Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Qvami Məhəbbətoğlu

Düşük hərəkətlərin acı nəticələri

26 oktyabr 2020 19:41
566

Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanları daha bu ölkənin köməyinə yetmir. Bu günlərdə işğalçı ölkənin səriştəsiz xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-dan əliboş qayıtması, CNN kanalına müsahibəsində tanınmış aparıcı Kristian Amanpourun sualları qarşısında aciz qalması bunu bir daha sübut edir. Bütün bunlar, həmçinin Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 22-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVII iclasında Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu vurğulaması Ermənistanın baş naziri Nikol Paşinyanı tamamilə məyus edib. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarına cavab olaraq sentyabrın 27-də başlayan hərbi əməliyyatlar müddətində Nikol Paşinyan dəfələrlə Vladimir Putinə zəng edərək ondan kömək istəyib. Hətta “Rossiya 1” telekanalının efirində Nikol Paşinyanın Vladimir Putinə iclas zamanı ard-arda zəng etdiyini göstərən görüntülər də verilmişdi. 

Bütün bunlar Nikol  Paşinyanın,  eləcə də onun komandasının, əgər belə demək mümkinsə, kitabının bağlanmasından xəbər verir. Amma buna  baxmayaraq, ağlını itirən, burnunun ucundan uzağı görə bilməyən, yeni-yeni yalanlar uyduran Nikol Paşinyan darmadağın olmuş ordusunu “nizama” salmaq məqsədilə qocaları, qadınları, həmçinin uşaqları döyüş bölgəsinə göndərməklə, cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərimizi raket zərbələrinə tutmaqla nəyə isə nail olmağa çalışır.

Siyasətçilərin fikrincə, hərbi məğlubiyyətinin dəhşətli və sağalmaz şokunu yaşayan Nikol Paşinyan bu addımları, həmçinin jestləri ilə Adolf Hitlerin son günlərini xatırladır. İqtisadi fəlakət, diplomatiya sahəsində, döyüş meydanında uğursuzluqlar Nikol Paşinyanın psixoloji durumunu, eləcə də onun ucbatından Ermənistanın vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, işğalçı ölkədə zəruri qida məhsullarının qiymətləri artıb, inflyasiya həddi, işsizlik göstəriciləri yüksəlib. Artıq işğalçı ölkədə yoxsulluğun səviyyəsi 50 faizə yaxınlaşıb. Bu səbəbdən gənclərin miqrasiyası artmaqda davam edir. Bir sözlə, Nikol Paşinyanın idarəçiliyi dövründə Ermənistanda sosial-iqtisadi problemlər daha da dərinləşib. Bəzi erməni siyasətçiləri bütün bunları Sorosun yetirməsi Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi  sərsəm bəyanatlarının, eləcə də Cıdır düzündə kef məclisi quraraq Şuşanı işğal edən “qəhrəman” erməni ordusunun sağlığına badələr qaldırmasının, üstəlik keflənib yallı oynamasının, arvadı Annanı hərbi geyimdə və əlində avtomat işğal olunmuş ərazilərdə erməni qadınlarına “hərbi təlim” keçməsinin nəticəsi kimi dəyərləndirirlər.

Digər tərəfdən, döyüş meydanında uğursuzluğa düçar olan Ermənistanda həm də koronavirusun yayılması sürətlənib. Son statistik rəqəmlərə əsasən, işğalçı ölkədə virusa yoluxanların gündəlik sayı iki min dörd yüz nəfəri keçir. Virusun ikinci dalğası Ermənistanın səhiyyə və sosial sisteminə çox böyük təsir göstərib. Bütün bunlar da təcrübəsizlikdə və siyasi təlxəklikdə ittiham edilən Nikol Paşinyanın olan-qalan dayaqlarını daha sürətlə sarsıdır.

Bu gün görünən budur ki, Nikol Paşinyan ölkəni daha dərin uçuruma aparır. Bundan istifadə edən başsız baş nazirin rəqibləri onu devirməyə can atır. Xüsusən Ermənistanda vaxtilə hakimiyyətdə olmuş hərbi xunta  ölkə daxilində mövqeləri tamamilə zəifləmiş Nikol Paşinyana qarşı fəallaşıb. Onların fəallaşmasında daha bir amil də mühüm rol oynayır. Belə ki, bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının “uzun və çoxillik proses” olduğunu bildirib. Üstəlik, iddia edib ki, “nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlib. Şübhəsiz,  “son iki il” deyəndə o, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrü nəzərdə tutub və dolayısı ilə hazırkı məğlubiyyətin səbəbkarlarının ondan öncəki rəhbərlər olduğunu vurğulayıb.

Siyasətçilərin fikrincə, bu kimi səbəblərdən işğalçı ölkədə siyasi vəziyyətin daha da kəskinləşməsi, cəbhədəki çoxsaylı insan itkiləri ilə əlaqədar vətəndaşların küçələrə axışması qaçılmazdır. Bir sözlə, bu günlərdə Ermənistanın sonu görünməyən siyasi böhrana qədəm qoyacağı labüddür.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?