27 oktyabr 2020 18:44
613

Ermənistan üçün nə beynəlxalq siyasi, nə də humanitar hüquq normaları var

İşğalçı Ermənistan illərlə baza prinsiplərinə, mərhələli həll variantına qarşı pozucu mövqe tutmaqla işğala əsaslanan status-kvonun saxlanması üzərində dayandı. Azərbaycan işğala söykənən status-kvonu saxlamağın mümkünsüz və perspektivsiz olduğunu Ermənistana da, onun havadarlarına da sübut etmək üçün çox mübarizə apardı və mümkün olan son həddə qədər kompromislərə sadiqliyini qorudu.

Ermənistan baza prinsiplərinə və danışıqlara hörmətsizlik etdiyinə görə Azərbaycan Ordusunun gücü status-kvonu dəyişdirməyə qadir ən böyük qüvvə kimi ortaya çıxmağa məcbur oldu.

Ermənistanın faşist rəhbərliyi 10 oktyabr və 18 oktyabr tarixli humanitar atəşkəs razılaşmalarına əməl etməməklə bir daha sübut etdi ki, bu dövlət danışıqlarla əraziləri qaytarmaq kimi hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb. Ermənistan rəhbərliyi həm 10 oktyabr atəşkəs razılaşmasına qədərki dövrlərdə, həm də ondan sonrakı günlərdə mahiyyətli danışıqlarda maraqlı olmadığına heç bir şübhə yeri qoymayıb. Hətta öz hərbçilərinin meyitlərinin döyüş meydanından yığışdırılmasında maraqlı olmaması qəti təsdiqləyir ki, Ermənistan rəhbərliyi üçün nə beynəlxalq siyasi, nə də beynəlxalq humanitar hüquq normaları var.

Ermənistanın baza prinsiplərinə qarşı inkarçı və dağıdıcı mövqeyi sentyabrın 27-də ən böyük hərbi əməliyyatlara gətirib çıxardığı kimi, bu gün də məhz Ermənistanın günahı üzündən müharibə uzanır, ölüm və dağıntılar baş verir, mülki azərbaycanlılar qətlə yetirilir.

Hazırkı müharibənin başlanmasının və uzanmasının bütün məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərindədir. Ermənistan hazırkı mövqeyini davam etdirəcəyi təqdirdə sözsüz ki, zərbələrin ən böyüyü də onun özünə dəyəcək. Ermənistan hər şeyin nəzərdə tutulduğu baza prinsiplərindən uzaq qaçdığı üçün Azərbaycanın Ali Baş Komandanı və ordumuz baza prinsiplərinin əhəmiyyətli hissəsini təşkil edən status-kvonu öz gücü və təzyiqləri altında dəyişdirdi. Ermənistan üçün digər baza prinsipləri üzərində danışıqlar masasına qayıtmaq imkanı hələ də qalır. Ermənistan bundan sonra da qalan baza prinsipləri üzərində danışıqlara qayıtmasa, proseslər onun üçün daha dağıdıcı və məhvedici formalar alacaq. Artıq Azərbaycanın imkanları və gücü var ki, status-kvonu dəyişdirməkdən başqa digər baza prinsiplərini də özü həyata keçirsin. Bu isə o deməkdir ki, Ermənistan danışıqlara gəlməyəcəyi halda Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərtlərini də birtərəfli qaydada diktə edə bilər.

Ermənistan rəhbərliyinin baza prinsipləri üzərində danışıq masasına qayıtmaqdan daha real yolu qalmayıb.

Cavid Əkbərov, “İki sahil”