13 iyun 2019 20:19
1590

“Heydər Əliyev irsinin öyrənilməsi”

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin yekunu ilə bağlı tədbir keçirilib

15 İyun - Milli Qurtuluş Günü və “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin yekunu ilə bağlı “Qurtuluşdan tərəqqiyə” adlı tədbir keçirilib. Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının binası önündəki abidəsini ziyarət ediblər.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunan dərslərdən bəhs edən videoçarx göstərilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin Ümummilli Liderin zəngin irsinin araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr olunduğunu bildirib.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzə ilə çıxış edib.

Dahi rəhbər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışan Hüseyn Əsgərov Ulu Öndərin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

Tədbirdə il ərzində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərdə fəallıq göstərən şagirdlər və bir məruzəçi müəllim mükafatlandırılıb.

Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəblilər dahi rəhbər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.