KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Evdə oturaq, dövlətə mane olmayaq! #EvdəQal

26 mart 2020 20:33
1575

İnsanımız məsuliyyətsizdir. Bunu koronavirus pandemiyasıyla bağlı elan edilmiş karantin rejiminə münasibətdə müşahidə edirik. Elan edilib ki, yaşı 65-dən yuxarı olanlar evdən çıxmasınlar. Baxırıq, hər tərəfdə bu yaşdan yuxarı insanlar rahat-rahat gəzib dolaşır. Niyə bayıra çıxdıqlarını soruşanlara “get, işinlə məşğul ol” deyənləri də görürük.

İnsan öz taleyinə bu qədər biganə yanaşa bilərmi? İnsan bu qədər məsuliyyətsiz ola bilərmi? Bilməz əlbəttə! Olmamalıdır həm də!

Karantin rejimi ona görə elan edilib ki, dövlətimiz biz vətəndaşların taleyini təminat altına almaq istəyir. Başqa ölkələrdə yaşlı insanları taleyin öhdəsinə buraxırlar. Hətta xəstələndikləri halda reanimasiyaya belə almayan ölkələr var. Azərbaycansa belə davranmır. Əksinə, yaşlıların taleyini daha çox düşünür, onların immunitetinin təbii olaraq zəiflədiyini nəzərə alır, mümkün qədər bu kateqoriyadan olan insanları da qorumağa çalışır Azərbaycan dövləti.

Burada insanlarımızdan heç nə tələb edilmir. Sadəcə, məşhur bir filmdə deyildiyi kimi, “lotereya almaq” tələb olunur ki, həyatda qala bilsinlər. O “lotereya” da dövlətin qoyduğu qaydalara əməl etmək – evdə oturub sakitcə gün keçirməkdən ibarətdir. Bu qədər sadədir məsələ. Di gəl ki, insanımız bunu da qulaq ardına vurur.

Belə anlaşılır ki, bunlar məsələnin ciddiliyini tam dərk etmirlər. İstər-istəməz bağırmalı olursan ki, ay insanlar, ölüm qapınıza qədər gəlsə də ölüm-qalım seçiminiz də var. İstifadə edin bu seçimdən. Özünüzü məsuliyyətsizliyə qurban verməyin. Anlayırıq, evdə oturmaq, davamlı şəkildə dışarı ilə əlaqəni kəsmək asan deyil. Lakin dışarı çıxdığınızda öldürücü virusa yoluxa biləcəyinizi anladığınız halda necə bunu edə bilirsiniz axı?

Yaşlılar bir yana, digər insanlarımız da məsuliyyətsizlik edir. Belə anlaşılır ki, yumşaq karantin rejimi bir çox insanlar üçün yetərli deyil. Onların üzündən ölkədə fövqəladə vəziyyət elan etmək lazım gələcək yəqin. Çünki karantin vəziyyətində insanlara yumşaq tövsiyələr verilirsə, fövqəladə vəziyyətdə artıq imperativ – əmredici göstərişlər veriləcək. Yəni, evdə otur! Gərəksiz yerə küçələrdə gəzmə! İznsiz bayıra çıxma! Sözə baxmadığın təqdirdə cəzalancaqsan! Hətta həbsə də atılacaqsan!

İndi bizim bəzi insanlarımız bunumu istəyir? İstəyir. Davranışlarından belə anlaşılır.

Bir daha qeyd edirik: Azərbaycan dövləti vətəndaşın rahatlığını da düşünərək tədbirlər görür ki, bu pandemiyadan ölkəmiz – insanımız ən az itki ilə çıxsın. Bu günə qədər görülən tədbirlər, dünya ölkələrindəki durumla Azərbaycandakı durumun müqayisəsi, yoluxanların və ölənlərin sayının nisbətən az olması onu deməyə əsas verir ki, dövlətimiz düzgün taktika seçib. Bu taktika effekt verir və ona görə də dövlətin seçdiyi taktikaya biz vətəndaşlar da tələb olunan dəstəyi verməliyik! Verməyə borcluyuq! Öz həyatımız, öz canımız, öz sabahımız üçün bunu etməliyik!

Uzun sözün qısası, dövlətimiz bizi qorumaq istəyir. Özü də təmənnasız. Bunun üçün bizdən heç bir zəhmət – fədakarlıq tələb edilmir. Sadəcə dövlətə mane olmamaq tələb edilir. Gəlin, dövlətimizə mane olmayaq. Gəlin, evimizdə – ailəmizin içində qalmaqla dövlətimizə bu işdə kömək edək. Çoxmu çətindir? Məncə, deyil. Şəxsən özüm günlərdir evin içindəyəm, yalnız ərzaq almaq üçün dışarı çıxıram. Açığı, heç günün nə vaxt gəlib keçdiyini də fərq edə bilmirəm. İllərdir evin içində yığılıb qalan işlər bir yandan, gündəlik işlərimiz də digər yandan üst-üstə gəlincə göz açmağa belə vaxtımız yoxdur. Mənim taleyimi dövlətim düşünür, arxayınam, rahatam. Bundan gözəl nə ola bilər axı?

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?