08 aprel 2020 11:10
1703

Hər vətəndaş döyüş növbətçiliyindədir

Azərbaycan əsgərinin döyüş növbətçiliyi Vətənə sevgisidi, dövlətə, dövlətçiliyə sədaqətdi. Hansı fəsil olursa-olsun, ayam əsgərlərin könlünə yatırsa, gözəldir, gözəldirsə, bizim də könlümüzcədir. Bu ilin qışı mülayim keçdi. Sərt keçsəydi də döyüş növbətçiliyi aparanların torpağa məhəbbətinə görə, Vətənə sədaqətinə görə, hərbi xidmətin mahiyyətinə görə səngərdəkilərə təsir göstərə bilməzdi. Bu, səngərin qüdrəti deyil, səngərdəkilərin müqəddəsliə müqəddəs münasibətinin qüdrətidi.

Səngər müharibə deməkdi; müharibədə dağ-daş da səngərdi.

Səngərin nə olduğuna mən də bələdəm. Ömrümün səngərli günlərini də, səngərdə ilk dəfə nəfəs dərdiyim anları da yaxşı xatırlayıram, ilk səngərli günümdə buludların arasından sıyrılan Günəşi də, bu işığın sarıldığı gözəllikləri də...

...1993-cü ilin yazıydı. Ağdərədə səngərdən göy üzünə baxanda əvvəl-əvvəl gözlərim alacalanmışdı - Günəş hərdən görünürdü, hərdən buludların arxasına çəkilirdi. Səngərlərin yan-yörəsində sakitliyiydi. Arada gözlərimizi müharibədən bixəbər quşların nizamsız uçuşu çəkirdi. Özümə də bəlli olmayan səbəblərə görə düşüncələrimin nizamı quşların uçuşuna tamsınırdı. Uzaqlardan ara-sıra güllə səsləri eşidilirdi. Gözlənilmədən Günəşin üzünə tül qalınlığında bulud sarılmışdı. Səngərli günümün güllə səslərinə sarı boylanmaq istəmişdim. Yusif əlini çiynimə qoyub arxayınlıqla, “Qarasına atırlar” - demişdi, yəni ünvansız atışlardı. Güllələrin ünvansız atıldığını bilsək də sükutu dinşəmək, səssizliyi dinləmək istəyiylə səngərdən çıxmışdıq. Yusifin əli hələ çiynimdən üzülməmişdi. Bir müddət beləcə dayanmışdıq. Yusif “Neçə aylardı gecələrin yuxusunu güllələr dağıdanda da, döyüşlərdə də, döyüşlər səngiyəndə də qələbə haqqında düşünürük. Ermənisizləşdirdiyimiz Ortakənddə, suları hələ durulmayan çayın sahilində Fəğanın dediklərini yəqin ki, sən də unutmayıbsan: “... Bu qələbə başlanğıcdı. Daha böyük qələbələr qazanacağıq...”. Oğullar bu niyyətlə xidmət edir...”, - demişdi.. Hospitalda müalicə olunan Fəğanın neçə ay əvvəl çay qırağında dediklərinin cazibəsində, Fəğanı tanıyan əsgərlərin əhatəsində əsgərlərin döyüş əzmindən, qələbə ruhundan danışmışdıq. İndi həmin söhbət haqqında söhbətləşirik...

Bir qədər aralıda dağlıq massivdə çən-çisək görünür. Belə ayamlarda Yusif deyərdi ki, çən yan-yörəni bürüyə bilər, əsgərin döyüş əzminə, qələbə ruhuna yaxın düşəmməz...

Aradan illər keçib...

Bu gün səngərdə əsgərlərlə həmin ovqatla kəlmələşirik. Kəlmələr döyüş əzminin, qələbə ruhunun ifadəsidi.

Zabit Çingiz Mahmudov deyir ki, döyüş növbətçiliyi aparan əsgərlər yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdirlər. Bu hazırlıq Böyük Qələbə üçündü.

Səngərdəyəm. Səngər də dəyişib, səngərdəkilər də. Dəyişməyən səngərin yerinə yetirdiyi vəzifənin mahiyyətidi...

Əsgərlərə Birinci Qarabağ müharibəsindən söz açıram, Yusiflə həmin səmimi, o ilin o yaz gününün şirin söhbətimizi danışıram. Dünənimizin tarixi kimi maraqla dinləyirlər, Azərbaycanın Milli Qəhrəmanı haqqında bilmədikləri bilgi kimi dinləyirlər. Zabit İbrahim Süleymanlı deyir ki, bizim hərbi hissənin əsgərləri də Fəğan kimi düşünürlər, belə demək mümkünsə, onun xidmət yolunu mənəvi varislik kimi davam etdirirlər, Böyük Qələbənin əsgəri olmaq istəyirlər. İstəyirlər ki, döyüş əmri onlar tərxis olunana kimi verilsin. Əsgərlərimiz həm də deyirlər ki, bir var hərbi xidmətdə olasan, bir də var döyüşmək üçün səlahiyyətli təşkilatlardan xahiş edəsən. Kim bilir, bu xahişə əməl ediləcəkmi, edilməyəcəkmi...

Üzünü tül nazikliyində bulud örtmüş Günəş görünür...

Əsgərlər babalarının döyüş xatirələrindən, atalarının hərbi xidmət xatirələrindən danışırlar, torpaqlarımızın işğaldan azad edilməsiylə tamamlanacaq döyüşlərdən danışırlar; Birinci Qarabağ müharibəsində iştirak edənlərin nəvələri Ali Baş Komandanın əmriylə müharibəni sonlandıracaq, torpaqlarımızı işğaldan tamamilə azad edəcək, səngərləri sərhədlərə köçürəcək... Adi olduğu qədər də qeyri-adi olan bir günün içindən ruhumuzun gözləriylə işğaldan azad edilmiş rayonlarımıza sarı baxırıq. Ruhumuzun daşına-torpağına sarılmaq istədiyi Cıdır düzündə bir niyyətin gen dövrəsində halay çəkəcəyimiz tonqalların göy üzünü qarsılayacaq alovunu görürük...

Mənə elə gəlir ki, əsgərlərin səmimi kəlmələri buluddan sıyrılmış Günəşin işığına qarışır və bu işıq mənim, mənim timsalımda bütün jurnalistlərin, jurnalistlərin timsalında ictimaiyyətin bürüncəyi torpaqlarımızın işğalı olmuş könül qübarını silməyə qadir olan ümidin, inamın qüdrəti gücündədi. Nə deyir əsgərlər?

-Babalarımız yerli müdafiə batalyonunda döyüşüb, Horadiz əməliyyatında iştirak edib, atalarımız ordumuzun əsgəri olub, biz hərbi xidmətdəyik. Babalarımızın, atalarımızın döyüş yolunu davam etdirmək, qələbəylə tamamlayacaq əsgərlərin sırasında olmaq bizim həm əsgəri, həm də vətəndaşlıq borcumuzdu. Ali Baş Komandanın əmriylə döyüşlərdə iştirak etmək istəyirik, - əsgər Rahib Eyvazov belə deyir.

- 2016-cı ilin Aprel döyüşlərində yeniyetməydik. Onda həmyaşıdlarım kimi, mən də döyüşlərə getmək istəmişdim. Həm yaşımızın azlığın, həm də ordu hissələrimizin bizə, eləcə də əhaliyə ehtiyacı olmadığını dedilər, yəni icazə vermədilər. İndi hərbi xidmətdəyəm. Mən də, əsgər yoldaşlarım da Rahibin dediyi deyirik: Torpaqlarımızı işğaldan azad edəcəyik. Biz də Böyük Qələbənin əsgəri olmaq istəyirik. Hamımızın hərbi xidmət amalı budur, - əsgər Dünyamin Tağızadə belə deyir.

Əsgər Samir İsmayılov deyir ki, bayaq 27 il əvvəlin bir səngərli gününü, həmin gün bir əsgərin dediklərini xatırladınız. Hərbi hissəmizdə xidmət edən hansı əsgərinsə atası bəlkə də Fəğanın xidmət yoldaşı olub. Yəni, bu günün əsgərlərinin atası belə düşünüb. Biz də onlar kimi düşünürük. Ali Baş Komandan döyüş əmri verəndə tərxis olunmuş əsgərlərimiz də bizim sıralarımıza qayıymaq istəəyəcəklər. Onlarla qələbədən sonra işğaldan azad edilmiş kəndlərimizdə quruculuq işlərində birlokdə çalışacağıq. Hərbçi məsuliyyətiylə çalışacağıq...

Əsgər Cavid Alibanov deyir ki, Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar mənim də yadımdadır. Bu paradlardan çağırışçı kimi qürurlanmışdım, sonralar əsgər kimi qürurlandım.

Əsgər Elşən Nəsirovun dediklərini maraqlı, üşündürücü bir məqamın ifadəsi bilirik:

- Müharibə bizdən az qala 10 yaş böyükdür. İllərdi körpələr vaxtından əvvəl yeniyetmələşir, yeniyetmələr vaxtından əvvəl cavanlaşır, cavanlar əsgərləşir, əsgər olur, döyüşür. Çoxumuzun babası Qarabağda yerli müdafiə batalyonlarının tərkibində döyüşlərin iştirakçısı olub, atalarımız ermənilərin təxribatlarının qarşısının alınmasında iştirak ediblər. Onların xatirələrini eşidə-eşidə böyümüşük. Şəhidliyin nə olduğunu da ilk dəfə onların xatirələrini eşitdikdən sonra dərk etmişik. Biz də bilirik ki, şəhidlərin ruhu qələbə gününün intizarındadı. Biz həm də bu ruhları intizardan xilas etmək üçün xidmət edirik.

-Şəhidlik ifadəsinin mahiyyəti Vətən sevgisi ifadəsinə çox yaxındı, - deyirəm və buludların arxasından sıyrılmış Günəşə baxıram. Mənə elə gəlir ki, könül xoşluğuna dönən bu sıyrılmada rəmzi bir mahiyyət var: bu sıyrılma qalib əsgər kimi tərxis olunma niyyətli əsgərlərə təbiətin xeyir-duasıdı. Günün bu vaxtı səngərdə, əsgərlərin əhatəsində bir qələbə ovqatı yaşayırıq. “Azərbaycan əsgərinin əhatəsində həmişə belə ovqat yaşanılır”, - deyirəm. Bu işıqlı fikir ümumən Azərbaycan əsgərinə ünvanlandığından əsgərlərin üz-gözünü qələbə rəngli bir ovqat-sevinc, ovqat-fərəh bürüyür. 2016-cı ilin Aprel döyüşlərindən də danışırıq, torpaqlarımızın Ali Baş Komandanın döyüş əmriylə işğaldan azad ediləcəyindən də, bugünkü söhbətimizi əsgərlərin döyüş əzminin, qələbə ruhunun işığı tamamlayır....

Onda hərbi hissədə müəyyən profilaktik tədbirlər həyata keçirilirdi. Ön xətdə də. Koronavirusdan söz düşsəydi, əsgərlər “Döyüş növbətçiliyi Vətəni qorumaqdı. Bu gün Vətən həm də epidemiyadan qorunur. Dövlətin qəbul etdiyi ciddi qərarlar əsasında vətəndaşlar qorunur. Hər bir Azərbaycan vətəndaşı üçün xüsusi karantin rejiminə böyük məsuliyyətlə əməl etmək döyüş növbətçiliyidi”, - deyərdilər...

Rəşid Faxralı