29 yanvar 2020 16:46
1133

Gimnast: Ölkəmi dünya kuboku yarışlarında təmsil etmək böyük şərəfdir

Gimnast Selcan Maqsudova bildirib ki, o, bütün gücünü Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda uğurlu çıxışa yönəldəcək.

"İki sahil" Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Selcan qeyd edib ki, bu yarış onun ilk Dünya kuboku olacaq:

“Yarışlara biz 2019-cu ildə hazırlaşmağa başlamışıq, ilin sonundan etibarən gücləndirilmiş məşqlər keçirik. Dünya kuboku mənim üçün doğma Milli Gimnastika Arenasında keçiriləcək və mənim üçün azarkeşlərin dəstəyi vacibdir. Ölkəmi Dünya kubokunda təmsil etmək böyük şərəfdir və mən inanıram ki, layiqli çıxış edəcəyəm”.

Gimnastın sözlərinə görə, Dünya kubokunda ciddi rəqiblər olacaq:

“Rusiya, Kanada, Yaponiya, Çin, Belarus nümayəndələri çox güclüdür. Onlar mühüm yarışlarda iştirak edib və yüksək nəticələr əldə ediblər”.

Qeyd edək ki, Selcan Maqsudova fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut gimnastikası üzrə yarışlarda çıxış edəcək.