalistlə ikilikdə söhbət etmək üçün kameranın söndürülməsini istəmişdi. Bəli, hər kəsə bəlli olan həqiqəti dünyaya qəbul etdirənəcən bu müəmmalı, laübalı suallar, əslində, qəhrəmanlıq dolu bir tarixə, milli qürur və ləyaqətə malik bir xalqın qəddini onilliklər boyu əymişdir. Nəhayət, bu mübhəm suallar nəyi necə, nə vaxt etmək lazım olduğunu aydın bilən dövlət başçımızın düzgün siyasəti, qətiyyətli iradəsi nəticəsində “Qarabağ Azərbaycandır!” nidasına çevrilmiş, xalqımızın milli heysiyyətini, milli vüqarını dirçəldərək qəddini düzəltmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uzun illərin gərgin və çoxcəhətli fəaliyyəti, düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində buna nail olmuşdur.

Ölkənin xarici siyasətinin əsas prinsip və istiqamətləri müəyyən edildi, iqtisadi və demokratik inkişafa nail olundu. Azərbaycan iqtisadi qüdrətini artırmaqla, bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkana çevrilməklə dünya dövlətlərinin iqtisadi-siyasi maraq mərkəzini özündə cəmləşdirdi. Bununla dünyada öz mövqeyini möhkəmləndirdi, söz və nüfuz sahibinə çevrildi. Dövlət başçımız Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, UNESCO-da, digər nüfuzlu təşkilatlarda qazanılan siyasi nüfuzdan istifadə edərək ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha operativ çatdırmağa müvəffəq oldu.
Azərbaycanın mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə uğurlu ev sahibliyi etməsi nəticəsində ermənilərin anti-Azərbaycan təbliğatı alt-üst edildi, xalqımızın sülhsevər, qonaqpərvər, tolerant, bəşəri və dini dəyərlərə sayğı ilə yanaşan, öz milli mentalitetini sevərək qoruyub yaşadan bir xalq kimi milli imici möhkəmləndirildi. Əsaslı kadr islahatları, mühüm hərbi-siyasi postlara daha qabiliyyətli, yüksək intellektli, siyasi erudisiyaya, idarəetmə qabiliyyətinə, diplomatik səriştəyə malik, ən əsası isə sağlam məfkurəli, vətənpərvər şəxslərin, xüsusilə də gənclərin irəli çəkildi, etibarlı, güclü komanda formalaşdırıldı.
Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri ölkənin ərazi bütövlüyünün toxunulmazlığını təmin edə biləcək güclü ordunun olmasıdır. Bu illər ərzində ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları yüksəldilib. Milli Ordumuz dünyanın ilk ən güclü 50 ordusu sırasında özünə yer alıb. Azərbaycan Respublikasının Prezidenti “TRT Haber” televiziya kanalına müsahibəsində demişdir: “Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz”. Bu gün Azərbaycan hərbi sənayesinin formalaşdırılması və inkişaf etdirilməsi sayəsində Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Vətən müharibəsindəki parlaq qələbələrimiz bir daha sübut etdi ki, tankçılarımızın “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarındakı uğurları, ölkəmizin hərbi qüdrətini, ən modern silah və digər hərbi texnika ilə zənginləşmiş arsenalını nümayiş etdirən təntənəli hərbi paradlar, hərbi təlimlər heç də zahiri təmtəraq, görüntü deyil, ölkənin real hərbi qüdrətini artırmağa hesablanmış siyasətin bəhrələridir.

Cənab Prezident İlham Əliyevin oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində dediyi fikirlərlə bağlı bir mühüm məqama da diqqət yetirmək yerinə düşər. Ölkə başçımızın vurğuladığı kimi, bu gün Ermənistan hökuməti Soros və digər çirkin təşkilatların nümayəndələri tərəfindən idarə olunur. Məhz cənab İlham Əliyev siyasətinin böyüklüyü nəticəsində ölkəmiz postsovet məkanında baş vermiş çevriliş və “inqilablar”dan, xarici seperatçı qüvvələrin təsiri altına düşməkdən qorundu, Azərbaycanda möhkəm siyasi sabitliyə, stabilliyə nail olundu ki, bu da müstəqil dövlətimizin hərtərəfli inkişafının, başlıcası isə müstəqil siyasət yürütmək imkanlarının əsasını təşkil edir.

Biz sülhsevərik, lakin hərbə qadirik

Azərbaycan Respublikasının Prezidenti “…biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun” deməklə ölkəmizin sülhsevər siyasətini beynəlxalq tribunalardan dəfələrlə bəyan edərək dünya dövlətlərini və beynəlxalq təşkilatları məsələyə obyektiv münasibət bildirməyə, düzgün reaksiya verməyə səsləmişdi. Bu, bir reallıqdır ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. Avropa Parlamentinin qətnamələri Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Lakin, təəssüf ki, BMT-nin kağız üzərində qalan, az qala qanunlar külliyyatı təşkil edən keçərsiz qətnamələri, ATƏT-in Minsk qrupunun “fəaliyyətindən”, səmərəsiz danışıqlardan tarix çoxcildliyi yaranması “məsələnin hərbi həlli yolu yoxdur” aksiomunu puça çıxardı. İllərdir, Dağlıq Qarabağ kimi tektonik təhlükəli bir problemin sönmüş vulkan vəziyyətində qalması heç kimi narahat etməmiş, öz qanunlarının keçərsizliyi belə, beynəlxalq təşkilatların, dünya dövlətlərinin məsələyə münasibətini dəyişməmişdir. Əksinə, bu vulkanın uzun illərdən sonra püskürməsi – yəni Azərbaycanın yeni təxribatların, yeni ərazi işğallarının qarşısını almaq üçün adekvat olaraq öz ərazi bütövlüyünü, daha dəqiq desək, tarixi ədaləti bərpa etməyə qalxması, bəzi “ədalət mücəssəməsi” dövlətlərin, əslində isə özləri də Ermənistan kimi işğalı, seperatizmi, terroru bu və ya digər şəkildə dəstəkləyən dövlətlərin “bədbəxt”, “günahsız”, “məzlum” ermənilərdən ötrü ciddi təşviş və təlaş keçirmələrinə səbəb olmuşdu. Halbuki ölkə başçımızın da müsahibələrindən birində qeyd etdiyi kimi, sadəcə, atəşkəsə nail olunmaqla kifayətlənməyib Ermənistana işğalçı dövlət kimi sanksiyalar tətbiq edilsə, çox ciddi təzyiq göstərilsə idi, problem çoxdan, özü də sülh yolu ilə həll olunardı. Ermənistan isə bundan sui-istifadə edərək 2019-2020-ci illərdə münaqişənin həllində danışıqlar prosesini dəfələrlə pozmuş, Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qanunsuz seçkilərdən sonra Şuşada təxribatçı “inaqurasiya” mərasimi təşkil etmişdi. Ermənistan xəstə təxəyyülün məhsulu olan sərsəm bəyanatlar, yeni ərazilər uğrunda yeni müharibə təhdidləri ilə məsələni yenidən aktuallaşdırdı. İyul ayının 12-14-də Tovuz rayonu istiqamətində növbəti təxribat törətməklə Ermənistan hakimiyyəti öz daxili problemlərindən diqqəti yayındırmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycan əleyhinə münaqişəyə cəlb etmək istəyirdi. Başlıcası isə Ermənistan təcavüzkar dövlət olduğu üçün kənarda qaldığı regional enerji və infrastruktur layihələrinə zərbə vurmaqla ölkəmizdən qisas almaq istəyirdi. O, həmin layihələrdən bəhrələnən digər Avropa dövlətlərinə də zərər verməklə Azərbaycanın illərin gərgin siyasi fəaliyyətin bəhrəsi olaraq qazandığı “sabit, dinamik və sülhsevər dövlət, etibarlı iqtisadi tərəfdaş” imicini yerləyeksan etməyə can atırdı. Azərbaycanın yeganə çıxış yolu təcavüzkarı dayandırmaq, yeni ərazilər işğal etməsinə yol verməmək idi. Ölkəmiz beynəlxalq hüquq normalarına uyğun, ədalətli şəkildə müharibəyə başlamalı oldu. Dövlətimizin başçısı humanizm prinsiplərinə sadiq qalaraq dəfələrlə bəyan etdi ki, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir.

Ümummilli məfkurəyə çevrilən şüar: “Qarabağ Azərbaycandır!”

Sentyabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa ilk müraciəti ilə illərdir, işğal tarixlərini qeyd etmək kimi tarixi rüsvayçılıqdan xilas olmaq istəyən, illərdir, “Ali Baş Komandan hücum əmri verərsə” arzusunu gerçəkləşdirməyə can atan on milyonluq Azərbaycan xalqı bir yumruq kimi birləşdi, səfərbər oldu. “Qarabağ Azərbaycandır!” ümummilli ideyaya, ana mərama, milli məfkurəyə çevrildi. Xalq vaxtilə Ümummilli Liderin ətrafında bir yumruq kimi birləşərək milli birlik, həmrəylik nümayiş etdirdiyi kimi, öz müqəddəratını liderinə həvalə edərək ona böyük inam, etibar nümayiş etdirdi! On minlərlə Azərbaycan vətəndaşı döyüşə getməyə hazır olduqlarını bildirdi!                                               Azərbaycan Respublikası Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında qətiyyətlə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını ağ yalan kimi ifşa edərək dediyi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” gerçəyini müzəffər ordumuz öz hərbi qüdrəti, Azərbaycan əsgəri öz qanı ilə isbat etməyə qalxdı!

Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər kəskin siyasi bəyanat kimi tarixə düşdü. Paşinyanın sərsəm “Qarabağ Ermənistandır” mülahizəsinin sonunda işlətdiyi nöqtə işarəsi isə Ermənistanın işğalçı siyasətinə, siyasi avantürasına, yalan və iftiralarına, hiylə və məkrlərinə, eyni zamanda problemin danışıqlar yolu ilə həllinə, istənilən sülh variantına birdəfəlik nöqtə – son qoydu. Azərbaycan Prezidentinə məxsus “Nida işarəsi” isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin də vaxtilə böyük uzaqgörənliklə yazdığı kimi, “Azərbaycan üçün Böyük Qələbənin parolu və anonsu” oldu.

Ordum var ki yurdum var!

Artıq 20 gündən çoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda, yeni ərazi işğallarının qarşısını almaq üçün Vətən müharibəsi aparır. Qısa zaman keçməsinə baxmayaraq, ordumuzun əks-hücum əməliyyatları beynəlxalq hərbi-siyasi ekspertlər tərəfindən taktiki cəhətdən dəqiq hesablanmış, çox yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış əməliyyat kimi, ölkəmizin hərbi rəşadəti kimi qiymətləndirilir. Müharibə Ali Baş Komandanın da dediyi kimi, çətin relyef şəraitində, aşağıdan yuxarı getməklə, düşmənin 30 il ərzində möhkəm istehkamlarını yarmaqla aparılır. Lakin buna baxmayaraq, düşmənin dərinliklərindəki hədəflər ordumuz tərəfindən yüksək dəqiqliklə məhv edilir. Taktiki cəhətdən çox dəqiqliklə, bütün risk və təhdidlər, təhlükələr nəzərə alınaraq hazırlanmış əməliyyat planı zamanı gözlənilməz hücumlar həyata keçirilir. Müasir silahlardan eyni vaxtda istifadə edilməsi düşməni tamamilə çaşbaş salır. Şimal və cənub istiqamətlərində düşmənin strateji yüksəkliklərini, əsas əlaqə yollarını nəzarətə götürməklə, bütün Dağlıq Qarabağı mühasirəyə salmaq, düşməni təslim etmək! Azərbaycan Respublikası Prezidenti Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində də vurğulayıb ki, heç zaman bizim ordu qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu alacaqsan vəzifəsi qoymayıb. Çünki müharibənin öz qaydaları, öz qanunları var. Bizim üçün əsas məsələ ərazi bütövlümüzü bərpa etməkdir. “ən qısa müddətə maksimum ərazi tutmaq” taktikası üzrə deyil, düşməni uzunmüddətli savaşa çəkib resurslarını tükətmək, digər, xüsusən qərb sərhədlərimiz istiqamətində qoşun yerdəyişmələri aparmağa sövq etmək və canlı-texniki itkilərini maksimum çoxaltmaqla birdəfəlik sarsıtmaqdır.

Bu müddət ərzində onların S-300 zenit-raket kompleksləri də daxil olmaqla, qısa, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi məhv edildi. Ordumuz tərəfindən məhv edilən düşmənə məxsus radioelektron müdafiə (REM) sistemi – Rusiyanın qabaqcıl texnologiyaları əsasında, dronlara qarşı mübarizə aparmaq üçün hazırlanmış bir sistem elə dron hücumu nəticəsində də aradan qaldırıldı. Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilməklə hava obyektlərini daha geniş məsafədə aşkarlaya bilən, yeni iş rejimi tətbiq edilən, müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiya edilməsi mümkün olan bir radar zərərsizləşdirildi. Nəticədə, bu gün Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edilə bilir, çünki düşmən hava hücumundan müdafiə baxımından tamamilə iflic vəziyyətinə salınıb. Düşmənə vurulan bu zərər, təxminən, yarım miyard ABŞ dolları ilə ölçülür. Verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna, ümumilikdə, azı 1 milyard ABŞ dolları ziyan vurub.

Qarabağın ətrafının ordumuz tərəfindən qısa zamanda mühasirəyə alınması nəticəsində Azərbaycan Ordusu, ümumən, 4 şəhər, 2 qəsəbə, 150-dən çox kənd və bir sıra yüksəklikləri işğaldan azad etmişdir ki, bu ərazilər çox mühüm strateji əhəmiyyət kəsb edir. Murovdağ zirvəsi ermənilərin müdafiə xəttinin qırılması, Gorus-Kəlbəcər yolunun bilavasitə atəş altında saxlanılması, silah-sursat, canlı qüvvə daşınmasının qarşısını almaq deməkdir. Cəbrayıl və Hadrut Qarabağa uzanan yolda strateji bir nöqtədir. Bu nöqtədə olan qoşunlar, demək olar ki, qismən Ağdamın və Ağdərənin bir hissəsinə nəzarət edirlər. Talış kəndindən isə ordumuz həm Kəlbəcər, həm də Ağdərəyə nəzarət edə bilir. Suqovuşanın azad olunması nəticəsində ordumuz Ağdərə üçün təminat yollarına – Murov-Kəlbəcər-Tərtər yoluna nəzarət etməklə düşmənlərimizin hərbi imkanlarını məhdudlaşdıra bildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə qazanılan qələbəni isə rus hərbi ekspertləri II Qarabağ müharibəsinin gələcək taleyini həll edən qələbə, Ermənistanın ən böyük məğlubiyyəti kimi qiymətləndirirlər. Cənab Prezident İlham Əliyev də xalqa müraciət edərkən bildirdi ki, Azərbaycan Ordusu böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində Füzulini işğalçılardan azad etdi. Füzulinin azad edilməsi cənub istiqamətində həyata keçirilən ən uğurlu əməliyyat olub Azərbaycan Silahlı Qüvvələri üçün hərbi strateji baxımdan çox əhəmiyyətlidir, Şuşa şəhərinə yolun açılması deməkdir. Rəşadətli ordumuzun Zəngilan şəhərini erməni qəsbkarlarından təmizləməsi ilə Ermənistandan gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alındı. Ordumuzun Zəngilanda olması düşmənin Qubadlı istiqamətində mühasirəyə salınması və qısa zamanda təmizlənməsinin yolunu açdı. Nəticədə Qubadlı şəhəri və rayonun bir neçə kəndi, habelə Kəlbəcər rayonunun kəndləri işğaldan azad edildi. Ümumiyyətlə, Azərbaycan Ordusunun qüdrətini, mükəmməl döyüş qabiliyyətini və arsenal üstünlüklərini təsdiq edən bu qələbələrin hər biri şanlı zəfər tariximiz kimi dərsliklərə, kitablara düşəcək.

Düşmən minlərlə canlı qüvvə itki verib. Birinci Qarabağ müharibəsinin “Milli Qəhrəmanları”, Xocalı faciəsinin iştirakçıları olmuş general, polkovnik kimi yüksək hərbi rütbəlilərinin, separatçı quldur rejimin “baş prokuroru”nun məhv edilməsi “Həzrəti Haqqın zühuru” təsiri bağışlayır. Bu məğlubiyyət düşmən ordusunda iğtişaşa, kütləvi fərariliyə səbəb olub. Döyüş bayraqlarına belə, sahib çıxa bilməyən ermənilər ordumuzun qüdrəti ilə ya məhv edilir, ya da silah-sursatlarını, texnikalarını qoyub alay-alay, tabor-tabor qaçırlar. Əlacı kəsilən Ermənistan hökuməti qoca, yaşlı və qadınları döyüş bölgəsinə göndərir. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin 2 milyard dollardan çox hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb. Düşmənin məhv edilən döyüş texnikaları arasında Su-25 döyüş təyyarələri də var. Ordumuzun qənimət götürdüyü texnikanı düşmənin özünə qarşı işlətməsi onlara daha ağır mənəvi-psixoloji zərbə vurur. Bütün bunlar BÖYÜK QƏLƏBƏni lap yaxın zamanda qazanacağımıza əminlik yaradır.

Hərbi məğlubiyyəti dərinləşdikcə bununla barışmayan və ört-basdır etmək istəyən Ermənistan hər addımında öz-özünü ifşa edir. Müharibə qaydalarına, beynəlxalq hüquq normalarına məhəl qoymayan, humanitar atəşkəs rejiminin tələblərinə əməl etməməklə vasitəçi rol oynayan ölkəyə də hörmətsizlik ifadə edən Ermənistanın öz döyüşçülərinin cəsədlərinə belə, sahib çıxmaması bu ölkə üçün humanizm prinsiplərinin, insan amilinin çoxdan öldüyünü bir daha isbat edir. Ölüm anında daha da azğınlaşan yırtıcı kimi qisas hissi ilə yanan Ermənistan heç bir müharibə qaydalarına və beynəlxalq humanitar hüququn tələblərinə sığmayan əməllərə əl atır. Müharibə zonasına aid olmayan əksər rayonlarımızı, Azərbaycanın ikinci böyük şəhəri, tarixi-siyasi, mədəni əhəmiyyət kəsb edən Gəncəyə ballistik raketlərlə zərbələr endirməsi, onlarla dinc sakinin, xüsusilə də uşaqların qətliamına səbəb olması, işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə əməliyyat-taktiki raket atması (şükürlər olsun ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib), Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında start mövqeyində yerləşdirilən bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilməsi nəticəsində çoxsaylı insan tələfatının qarşısının alınması buna sübutdur. Bütün bunlar artıq Ermənistanın, konkret olaraq, hər hanısı ərazini işğal etmək baxımından təkcə Azərbaycanın deyil, terrorçu, antihumanist, soyqırımı törədən bir dövlət kimi bəşəriyyətin düşməni olduğunu təsdiqləyir. Bu isə özlüyündə laqeyd münasibət bəsləyən Beynəlxalq Antiterror Koalisiyası üzvlərinin, dünya birliyinin də üzərinə böyük məsuliyyət qoyur.

Müharibə dövrünün liderlik missiyası: Ön cəbhədə olduğu kimi, siyasi müharibədə və informasiya savaşında da qələbəni təmin etmək

Vaxtilə başabəla, hakimiyyətpərəst dövlət başçılarımızın günahı üzündən Qarabağ torpaqlarının itirilməsi kimi tarixi bir ləkəni Azərbaycanın üzərindən silmək kimi ağır, məsuliyyətli, eyni zamanda, şərəfli bir missiyanı üzərinə götürmüş Prezident İlham Əliyevin müharibə şəraitinə, gərgin iş qrafikinə baxmayaraq dövlət başçısı, Ali Baş Komandan kimi istər siyasi, istərsə də hərbi proseslərin hər anına birbaşa nəzarət edib fəal mövqe nümayiş etdirməsi onun xarizmatik liderə məxsus əzmkarlıq və qətiyyətindən, vətənpərvərliyindən irəli gəlir. Müasir dünyanın əsas liderlərindən biri kimi qəbul olunan dövlət başçımızın dəfələrlə xalqa etdiyi müraciətlər, dünyanın tanınmış kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr müasir dövrün milli hərb və siyasət tarixinin düşünülmüş şəkildə, anbaan yazılan zəfər səhifələridir.

İnformasiya müharibəsindən danışarkən qeyd etmək yerinə düşər ki, Ermənistan tərəfin XX əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində, Dağlıq Qarabağ münaqişəsinin başlanğıc mərhələsində Azərbaycanın informasiya blokadasına salınması fürsətindən istifadə edərək yalan, saxta məlumatlar yaymasının əksinə olaraq Azərbaycan hökuməti istənilən dezinformasiyanı anında və tutarlı cavab verməklə təkzib edir. Naxçıvan Muxar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərinin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən, həmçinin çoxsaylı itkilərini gizlədən sənədlərin əldə olunması aparılan uğurlu əks-kəşfiyyat işlərinə bariz nümunədir.

Ölkə başçımızın bü müddətdə xalqa müraciətlərini xronoloji və məntiqi ardıcıllıqla izləsək, siyasi-hərbi iradə və güc, qalibiyyət, müzəffərlik, qətiyyət və dönməzliyin – problemlərin bu qısa zaman kəsiyində Azərbaycanın xeyrinə necə həll edilməsinin şahidi olarıq. Dövlət başçımızın dünyanın tanınmış media qurumlarına müsahibələri, bütövlükdə, “Qarabağın Azərbaycan torpaqları kimi dünyaya tanıdılması” siyasi hərəkatı kimi dəyərləndirilməlidir. Ümummilli Liderin siyasi irsinin layiqli varisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ilk prezident məzunu, dünya siyasətində özünütəsdiqləyən siyasi lider kimi hər fürsətdə Qarabağın və ermənilərin orada məskunlaşması tarixini, Azərbaycan-Ermənistan münaqişəsinin tarixini və proseslərin gedişini, Ermənistanın təcavüzkar, işğalçı siyasətini, Azərbaycanın hərbi-diplomatik mövqeyini dünya ictimaiyyətinə çatdırır. Hərbi uğurlarımızla yanaşı, bu siyasi mübarizədə də qələbənin nəticəsidir ki, ilk vaxtlar anti-Azərbaycan mövqe tutan, necə deyərlər, suyun şırıltısına qulaq asaraq neytrallıq nümayiş etdirən bəzi dövlətlərin məsələyə siyasi münasibəti Azərbaycanın xeyrinə dəyişməyə başladı. Həqiqətpərəst, səmimi, kütləvi informasiya orqanlarına açıq olan Prezident İlham Əliyev müsahibələrində çarpaz suallara yerində, lakonik, sərt cavabı ilə də siyasi qətiyyət nümayiş etdirir. Bu müsahibələrdən də bəlli olduğu kimi, artıq yeni dünya müstəvisində, dünya siyasətinin tarazlanması prosesində Azərbaycan öz gələcək siyasi strategiyasını da müəyyənləşdirir. Böyük siyasi mədəniyyət, həssaslıq nümayiş etdirən ölkə başçımız Azərbaycanın bu haqq savaşında ilk və ən qətiyyətli müdafiəçisi olan qardaş Türkiyəyə, Pakistana, ədalətli mövqe nümayiş etdirən digər ölkələrə hər dəfə təşəkkürlərini çatdırır. Prezident İlham Əliyev Azərbaycanla eyni soykökə və tarixə, eyni milli-dini dəyərlərə mənsub olan Türkiyənin dünya miqyasında böyük potensiala malik olan güclü bir dövlət kimi bu məsələdə fəal ədalətli mövqe nümayiş etdirməklə mühüm strateji tərəfdaşımız olduğunu, “Bir millət, iki dövlət” ideyasına sadiqliyini, bu ideyanı müasir mərhələdə, yeni müstəvidə inkişaf etdirdiyini, beləliklə də defakto olaraq danışıqlar masasında iştirak etdiyini vurğulayır. Ölkə başçımız CNN-Türk televiziyasına verdiyi müsahibəsində demişdir: “Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq, təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır... Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”.

Cənab Prezident İlham Əliyev xalqa müraciətləri zamanı tarixi qələbələrimiz, düşmən tərəfin məğlubiyyət və itkisi barədə şəxsən məlumat verib onları təhlil etməklə düşmənə mənəvi-psixoloji zərbə endirir, beləliklə də siyasi qələbəni təmin etmiş olur. Dövlət başçımızın Milli Ordumuzun cəbhədəki qələbələri ilə bağlı öz sosial şəbəkə səhifəsində məlumat verib xalqı təbrik etməsi, ordumuzu alqışlaması böyük fərəh hissini xalqı ilə şəxsən bölüşmək istəyi olmaqla yanaşı, siyasi lider və Ali Baş Komandan olaraq inam və qətiyyətlə xalqın və ordunun başında dayandığını da bütün dünyaya bəyan edir. Bu siyasi jest rəhbər-xalq-ordu birliyinə ideal nümunə olmaqla, xalqda və orduda böyük ruh yuksəkliyi, inam və etibar yaradır. Prezident İlham Əliyevin çıxışları zamanı Ermənistanın baş nazirini, onun təcavüzkar siyasətini, siyasi liberallığını və acizliyini (əslində isə ümumilikdə, Ermənistanın təcavüzkar hərbi-siyasi rejimini, ermənilərin vandal, işğalçı milli simasını) öldürücü şəkildə ifşa edərək Paşinyanı rəzil və gülünc vəziyyətə, siyasi nokdauna salması ən parlaq siyasi qələbədir.

Cənab Prezident İlham Əliyev Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqləri dəf etməklə hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edərək işğalla heç zaman barışmayacağını bəyan edir. Status-kvonu öz Ali Baş Komandanına arxalanan şanlı Azərbaycan Ordusunun döyüş meydanında dəyişdiyini, təmas xəttinin məhv edildiyini bildirən ölkə rəhbərimizin siyasi əzmkarlığı, qətiyyəti sayəsində Azərbaycan artıq şərtləri diktə edən, qalib tərəfdir. Çünki: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq”.

Mehriban Sultan,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti