13 noyabr 2019 19:46
1229

Ən gözəl şeiriniz Cıdır düzünün çiçəkləri olacaq!

Dan yeri söküləndən göz küsdürən yel əsir. Yarpaq tökümü ləngiyib, qışmı tələsir, hər nədirsə, nə payız kimi payızdı, nə qış kimi qış; hərdən əsən, hərdən kəsən yellər budaqlardan yarpaq salır. Əsə-əsə çılğınlaşan yel budaqdan saldığı yarpağı düşdüyü yerdə toxdamamış tərpədir, gah ağacın gövdəsinə çırpır, gah da naməlumluğa tərəf uzaqlaşdırır. Belə görüntülərin kövrəkliyindən keçib əsgərlərimizin əhatəsinə tələsirəm...

Səngərlərə çatmışıq. Salamlaşmağa beş-altı addım qalmış ayaq saxlayıram. Ötən ezamiyyətdə bu mövqedə döyüş növbətçiliyindən qayıdanda kəlmələşdiyim, qətiyyəti, aydınlığıyla  duyulan vətənpərvərliyi könlümə yazan əsgər Valeh Rəhimov məndən səngər şeiri istəmişdi. Əsgərləri “Salam, əsgər qardaşım!”  şeiriylə salamlayıram:

Qəhrəmanlıq sorağın

düşüb hər kəndə, əsgər!

Dayandığın səngəri

köçür sərhədə, əsgər!

Xoş kəlmələr xoş ovqatı bir qədər də gözəlləşdirir. Zabit Kərim Əhmədov  bayaq dediyim misraların mahiyyətini xatırladır:

-Şeirdə deyildiyi kimi, Azərbaycan əsgərinin 2016-cı ilin Aprel döyüslərində qazandığı qələbənin, Günnüt zəfərinin  sorağı sərhədlərimizdən uzaqlarda da hər şəhərə, hər kəndə çatdı. Bu qələbələr Ali Baş Komandanın əmriylə Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbənin başlanğıcıdı siz döyüşəcəksiniz, siz qələbə qazanacaqsınız, dayandığınız  səngəri sərhədlərə siz köçürəcəksiniz, yəni torpaqlarımızı isğaldan siz azad edəcəksiniz. “Salam, əsgər qadaşım!” şeiri bunları ifadə edir, yəni Azərbaycan poeziyası, Azərbaycan  poeziyasının timsalında Azərbaycan ədəbiyyatı sizə  inanır, sizə güvənir, sizi yaranacaq əsərlərin baş qəhrəmanı bilir...

Zabitin sözünə qüvvət olaraq əsgərlərə deyirəm ki, qazanacağınız qələbəyə görə, sizə ən gözəl şeir Cıdır düzünün çiçəkləri, çiçəklərin şeh dolu ləçəklərinin titrəyişi, İsa bulağının “Qarabağ şikəstəsi”nə qarışan zənguləsi olacaq...

Əsgər Valeh Kərimov deyir ki, ilk döyüş növbətçiliyini biz də heç zaman unutmayacağıq. Həmin günün  həyəcanını, bu həyəcanın ovqatını qələbə günü könülxoşluğuyla yaşayacağıq.

Bayaqdan bəri səmimi, şirin  söhbətləşmənin cazibəsindən yan-yörəmizə  boylanmağa macalımız olmayıb: payızın son ayında, belə bir ayamda əsən yellər ön xətdə, mövqelərdə budaqlardan yarpaq salmaq qüdrətində deyilmiş. Bunu duyuram və “Əsgərlərin dönməz qətiyyəti bəzən təbiətə də hökm etmək gücündə olur”, - deyirəm. Zabitin  məmnunluq hopan baxışlarının eynini ayrı-ayrı mövqelərdə də görmüşəm. Bu bənzəyişi əsgərlərin yüksək döyüş və mənəvi-psixoloji hazırlığının bənzəyişi bilirəm. Zabit  ürəyimdən keçənləri duyubmuş kimi deyir:

-Bayaq başqa hərbi hissədə bir əsgərin dediklərini xatırlatdınız: “Əsgər döyüş növbətçiliyini Vətən sevgisiylə qoşa aparır...”. Obrazlı deyilib, məzmunlu, düşündürücü deyilib. Tanımaza-bilməzə həmin əsgərə təşəkkürümü bildirirəm. İnanıram ki, bizim əsgərlərimiz də belə  düşünür.

Əsgər Şərif Süleymanovun söhbətə qoşulması əsgərlərin düşüncələrinin döyüş növbətçiliyiylə bağlılığına vəsilə olur:

Hərbi xidmət haqqında düşüncələrimiz yeniyetməlikdən, çağırışaqədərki dövrdə genişlənir. Bizdən bir-neçə yaş böyüklərə, hərbi xidmətdən qayıdan qohumlarla, qonşularla söhbətlər hərbi xidmət haqqında biliklərimizi artırıb. Bilmişik ki, döyüş növbətçiliyində olacağıq, yəni düşmənlə üz-üzə dayanacağıq. Döyüş növbətçiliyinin nə olduğunu həmin vaxtlardan bilsək də, ilk döyüş növbətçiliyinin həyəcanını əsgər yoldaşlarım kimi mən də heç zaman unutmaram. Dediklərini xatırlatdığınız əsgər hamımızın mənəvi qardaşımızdı. Çox gözəl deyib, həqiqətən də döyüş növbətçiliyini əsgər özünün  Vətən sevgisiylə qoşa aparır.

Şərif döyüş növbətçiliyinə gedən  əsgərləri göstərir:

Onların da bizim kimi düşündüyünə əmin olun. Döyüş növbətçiliyinə gedən əsgər daha güclü olur. Bu anlarda o əsgərlər mən də daxil olmaqla hamımızdan güclüdür.

Sonuncu fikir də “Döyüş növbətçiliyini əsgər özünün Vətən sevgisiylə qoşa aparır” fikri qədər düşündürücüdü, könüləyatımlıdı; vətənpərvərlik baxımından əvvəlki fikri gözəl tamamlayır. Bu tamamlamamı hərbi xidmətin qüdrəti bilirəm.

Söhbətimiz hərbi xidmətlə davam edir. Əsgər Sabir Həsənov deyir ki, hərbi xidmət Vətən qarşısında borc ödəməkdi. Bunu biz də bilirik, yeniyetmələr də, çağırışçılar da. Əsgər olaraq hamımız Hərbi anda, dövlətə sədaqətlə xidmət edirik.  Biz də bilirik ki, hərbi xidmət əsgəri həyat üçün olduqca gərəkli olan xarakter əsasında formalaşdırır. Bunu mənə atam deyirdi, hərbi xidmətdə özüm də əmin  olmuşam.

Mən soruşmaq istəyirdim ki, zabit Kərim Əhmədov soruşur:

-Gərəkli xarakter deyəndə nəyi nəzərdə tutursan?

-Hərbi xidmət bizə məsuliyyətlilik öyrədir, sədaqətlilik duyğusunu dönməzləşdirir, ünsiyyətçilliyi inkişaf etdirir, Vətən, torpaq, dövlət haqqında düşüncələrimizi dərinləşdirir, - əsgər dostluğunu yaşatmağın gərəkliyini öyrədir. - əsgər qətiyyətlə cavab verir.

Sabirin maraqla dinlənilən kəlmələri, zabitə də, əsgərlərə də mənə də könülxoşluğu verir. Ön xətdə, səngərlərdə belə könülxoşluğunu çox yaşamışam. Heç biri digərinə bənzəməyib. Zabitin əsgərin  dediklərinə, münasibəti də belə bir könülxoşluğuna dönür:

-Diqqətçəkən bu düşüncə əsgərin mənəvi hazırlığının səviyyəsinin göstəricisidir. Yüksək döyüş hazırlığı bu səviyyədə mənəvi-psixoloji hazırlıqla tamamlanan əsgər, əlbəttə ki, güclü əsgərdir. Əminəm ki, ordumuzun bütün əsgərləri belə düşünür. Əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq, torpaqlarımız işğaldan azad ediləcək.

Gizir Şamxal Kərəmov döyüş  hazırlığını yüksəldən, təkmilləşdirən təlimlərdən, əsgər Vidadi Həsənov mənəvi-psixoloji hazırlığı artıran müxtəlif tədbirlərdən danışır. Əsgər Elçin Qasımov əsgər Sabir Qasımovun dediyi bir mətləbə toxunur - əsgər dostluğunun yaşadılmasının gərəkliyinə:

-Əsgər yoldaşımız Samir Həsənov tərxis edildikdən sonra Qazaxdan bölüyümüzə, yəni hamımıza bir məktub göndərmişdi. Yazdıqları hamımızın yadındadı. “Özüm tərxis olundum, ürəyim sizin sıranızda xidmətini davam etdirir...” - cümləsi hamımızı kövrəltdi. Əsgər dostluğunu mülki həyatda Samir kimi yaşadacağıq.

-Samirin məktubu həm döyüş əzmimizi, qələbə ruhumuzu artırdı, həm də bir daha əmin olduq ki, əsgər dostluğu son nəfəsəcəndi, - əsgər  Vilayət Sərdarov əsgər dostunun sözünə qüvvət olaraq belə deyir. Səmimiyyətlə, inamla  deyilən  kəlmələri səmimiyyətlə, inamla dinləyirik. Elçinin dediklərini Vilayət tamamlamışdı, Vilayətin  dediklərini zabit  tamamlayır:

-Onda hamınız bir daha əmin oldunuz ki, hərbi xidmət müharibə şəraitində tərxis olunmaqla tamamlanmır...

Bugünkü səngər söhbətinin belə məntiqi, vətənpərvərlik baxımından gərəkli, dəyərli  sonluğu ürəyimizi telləndirir...

Xeyli əvvəl  deyilsə də, “Qalib Azərbaycan əsgərinə ən gözəl şeir Cıdır düzünün çiçəklərinin şeh dolu ləçəklərinin titrəyişi, İsa bulağının “Qarabağ şikəstəsi”nə qarışan zənguləsi olacaq” fikrini “Hərbi xidmət müharibə şəraitində tərxis olunmaqla tamamlanmır” fikrinin davamı bilirəm; elə bil ürəyimizə damıbmış ki, belə bir fikir deyiləcək...

“Ən gözəl şeirin  səslənəcəyi günə  az  qalıb - Ali Baş Komandanın döyüş əmri, döyüşlər, qazanılacaq qələbə və həmin şeir...” - deyirəm. Zabit qürurla əsgərlərə baxır. Əsgərlər bu qürurun boyuna çatan inamla  deyirlər: Bəli, həmin günün ərəfəsindəyik. Həmin şeirə sarı gəlirik, Cıdır düzü!..

Rəşid Faxralı