16 sentyabr 2020 22:00
1750

Düzgün qidalanma enerjinizi artırar

"Çox yoruldum, gün ərzində özümü halsız hiss edirəm" deyirsiniz? Bu yorğunluqdan və enerji çatışmazlığından qurtulmaq üçün şəkərli və kofeinli qidalara müraciət etmək düzgün seçim deyil. Çünki enerjinizi sürətlə artıran bu qidalar və içkilər enerjinizin sürətlə də azalmasına səbəb olacaqdır.Lakin elə qidalar da vardır ki, yorğunluqla mübarizə aparmaqda faydalı hesab olunur.

 Banan

Yorğunluğun qarşısını alan qidalardan bəhs edərkən ağıla gələn ilk meyvə banandır. B qrupu vitaminləri, lif, kalium və karbohidratlarla zəngin olan banan enerji deposudur. Həm fiziki, həm də zehni yorğunluqla mübarizə aparır. Enerji ehtiyatlarını dolduran və əzələ təmirini sürətləndirən banan, həmçinin idmandan əvvəl, həm də sonra ideal bir qəlyanaltıdır.

Kakao

Tərkibində ət məhsullarından daha çox dəmir olan kakao, eyni zamanda, B vitaminləri, zülal, lif və sink baxımından zəngin bir qaynaqdır. Stress və yorğunluğu azaldaraq enerji verən ən vacib maqnezium qaynağı olan kakao, qatıq və ya smuzilərə əlavə edilə bilər.

Qatıq

Yorğunluğun qarşısını alan qidalar arasında olan qatığı istehlak etməyinizin bir çox səbəbi var. Zülal, kalsium və maqneziumun ən vacib mənbələrindən biri olan qatıq praktik və ləzzətli bir qidadır. Enerji hiss etmək və yorğunluğu aradan qaldırmaq üçün səhər tezdən və ya yorğun  bir iş günündən sonra qatıq istifadə edə bilərsiniz.

Kələm

Kələm çox zəngin C vitamini, kalsium, kalium, maqnezium və kükürd mənbəyidir. Bundan əlavə, tərkibindəki dəmir bədənin enerji istehsalını dəstəkləyir və yorğunluq hissini aradan qaldırır. Həkimlər kələmdəki xərçəng əleyhinə maddələrin şiş hüceyrələrinin bəslənməsini və böyüməsinə də mane olduğu üçün mütəmadi olaraq kələm istehlakının çox vacib olduğunu bildirirlər.

Qızıl balıq

Beyin üçün çox vacib bir qida olan qızıl balıq, zəngin omeqa-3 yağ turşularının dəstəyi ilə yorğunluq hissinin qarşısını alır. Unutmayın ki, bir çox insan yaddaş, depressiya və ürək-damar xəstəlikləri ilə yanaşı omeqa-3 çatışmazlığı səbəbindən xroniki yorğunluqla mübarizə aparır.

Fıstıq yağı

Zülal, sağlam yağlar və lif baxımından çox vacib olan fıstıq yağı, bol kalorili olduğu üçün çəki artımına təsir edəcək bir qida olsa da,  az miqdarda istehlak edə bilərsiniz. Çünki tərkibindəki kalium, E vitamini və maqnezium onu yorğunluğun qarşısını alan qidalar siyahısına daxil edir.

Yulaf unu

Zülal, lif, B vitaminləri, kalsium, dəmir və maqneziumla zəngin olan yulaf əzməsi ehtiyacınızdan daha çox enerji verərək yorğunluq hiss etməyinizin qarşısını alacaq. Enerji dolu yeni günə başlamaq üçün səhər və ya günortadan əvvəl istifadə edə bilərsiniz.

Yumurta

"Nümunəvi protein mənbəyi” olaraq tanınan  yumurta dəmir, yod, E və B2 vitaminləri baxımından da əhəmiyyətlidir və yorğunluq hissini enerjiyə çevirir. Bu səbəbdən, fitneslə məşğul olan insanların pəhrizində yumurta əhəmiyyətli bir yerə sahibdir.

 Alma

A, C, E və B6 vitaminləri ilə zəngin olan alma vacib lif mənbəyidir. Buna görə də almanın gündəlik qida siyahınıza asanlıqla əlavə edə bilərsiniz.

 Badam

Qəlyanaltı dünyasının qəhrəmanlarından biri olan badam, maqnezium, zülal, mis, E və B vitaminlərinin vacib bir mənbəyi olduğundan xroniki yorğunluğun öhdəsindən də gəlir.

Samirə İsmayılova,

“İki sahil”