KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

26 noyabr 2020 10:36
581

Ermənistanda vəziyyət: Siyasi qeyri-sabitlikdən məyusluq və mühacirət dalğası

Koronavirus pandemiyasının iqtisadi fəsadları az imiş kimi, həm də müharibənin ağır itkiləri ilə də üz-üzə qalan Ermənistan iqtisadiyyatı təlatümlü günlərini yaşamaqdadır. Belə görünür ki, əhalini sakitləşdirmək məqsədi daşıyan şişirdilmiş məlumatlar da işə yaramır. Artıq belə məlumatların saxta və yetərsizliyi səbəbindən “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistan hökuməti ilə əməkdaşlığa xitam verib. Agentlik Ermənistanın paytaxtı İrəvana “B+” səviyyəsində verdiyi, uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini (IDR) geri çağırıb.

İkinci Qarabağ müharibəsi başlayandan Ermənistan dramı 5 faizə yaxın ucuzlaşıb. Bir dollar 485 dramdan 507,5 drama qalxıb. Valyutadəyişmə məntəqələrində 1 dolların alışı 510 drama, satışı isə 522 drama yüksəlib. Ermənistan Mərkəzi Banki maliyyə bazarlarını izləməyə davam etdiyini, lazım gələrsə qiymətlərin və maliyyə sisteminin sabitliyini təmin etmək üçün bütün alətlərini tətbiq edəcəyini bildirib.

Əslində Ermənistan Mərkəzi Bankının bu açıqlaması da səmimi deyil və bu, sadəcə, əhaliyə təsəlli verməkdir. Reallıqda dramın ucuzlaşması idxaldan asılılığı böyük həcmdə olan Ermənistanda qiymətlərə necə təsir etməsini təsəvvür etmək elə çətin deyil. Üstəlik bu proses davamlıdır və bu, vəziyyətin getdikcə daha da gərginləşəcəyindən xəbər verir.

İqtisadçı Karlen Xaçatryanın sözlərinə görə, dramın devalvasiyası inflyasiya təzyiqləri yaradır və iqtisadi proseslər kökündən dəyişməzsə, dram dəyər itirməyə davam edəcək. İqtisadçıya görə, mövcud hökumətin ölkənin üzləşdiyi iqtisadi problemləri həll etmək üçün kifayət qədər potensialı yoxdur: “Bu hökumətin ilk 7-8 ayından sonra effektiv iqtisadi siyasət həyata keçirə biləcək kadr potensialına sahib olmadığı məlum oldu. Büdcə və vergi siyasəti baxımından çox irəliləməmişik. Başqa sözlə, 2 il yarım müddətdə bütün iqtisadi blokda nəzərəçarpacaq bir irəliləyiş görmədik. Bu, bir tərəfdən uzunmüddətli planların olmaması, digər tərəfdən, qeyri-peşəkar kadr potensialının nəticəsidir”.

Professor Gagik Vardanyan isə xatırladıb ki, Ermənistanın həm xarici, həm də daxili borcu böyüyüb və bu, davam edəcək. O vurğulayıb ki, ölkəsinin yığılmış sosial-iqtisadi və təhlükəsizlik problemlərinin həlli dövlət borcunu artırmadan mümkün deyil: “Dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin 2020-ci ilin sonuna qədər 65 faizə çatacağı və 2021-ci il üçün 63,2 faiz olacağı gözlənilir. Ancaq epidemiyanın sosial-iqtisadi nəticələrinin Qarabağ müharibəsinin yaxın gələcəkdə daha çox hiss ediləcək təsirlərinə əlavə olunduğunu nəzərə alsaq, 2021-ci ildə bu nisbətin artması mümkündür”.

Ermənistandakı “Kentron” əmlak agentliyinin direktoru Vahe Danielyan müharibə günlərində və müharibədən sonra əmlak bazarındakı problemlərdən danışarkən deyib ki, bir çox insan siyasi qeyri-sabitlikdən məyusdur və sərmayə qoymaq istəmirlər, ölkəni tərk etmək üçün mənzillərini satmaq istəyirlər və bununla da böyük bir mühacirət dalğası yaranıb: “İndi mənzil alanlardan daha çox satıcı var, şirkətimiz vasitəsi ilə ev alan müştərilər var idi, qiymətlər qalxanda baha qiymətə satmağı təklif etdik, amma razılaşmadılar. İndi zəng vurub ucuz qiymətə satacaqlarını deyirlər. Niyə belə qərar verdiklərini soruşanda deyirlər ki, burada bir gələcək görmürlər, bu pulu başqa bir ölkəyə yatırmaq istəyirlər”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhinə görə, istehlak Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. 2019-cu ildə ev təsərrüfatı istehlakı xərcləri ÜDM-in 82,8 faizini təşkil edib. Qeyd edilib ki, Ermənistandakı iqtisadi göstəricilər istehlakın daralmasını şərtləndirir. Pul köçürmələrində azalma, aşağı real əmək haqları, virusla əlaqəli məhdudiyyətlər, işsizlik, müəssisələrin fəaliyyətinin dayanması, qeyri-müəyyənliklər və gözləntilərin pisləşməsi ev təsərrüfatlarının istehlakını azaldır. ÜDM-in 11 faizi nisbətində olan pul baratları Ermənistanda ÜDM artımının vacib və ən dayanıqlı amilidir və özəl istehlakı dəstəkləyir. Bu, iqtisadiyyatın xarici amillərdən yüksək dərəcədə asılılığını nümayiş etdirir. Rusiya pul köçürmələrinin əsas mənbəyi olduğundan, Ermənistana xarici valyuta axınları neft qiymətləri volatilliyinə məruz qalan Rusiya iqtisadiyyatından əhəmiyyətli dərəcədə təsirlənir. İşsizlik və artan yoxsulluq səviyyəsi ev təsərrüfatlarının istehlakının azalmasına səbəb olur. Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistanda işsizlik səviyyəsini 2020-ci ildə 22,3 faiz və 2021-ci ildə 21,1 faiz həddində proqnozlaşdırır.

Mərkəzin şərhində bildirilib ki, oktyabr ayında BVF 2020-ci il üçün ÜDM-də 4,5 faiz azalma proqnozlaşdırır. Son iqtisadi qeyri-müəyyənliklər, siyasi qeyri-sabitlik Ermənistanda birbaşa xarici investisiyaları daha da azaldır. “Economic Intelligence Unit” 2020-ci ildə məcmu investisiyaların ÜDM-ə nisbətində 6 faiz azalma proqnozlaşdırır. Ermənistanda COVID-19 üzrə adambaşına düşən infeksiya səviyyəsinin olduqca yüksək olduğunu nəzərə alaraq, səhiyyə xərcləri də büdcəyə böyük yük olur.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?