07 oktyabr 2019 10:27
212

Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir

Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir

“Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik...

Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.”

Dövlətimizin başçısının bu fikirlərinə istinad etsək İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında  yeni bir mərhələ kimi dəyərləndirilən Rusiya Federasiyasına işgüzar səfərinin əhəmiyyəti daha aydın dərk olunur, istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə edilir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər  uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. İki ölkə arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.

“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də V.Putin bu rəqəmləri xüsusi diqqətə çatdırmışdır ki, keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub: “Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.” Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, təsdiq edilən “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Göründüyü kimi, qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müsahiblərinin birində “Siz Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirirsiniz” sualına cavabında keçilən yolun, birgə həyata keçirilən layihələrin təhlili fonunda bu əminliyi ifadə etmişdir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası iki ölkə arasındakı bugünkü münasibətlərə, ən əsası Azərbaycanın artan nüfuzuna, işğalçı Ermənistanın isə zəifləyən mövqeyinə bir daha işıq saldı. Rusiyanın işğalçı Ermənistana daha yaxın olması inkaredilməz faktdır. Lakin bu isti münasibətlərdə Nikol Paşinyandan sonra soyuq küləklərin əsdiyi heç kəsə sirr deyil. Ermənistanın baş naziri hər addımı ilə bu sərinliyi daha da dərinləşdirir, eyni zamanda, özünə qarşı soyuq münasibətin şahidinə çevrilir. N.Paşinyanın ötən il Rusiyaya reallaşdırdığı hər bir səfər dünya mətbuatında geniş müzakirəyə səbəb olmuşdur. Təqdim olunan görüntülərdə Rusiya Prezidentinin Ermənistanın baş naziri ilə görüşmək istəməməsi, sanki bir məcburiyyət qarşısında qaldığı aydın görünürdü. Eyni ab-hava Avrasiya İqtisadi Birliyi Ali Şurasının İrəvanda baş tutan bir neçə saatlıq toplantısı zamanı da yaşanmışdır. Çox çətinliklə keçirilən Putin-Paşinyan görüşünün 10 dəqiqəyə yekunlaşması Ermənistanın baş nazirini məyus etməyə bilməzdi. Paşinyan olmayan nüfuzunun daha da aşağı düşdüyünün fərqində oldu. Çünki Sammitdən əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Putinin Yerevana səfərinin rəsmi xarakter daşımadığını və Rusiyanın dövlət başçısının Ermənistana yalnız zirvə toplantısında iştirak etmək üçün gedəcəyini bildirməsi Paşinyanın ümidlənməməsi üçün verilən xəbərdarlıq bəyanatı kimi qəbul edilmişdi. Ən əsası, bu kimi bəyanatlar iki ölkə arasında münasibətlərin heç də yaxşı olmadığına işarə idi.

Rusiya və Azərbaycan prezidentlərinin görüşündə, eyni zamanda “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında  əsas diqqət göstərilən məsələlərdən biri məhz yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi oldu. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın mövqeyi təbii ki, ölkəmiz üçün önəmlidir. Yuxarıda qeyd etdiyimiz müsahibəsində də Rusiya Prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı suala cavabı belə olmuşdur. V.Putin “Belə bir fikir var ki, Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı” sualına cavabında bildirmişdir: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.” Həmin müsahibədə bu fikir də yer almışdır ki, öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.

“Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs edən Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirərək BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Dövlətimizin başçısı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq bildirmişdir: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Ölkə Prezidentinin hər bir çıxışında, xarici səfərləri çərçivəsində keçirdiyi görüşlərdə Dağlıq Qarabağ probleminin əsas müzakirə mövzusu olması bir daha bu tələbi ortaya qoyur ki, beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunsun, məsələnin həllində ədalətli yanaşma nümayiş etdirilsin.

Həmsədr dövlətlərin bəyanatlarında Ermənistanın işğalçılıq siyasəti pislənilib, Azərbaycanın mövqeyi dəstəklənsə də, konkret addımın atılmaması məsələnin həlli prosesinin uzanmasına səbəb olur. İşğalçı və işğala məruz qalan tərəflərin bəlliliyi fonunda hər iki tərəfi razı salacaq həll variantının qəbul olunmasından bəhs etmək təəccüb doğurmaya bilməz. Azərbaycan dövləti məsələnin sülh danışıqları əsasında çözülməsinin tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqləyir. Bu bəyanat da ən yüksək tribunalardan bəyan edilir ki, işğal altında olan torpaqlarımızı sülh danışıqları əsasında çözmək mümkün olmadığı təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda ordumuzun gücünün, qüdrətinin artması bu əminliyə əsas verir.

Hər zaman qeyd olunduğu kimi, artıq bəyanatlardan konkret əməli işə keçməyin zamanıdır. Təbii ki, işğalçı dövlətə təzyiq göstərilməsə, ondan öz istəyi ilə məsələnin həlli istiqamətində müsbət addım gözləmək sadəlövhlük olar. Yəni, işğalçının adı ilə çağırılması artıq günümüzün əsas çağırışına çevrilib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya məsələnin çözülməsinə xidmət edən təşəbbüslərini konkret əməli ilə təsdiqləsə, sözsüz ki, işğalçı Ermənistan təxribatlarından əl çəkər, konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətində qalar. Xatırlasaq, aprel döyüşlərindən sonra Ermənistan yaranmış gərgin vəziyyət, eyni zamanda dünya dövlətlərinin, beynəlxalq təşkilatların mövqeyi əsasında danışıqlar masasına əyləşdi. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bilirsiniz ki, Aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu... Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir. Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil.”

Regionun iqtisadi inkişafı üçün böyük maneə kimi dəyərləndirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli birgə səylərin göstərilməsini, ən əsası ikili yanaşmalardan uzaqlaşıb ədalətli mövqe nümayiş etdirməyi bir tələb kimi ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiya ilə münasibətlərimizin yüksələn xətt üzrə inkişafı, sözsüz ki, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz olmayacaq.

Bu təhlillər əsasında deyə bilərik ki, qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, hər bir ölkənin potensial imkanlarının təqdimatına da öz müsbət təsirini göstərir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrini quran Azərbaycan ədalətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Rusiya və Azərbaycan dövlət başçıları Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirmiş və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırmışlar. Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Bir sözlə, Azərbaycanın dünyaya açıq və çevik xarici siyasəti davamlı uğurlara yol açır, dünya birilyinin layiqli üzvünə, əsl söz sahibinə çevrilməsini şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”