18 noyabr 2020 18:34
3340

İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir

Prezident İlham Əliyev: Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar

Mehdi Siyavuş oğlu Nəzərov. Bu adı daşıyan Azərbaycan əsgəri də minlərlə başqa döyüşçülərimiz kimi  44 gün davam edən İkinci Qarabağ müharibəsində döyüş ruhunun yüksəkliyini, Vətən, torpaq sevgisini nümayiş etdirdi. Qələbə sevincimizdə öz payı olmasından qürur duyan Mehdinin 20 yaşı var.  

Birinci Qarabağ müharibəsi zamanı murdar ermənilərin Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı sərhəd kəndlərinə etdikləri xaincəsinə hücumlarına qarşı aparılan döyüşlərdə Mehdinin babası, ehtiyatda olan zabit Siyanfər Nəzərov mərdliklə vuruşmuşdur. Həmin vaxtlarda nə Siyanfər Nəzərov, nə də onun yaşıdı və dostu olan polis zabiti, hazırda müharibə veteranı kimi təqaüdçü  mən- Qadir Əliyev  düşünməzdik ki,  Nəzərovlar nəslində 2000-ci ildə bir oğlan dünyaya gələcək və böyüyəcək, nəinki doğulduğu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndinə, həm də bütövlüklə doğma Azərbaycanımıza başucalığı gətirəcək. Ulu Tanrının dərgahında bu, belə də oldu.

Mehdi oxuduğu Arbatan kəndindəki tam orta məktəbdə fəallığı ilə seçilən bir şagird kimi həmişə müəllimlərindən eşidirdi ki, Azərbaycanımızın gözəl guşəsi olan Dağlıq Qarabağ və onun ətrafında 7  rayonumuz erməni düşmənləri tərəfindən işğal edilmişdir. Bir milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb.  Mehdi vaxtaşırı babası, müharibə veteranı olan Siyanfər Nəzərovdan eşidirdi ki, biz azərbaycanlı olaraq ölsək də, mütləq ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı hansı yolla olursa olsun  qaytarmalıyıq.

Mehdi orta məktəbi bitirib ordu sıralarına yola salındı. O, Birinci Qarabağ müharibəsi zamanı hücuma məruz qalmış və onlarla şəhid vermiş Naxçıvan Muxtar Respublikasının Babək rayonunun ermənilərlə sərhəddə yerləşən Şada kəndindəki “N” saylı hərbi hissədə xidmətə başladı.  2018-ci ilin yanvarından  2019-cu ilədək  nümunəvi əsgəri xidmət edən Mehdi ermənilərin dəfələrlə etdikləri xain hərəkətlərinin şahidi oldu. Həmişə həmin xain insanlarla üz-üzə dayanarkən babasının sözləri yada düşürdü: “Biz işğal olunmuş torpaqlarımzı  azad etməliyik”.

Tale elə gətirdi ki, Mehdi  hərbidə xidmət etmək fikrinə düşdü.  Verdiyi normativlər və imtahanlardan sonra onu Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissələrinin birinə muzdlu xidmətçi kimi işə qəbul etdilər. Nümunəvi xidmətinə görə Mehdi dəfələrlə hərbi hissə komandanlığı tərəfindən mükafatlandırılıb.

27 sentyabr 2020-ci il tarixi- İkinci Qarabağ müharibəsi   Mehdi kimi igid əsgərlərimizin gücünə işıq saldı.   Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı məğrur, ordusu isə yenilməzdir. Naxçıvan Muxtar Respublikasının cəngavər əsgərləri ilə birlikdə Cəbrayıl rayonunun işğal altında olan torpaqlarını düşməndən təmizləmək üçün hücuma qoşulan 20 yaşlı Mehdi Nəzərov Qarabağın tacı olan Şuşanın alınmasınadək gedən döyüşlərdə mərdliklə vuruşdu. Əsgər yoldaşları Mehdinin göstərdiyi şücaətlərə görə ona yeni təxəllüs-“Mixaylo” təxəllüsünü vermişdilər. Bu isə yadımıza ruhu şad olmuş Böyük Vətən müharibəsi qəhrəmanı Mehdi Hüseynzadəni salır. Vaxtılə əfsanəvi qəhrəmanımız Mehdi Hüseynzadə alman faşistlərinə qarşı vuruşduğu halda, bizim gənc Mehdi Nəzərov  erməni faşistlərinə qarşı böyük rəşadət göstərərək aslan kimi vuruşdu. Müharibənin sona çatmasına bir neçə gün qalmış  Mehdi ayağından ağır yaralandı. Hazırda gənc əsgər Mehdi Nəzərov Qazax rayonunda xəstəxanaların birində müalicə olunur. Mehdi ilə söhbət zamanı  bildirdi ki, tam sağaldıqdan sonra mütləq cəbhəyə qayıdacaq.

Bu məqamı da paylaşmaq  istəyirəm ki, Mehdi Nəzərovun ata babası Cəbrayıl Nəzərov və ana babası Cəbrayıl İbrahimov da Böyük Vətən müharibəsi zamanı Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişlər. Hər iki baba beş il Böyük Vətən müharibəsi cəbhələrində vuruşaraq əlil kimi Vətənə qayıtmış və əmək cəbhəsində müxtəlif işlərlə məşğul olmuşdular. Bir neçə il bundan əvvəl həmin babalar dünyalarını dəyişmiş, Haqqın dərgahına qovuşmuşlar. Bu gün onların ruhu şaddır. Nəticələri igid Mehdi Nəzərovun torpaqlarımızın işğaldan azad olunmasında öz payı vardır. 

Biz isə öz tərəfimizdən gənc Mehdiyə və bütün yaralı döyüşçülərimizə  tez  zamanda sağalıb öz şərəfli peşələrini davam etdirməyi arzulayırıq.

Qadir Əliyev, jurnalist