08 iyul 2020 16:13
1243

Dünya birliyi Azərbaycanın mövqeyini dəstəkləyir

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı “Dünya dövlətlərinin Azərbaycana olan etimadı və hörməti” mövzusunda videokonfrans formatında tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, Azərbaycan pandemiya şəraitində də qlobal həmrəyliyə, eləcə də dövlətlər arasında təmasların möhkəmlənməsinə töhfəsini davam etdirir: “Bu ilin 4 may tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupu formatında “COVID-19”a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün təşkili, eyni zamanda, orada səslənən fikirlər bunu bir daha təsdiq etdi. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır, o zaman tam əminliklə söyləmək olar ki, bu nüfuzlu quruma Azərbaycanın sədrlik etməsi, ilk növbədə, ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir. Pandemiyanın dünyanı ciddi sınaqlar qarşısında qoyduğu bir vaxtda məhz bu Zirvə görüşünün təşəbbüskarı qismində çıxış etməklə Azərbaycan növbəti dəfə beynəlxalq arenada öz nüfuzunu nümayiş etdirdi. Dövlət başçımızın “Qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışı görüş iştirakçıları tərəfindən də yüksək səviyyədə dəstəkləndi. Azərbaycanın bu çağırışı və könüllü maliyyə yardımı, həmçinin pandemiyaya qarşı mübarizədə təqdim etdiyi standart sübut etdi ki, ölkəmizin təşəbbüsləri dünyada həmrəyliyin möhkəmlənməsinə xidmət edir.”

Çıxış edən YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri Varis Rüstəmov söyləyib ki, bu ilin 18 iyun tarixində Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında növbəti Sammiti keçirildi: “Bu Sammitə ölkəmiz öz böyük töhfəsini verdi. Həmçinin dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. 130-dan çox BMT-nin üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin təşkilatın Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadının və hörmətinin növbəti göstəricisidir.”

Daha sonra çıxış edən YAP Sabirabad rayon təşkilatı Qadınlar Şurası İdarə Heyətinin üzvü Nurlana Xəlilova, Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Məmmədova və digərləri xüsusi vurğulayıblar ki, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilib. Qeyd edilib ki, bütün atılan bu uğurlu addımlar bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Cavid Əkbərov, “İki sahil”