KÖŞƏ

Cavid Əkbərov

Əli Kərimli Əli İnsanova biət edəcəkmi?

06 noyabr 2019 20:21
2676

Noyabrın 5-də Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə partiyanın qərargahında müxalif siyasi partiya liderlərinin və dırnaqarası siyasətçilərin iştirakı ilə “dəyirmi masa” keçirilib. Məlumdur ki, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib. Bu dəfə isə başdan-ayağa korrupsiya və rüşvətxorluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun “müxalifət birliyi”nə “pənah” gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova biət edəcəkmi?

Belə ki, əvvəlcə sözügedən toplantıda “yer davası” olub. Əslində, kimsəni ağsaqqal seçə bilməmələrində bir haqq var. Çünki, bu masa ətrafında oturanlar müxtəlif vaxtlarda bir-biriləri haqqında ən ağır, nalayiq ifadələr səsləndiriblər. İndi kimə və hansı üzlə “biət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər.

Tədbir başlayan andan aralarında qeyri-səmimilik, perspektivsizlik özünü göstərib. Müsavat Partiyasının başqanı Arif Hacılı bu tədbirdə iştirakçıların əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini bildirib. “Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Çünki tədbirdən əvvəl ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?

Müsavat Partiyasının başqanı Arif Hacılının dediyinə görə, “dəyirmi masa” heç bir ilkin şərt irəli sürmədən ölkədəki mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa, bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutulub. Müzakirələrdə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, habelə Hikmət Hacızadə iştirak ediblər.

Bəziləri ümid edirdilər ki, “dəyirmi masa”dan sonra müxalifət düşərgəsində, xüsusilə də radikalların pərakəndələşdiyi müstəvidə qarşıdurmalar və didişmələr məntiqi sonluğa varacaqdı, amma olmadı. Həmişəki kimi, populizm, şüarçılıq, pafoslu açıqlamalar və tükənmək bilməyən iddialar səsləndirildi.

İsa Qəmbər çıxış edərək söyləyib ki, burada oturanlar özlərini ağır aparırlar və təbii ki, bir-birlərinə söymürlər: “Amma etiraf edək ki, tərəfdarlarımız bunu edirlər. Düşünürəm ki, tərəfdarlarımızı bundan çəkindirməli, qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olmasının vacibliyini vurğulamalıyıq”.

Beləliklə, İsa Qəmbər ad çəkməsə də konkret ünvan göstərib, AXCP sədri Əli Kərimlini və onun tərəfdarlarını nəzərdə tutduğuna işarə vurub.

AXCP sədri Əli Kərimlinin çıxışı isə həmişəki kimi, reallıqdan çox uzaq olub. Onun nitqinin preambulasını “Milli Şura” və AXCP-nin mitinqlərinin, xüsusilə də 19 yanvar və 19 oktyabr aksiyalarının maksimum şişirdilərək az qala “milyonların yürüşü” kimi qələmə verilməsi təşkil edib. Ə.Kərimli deyib ki, birlikdə addımlaya bilməyən qüvvələr də tərəfdaşlıq etməli, harada nə edə biləcəklərini götür-qoy etməlidirlər. O, dərhal Müsavatın ünvanına “messic” ünvanlayıb: “19 oktyabr aksiyası ilə bağlı Müsavatla birgə iştirak barədə ilkin anlaşmamız olsa da, əfsuslar olsun ki, Müsavat aksiyaya qatılmadı”.

Belə ki, Əli Kərimli danışarkən İsa Qəmbər, amerikalı siyasətçilər demişkən, “qəzəblə susurdu”. Təsadüfi deyil ki, əzəli rəqiblərin, daha doğrusu, illərdən bəri qarşılıqlı ittihamlar və xəyanətlər seriyasını davam etdirənlərin çıxışlarından az sonra yerdən “Gəlin, özümüzü rüsvay etməyək” deyilib.

“Dəyirmi masa” arxasında oturanlar, danışanlar və pafosa qapılanlar arasında sabiq səhiyyə naziri Əli İnsanov da vardı. O, nazir postunda çalışdığı illərdə ən yüksək tribunalardan çıxışlarında bir qayda olaraq “genetik xəstə” adlandırdığı İsa Qəmbərin yanında əyləşmişdi.

Əli İnsanovun burada iştirak etməsi belə bir sual doğurur: özünüz hər zaman rüşvətdən, korrupsiyadan danışırsınız. Bəs vaxtilə adı sizin kimi rüşvətdə, korrupsiyada hallanan Əli İnsanov aranızda nə gəzir? Sizin üçün it olsun, qurd olsun, amma hakimiyyətə qarşı çıxsın. Taleyin ironiyasına bax ki, vəzifə səlahiyyətlərindən sui-istifadəsi, yerlibazlığı və kobudluğu ilə ad çıxarmış Əli İnsanov nə qədər gülünc olsa da, “dəyirmi masa”da “avrointeqrasiya, demokratiya” və s.dən danışıb.

Hikmət Hacızadə isə çıxışında söyləyib ki, “gəlin müzakirələrin nəticəsi kimi bir yox, dörd bəyanat hazırlayaq, onlardan birini Qərbə ünvanlayaq və deyək ki, “Qərb, kişi ol”.

Bir sözlə, “dəyirmi masa” dalandan çıxmağa çalışan, amma yanlış yol tutan adamların cəhdinə bənzədi. Müxalifət liderlərinin çıxışlarında populizm, siyasi demaqogiya, indiyədək fasiləsiz deyişmələrin təkrarı, nomenklatura düşüncəsi yenidən aydın sezilirdi. Bu, “dəyirmi masa” müxalifətin indiki durumunun sanki rentgen çəkilişi oldu.