12 dekabr 2019 17:08
904

Heydər Əliyevi xatırlarkən…

“…1987–ci il, oktyabr ayının son günləri idi. Həmin günlərdən birində o, dostları ilə birlikdə hərbi hissənin həyətində gəzərkən düz baş qərargahın önündə qurulmuş lövhədə nəsə dəyişikliyin olduğunu fərq etdi. Bu, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlərinin portretləri asılan lövhə idi. Burada elə bil nəsə çatışmırdı və birdən Azər gördü ki, bir zamanlar Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi respublikaya başçılıq etmiş, sonradan – 1982–ci ildə Moskvaya dəvət edilərək burada SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilmiş Heydər Əliyevin şəkli lövhədən çıxarılıb. Lakin onun yerinə hələlik heç kimin şəkli asılmadığı üçün yeri boş qalmışdı və elə buna görə də istər–istəməz oradan keçənlərin diqqətini cəlb edirdi. Nə baş verdiyindən xəbəri olmayan Azər məsələni araşdırmaq istəsə də konkret olaraq kimə müraciət edəcəyini bilmirdi. Bununla belə qərara aldı ki, ilk imkanda onun həmvətəni olan bir siyasi başçının şəklinin nə üçün lövhədən çıxarıldığını öyrənsin…

Sonradan bəlli oldu ki, SSRİ–yə başçılıq edən Mixail Qorbaçovun da təşəbbüsü ilə rus olmayan az saylı yüksək vəzifə sahiblərindən biri Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən uzaqlaşdırılıb. Hətta belə söhbətlər də gəzirdi ki, onu həbs edəcəklər. Deyilirdi ki, Sov.İKP–nin mərhum baş katibi, Heydər Əliyevin uzun illər SSRİ–yə başçılıq etmiş yaxın dostu Leonid Brejnevin komandasından qalanların hamısı təmizlənir və onlara qarşı əsas ittihamlar rüşvət və ölkə iqtisadiyyatının inkişafı barədə illərlə davam edən saxta hesabatlar vermələridir.

Bütün deyilənlər Azər üçün heç də aydın olmurdu. Çünki o, saxta rəqəmlər, korrupsiya kimi ifadələri anlayacaq qədər dünyagörüşünə sahib deyildi. Saf bir kənd uşağı kimi böyümüş, yalan-palanla heç vaxt işi olmamış, buna görə də hər kəsi, özəlliklə də kommunist rəhbərləri ən dürüst adamlar kimi qəbul edirdi. Ona görə də Heydər Əliyev haqqında deyilənlərin əsaslı olduğunu ağlına yaxın belə buraxa bilmirdi.

Maraqlısı bu idi ki, H.Əliyevin başına gələnlər hərbi hissədəki erməniləri əməlli-başlı sevindirmişdi. Bunu üzə vurmasalar da davranışlarından, orda-burda qımışmalarından anlamaq olurdu ki, bir Azərbaycanlının vəzifədən uzaqlaşdırılması erməniləri əməlli-başlı xoşbəxt edə bilib…

…Həmin payız günlərindən birində, H.Əliyevin vəzifədən uzaqlaşdırıldığı zaman Azərə batalyon komandiri yeni “vəzifə” təklif etdi…”

Yuxarıdakı geniş sitat 2012-ci ildə dərc edilmiş, əsgərlik həyatımdan bəhs edən “Bir əsgərin yaşantıları” adlı romanımdandır. 12 dekabr ulu öndər Heydər Əliyevin anım günüdür. Hörmətlə anırıq. Nəsə yeni bir şey yazmadım. Sadəcə bu adamın tarixdəki roluna 19 yaşlı gənckən necə şahidlik etdiyimi ifadə etdim.