21 fevral 2020 19:33
2460

İctimai nəqliyyat Bakının inkişafı ilə uzlaşmalıdır

Prezident İlham Əliyev fevralın 18-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən bildirib ki, Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub: “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur”. Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırır. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Prezidentin qoyduğu tələblər, reallaşdırdığı islahatlar nəticəsində bu ilin birinci yarısında isə bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılması da təmin ediləcək.

“Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir”, deyən dövlətimizin başçısı qeyd edib ki, əsas məsələ tıxacların azaldılmasıdır. Bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdırmaq kifayət deyil. Prezident, həmçinin vurğulayıb ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Şübhəsiz, bu mənada son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur. Amma  hər il ölkəmizə gətirilən və hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin, eləcə də paytaxtın əhalisinin sayı artmaqdadır. Elə buna görə də dövlətimizin başçısı çox haqlı olaraq vurğulayıb ki, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır: “Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq”.

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  son dövrlər yeni avtobusların alınması, Bakının qəsəbə və kəndlərində də müasir yolların salınması, kart sisteminin tətbiqi və sürücülərə onları qane edəcək məvacibin verilməsi, 8 saatlıq iş rejiminin tətbiqi, Sürücü Təlim Mərkəzinin təşkili, bütün nəqliyyat növləri arasında koordinasiya işlərinin aparılması müsbət haldır: “Şübhəsiz, bütün bunları həm də ölkəmizin iqtisadi qüdrətinin  göstəricisi kimi dəyərləndirmək olar. Lakin Prezidentimizin də qeyd etdiyi kimi, nəqliyyat sektorunda islahatlar hələ tam başa çatmayıb. Bu mənada Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsinin davam etdirilməsi təqdirəlayiqdir”.

Müsahibimizin fikrincə, bu gün paytaxtın ən ciddi problemlərindən biri maşınların, xüsusilə taksilərin saxlanılması üçün yerlərin, daha doğrusu parkinqlərin azlığıdır: “Sözügedən qəbulda dövlətimizin başçısı bu məsələyə də toxundu. Bildirdi ki, parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Şübhəsiz, kifayət qədər böyük imkanlar, yəni parkinq yerləri olsa sürücülər belə qanun pozuntularına yol verməzlər.

Yeri gəlmişkən, məndə olan məlumata görə, cari ildə parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətləri cəlb edilib. Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunur. Parkinqlə bağlı ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. Unutmayaq ki, bütün bunlar insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Şübhəsiz, bu, öz bəhrəsini verəcək. Elə buna görə də Prezident əminliklə bildirdi  ki, ilin sonunda şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görmək mümkün olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”