KÖŞƏ

Cavid Əkbərov

İşğalçı Ermənistan mühakimə olunacaqmı?

29 iyun 2022 01:58
5233

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Xalqımız qürur səhifəsini yazdı, ərazilərmiz erməni tapdağından azad edildi. BMT Nizamnaməsinin 51-ci maddəsinə (dövlətlərin öz suveren ərazisini müdafiə etmək hüququ) uyğun olaraq ərazi bütövlüyümüzü təmin etdik, tarixi ədalət bərpa olundu. Beləliklə, Ermənistan və Azərbaycan arasında 30 il mövcud olan münaqişə bitdi.

Bu gün postmüharibə dövrünün reallıqları həm daxili, həm də xarici siyasətin mövcud şəraitə uyğun istiqamətlər üzrə aparılmasını tələb edir. Reallıq isə budur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  qazandığımız tarixi Zəfər ölkəmizin mövqelərini beynəlxalq arenada möhkəmləndirib, güclü, qüdrətli dövlət olaraq bərabər hüquqlara əsaslanan dostluq və əməkdaşlıq mühiti ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərini təşkil edib. Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq ictimaiyyətdə obyektiv fikir formalaşdırılması üçün müstəsna əhəmiyyət kəsb edir. Müharibənin nəticələri beynəlxalq birlik tərəfindən qəbul olunur və təqdir edilir. Lakin təəssuf ki, bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv, qərəzli mövqe də sərgilənməkdədir. Məsələn, Fransa, Niderland, Yunanıstan kimi ölkələrin ermənipərəst mövqeyi müharibə dövründə xüsusilə bütün hüquqi çərçivələri keçirdi. Azərbaycan Zəfər qazandıqdan sonra digər erməni təəssübkeşləri də işğalçıya dəstək ifadə edərək faktiki öz ərazilərində yasaq etdikləri separatizmin tərəfində dayanırdılar. Təbii ki, ayrı-ayrılıqda aparılan danışıqlar həqiqəti çatdırmaq baxımından effektiv olub. Nəticədə bu anti-Azərbaycan fəaliyyətlər xeyli səngiyib.

Son vaxtlar istər işğaldan azad olunmuş ərazilərimizdə, istərsə də dövlət sərhədlərimizdə erməni təxribatları səngimək bilmir. Beynəlxalq birlik hər zaman olduğu kimi, tərəfləri gərginliyi azaltmağa, təxribatlardan çəkinməyə və 10 noyabr Bəyanatının müddəalarını icra etməyə dəvət edir. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar yenə öz dəst-xətlərinə uyğun sadəcə çağırış edirlər, lakin bu cür təxribatlara siyasi qiymət verilmədiyi üçün gələcəkdə onların qarşısının alınması üçün zəmanət yaranmır. Bu cür yanaşma ilk növbədə beynəlxalq təşkilatların nüfuzuna xələl gətirir, onları məsələlərin həllində deaktiv edir. Yenə bitərəf yanaşma nümayiş olunur və təxribatçı adı ilə çağırılmır.

Şübhəsiz, 30 ilə yaxın müddətdə Azərbaycanın 20% ərazisini işğal altında saxlayan Ermənistanın cinayətləri sadalamaqla bitməz. Bir milyondan artıq vətəndaşımızın öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və bununla da elementar insan hüquqlarından məhrum olması, əlbəttə, 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konveniyası və onun protokollarının müddəalarını pozan cinayət tərkibli əməldir. Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə görə məhv edilməsi və zorakılığa məruz qalması, mülkiyyət hüququnun pozulması, dinc əhaliyə qarşı qeyri-insani davranış, onlara vurulan maddi və mənəvi ziyan, ümumiləşdirsək, insanlıq əleyhinə bütün cinayət faktlarını özündə əks etdirir. Bundan əlavə, Azərbaycan xalqına məxsus maddi-mənəvi və tarixi abidələrin dağıdılması, bu ərazilərin fauna və florasının qeyri-qanuni istismar etməklə məhv edilməsi, ekoloji terror, maddi sərvətlərimizin talan olunması təbii ki, beynəlxalq cinayət əməlidir və Ermənistan beynəlxalq məhkəmə qarşısında bu əməllərinə görə cavab verəcək. Bunun üçün ilk növbədə Ermənistan tərəfindən dəymiş ziyanın yerli və beynəlxalq ekspertlər tərəfindən müfəssəl dəyərləndirməsi çox vacibdir.

Yeri gəlmişkən, Ermənistanın təcavüzü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət edilib. “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə isə Azərbaycan Ermənistanı beynəlxalq ədalət məhkəməsinə verib. Azərbaycan beynəlxalq ədalət məhkəməsindən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi tələb edir.

İkinci Qarabağ müharibəsində məğlubiyyətini etiraf etmiş Ermənistan 2020-ci il 10 noyabr Bəyanatını imzalayaraq təslim olduğunu rəsmiləşdirdi. Rusiya Federasiyasının sülhməramlı kontingenti 5 il müddətinə etnik ermənilərin yaşadığı Azərbaycan ərazisində yerləşib və onlar müharibə sonrası gərginliyin azaldılması, sülhü möhkəmləndirmə missiyasını həyata keçirirlər. Azərbaycan öz suveren hüquqlarının qorunması ilə bağlı hər zaman prinsipial mövqedə dayanıb və xarici ölkə vətəndaşlarının ərazimizə qanunsuz keçməsi hallarına sərt reaksiya verib. Təəssüf ki, neqativ hallar var və Rusiya sülhməramlıları bu məsələdə daha sərt davranmalıdırlar. Əvvəlki aylarla müqayisədə belə halların sayı əhəmiyyətli azalıb, lakin məsələnin birdəfəlik həlli üçün sülhməramlıların daha məsuliyyətli davranması əsas şərtdir. Əks təqdirdə, Azərbaycan tərəfi öz suveren hüququnu müdafiə etmək hüququnu özündə saxlayır.