22 noyabr 2019 19:19
972

“Facebook”a rəqib platforma: “WT: Social”

Vikipediyanın həmtəsisçisi Cimi Uels üzvlərin ianələri ilə maliyyələşəcək yeni bir sosial media platforması qurdu: “WT: Social”

C.Uels platformasının indidən 160 mindən çox istifadəçisi olduğunu söylədi.

“Facebook”-a rəqib olaraq görülən yeni platforma “məlumatları və reklamları satmaqla deyil, əksinə istifadəçilərin ianələri ilə özlərini maliyyələşdirəcəklərini” bildirdi. Platformaya qoşulmaq istəyənlər əvvəlcə gözləmə siyahısına salınacaq və digər istifadəçiləri də dəvət etmələri istəniləcək. Və ya istifadəçi olmaq istəyənlər pullu üzvlük seçimini də edə bilərlər.

WT: Sosial “xəbər yönümlü” bir platforma olduğunu və üzvlərin “yanlış” xəbər başlıqlarını dəyişdirə biləcəklərini ifadə etdi.

İstifadəçilər bu yeni sosial platformada digər istifadəçilərin paylaşdığı məqalələri görə biləcəklər. Əvvəlcə ən yeni məqalə, sonra digər məqalələr maraqlara uyğun qurulmuş alqoritm ilə göstəriləcəkdir.

Üzvlük İngiltərədə ayda 10 funt sterlinq, ildə 80 funt sterlinq, Avropada ayda 12 avro, ildə 90 avro, ABŞ-da ayda 13 dollar, ildə isə 100 dollar təşkil edir.

“WT: Social”ın giriş mesajında belə deyilir:

“Öz seçimlərinizi etməyinizi, istədiyiniz məzmunu seçməyinizi, yanlış başlıqları dəyişdirməyinizi və ya paylaşımlarla əlaqədar problemlərinizi bildirməyinizi təmin edəcəyik.”

Cimi Uels Financial Times qəzetinə verdiyi müsahibədə, böyük sosial şəbəkələrin üstünlük verdiyi “reklam yönümlü iş” modelinin problemli olduğunu söylədi. C.Uelsin sözlərinə görə, bu modellə qazananlar ən yüksək qazanan, lakin ən aşağı keyfiyyətli məzmun təklif edənlərdir.

2017-ci ildə C.Uels saxta xəbərlərlə mübarizə aparmaq üçün ianələrlə idarə olunan “Wikitribune” xəbər platformasını qurdu.

Lakin 2018-ci ilin oktyabrında platforma peşəkar jurnalistlərdən ibarət olan heyətini azad etməli oldu.

“WT: Social” Vikipediyadan asılı olmayan fərqli bir quruluşdur.

Sosial media məsləhətçisi Zoye Keyrns nəhəng rəqiblərinin qarşısında dayanıqlı olması üçün platformanın mümkün qədər tez istifadəçi sayını artırmalı olduğunu söyləyir.

Z.Keyrns  “Çox miqdarda pul xərclənməlidir. İnsanlar ödənişsiz sosial mediaya çox alışıblar. Şirkətlər bunun üçün pul ödəyə bilər, amma insanlar xəbərləri barmaqlarının ucuyla sərbəst əldə etməyə öyrəşiblər” deyə bildirdi.

Röya Rasimqızı, “İki sahil”