18 oktyabr 2020 00:00
2311

İlham Əliyev: Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir

Ölkəmizin  29  illik  müstəqillik tarixini vərəqləyərək bu gün cəbhə bölgələrindən gələn qələbə xəbərlərindən qürur duyur, növbəti ildönümə böyük  inamla qədəm qoyuruq

Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin  29 illiyini qeyd edirik. Tarix baxımdan çox da böyük olmayan bu dövrün ölkəmizə qazandırdığı uğurların miqyası geniş olmaqla yanaşı, qürurvericidir. Uğurlarımıza qısa baxışa keçmədən öncə tarix yazan Azərbaycan Оrdusunun qələbələrini önə çəkərək «Zəfər sizinlədir, Azərbaycan əsgəri» söyləyərək,  dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin gücü, qüdrəti sayəsində bütün işğal altında olan torpaqlarımızın azad olacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına əminik. O gün uzada deyil. Qələbə müjdəli əsgərlərimizin döyüş ruhu yüksəkdir.  Təbii ki, bu uğurlar möhkəm təmələ, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinə, tarixi həqiqətlərə və real faktlara  əsaslanır. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək.

Dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində «Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabını bir daha xatırlatmaq istərdik. «Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir» söyləyən ölkə Prezidenti İlham Əliyev tarixdə rol məsələsinə gəldikdə bir daha dövlətimizin, xalqımızın maraqlarının hər şeydən üstün olduğunu, qəbul olunan qərarlarda xalqın iradəsinin əsas götürüldüyünü xüsusi vurğulayaraq bildirmişdir: «Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Cənab İlham Əliyevin bu cavabı Azərbaycanın 29 illik müstəqillik tarixində qazandığı uğurların aydın mənzərəsini yaradır. Bu baxımdan ki, dövlətinin, xalqının gələcəyini düşünən lider hər zaman uğurların təminatçısı olur. Müstəqilliyimizin ilk illərinin xaosunun, özbaşınalıqlarının, hakimiyyət uğrunda mübarizələrin hansı uğursuzluqlara yol açdıgı tariximizin   qara, ləkəli  səhifəsi kimi xatırlanır. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin öz şəxsi ambisiyalarını hər şeydən üstün tutmaları Azərbaycanın öz dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ən əsası Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının qorunmasına xidmət etməsi ərazilərimizin işğalına gətirib çıxardı. Bu gün Azərbaycan Ordusunun işğaldan azad etməyə səy göstərdiyi ərazilər  AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından düşmənə verilib.       

«1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu,  Azərbaycan dövləti quruldu,  1995-ci ildə  müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas  ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün  Azərbaycan xalqına yol göstərir.» Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə müstəqil Azərbaycanımızın 29 illik tarixinin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bunu da qarşıya mühüm vəzifə kimi qoyur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yol düzgün şərh edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Bu, tarixdir. Bu tarixi hər bir Azərbaycan vətəndaşlı bilməli, yaddan çıxarmamalıdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan səhifələrin  müəllifi  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevdir.  

Tariximizin səhifələrini vərəqləyək. 1990-cı il  20 Yanvar faciəsindən sonra  ulu öndər Heydər Əliyev  birinci şəxs idi ki,  Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, Sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, «Sovet Sosialist» sözlərini çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın.   1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, bu addımlar onu göstərir ki,  ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.

Müstəqilliyimizin ilk illərində ulu öndər  Heydər Əliyev hakimiyyətdə  olsaydı,  Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı.  Müstəqilliyimizin birinci dövrü, yəni 1991-1993-cü illər  Azərbaycan tarixinə  faciəvi dövr, ən əsası qara bir ləkə  kimi yazılıb. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir.  Şübhəsiz ki,  tariximizin parlaq səhifələri ilə  yanaşı qaranlıq səhifələri də vardır. Bu səhifələri  vərəqləndikcə Azərbaycan tarixinin zənginliyi təsdiqlənməklə yanaşı, keçdiyi yolun nə qədər çətin, hamar olmadığı aydın görünür. 

  Reallıq budur ki,  1993-cü il dönüş ili idi.  Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  növbəti mərhələnin - inkişaf, tərəqqi dövrünün əsasını qoydu.  Dövlətimizin başçısı İlham Əliyevin  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirləri xatırlatmaq istərdik:  «İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki,  tarix üçün 20 il heç nədir.  Müstəqil bir ölkənin inkişafı üçün 20 il  o qədər də böyük müddət deyildir. Ancaq eyni zamanda,  bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik... Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır.»

   Sözsüz ki, ölkə Prezidenti  İlham Əliyevin bu əminliyinə  əsas verən amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin uğurlu davamı Azərbaycanın qarşısında  daha böyük zirvələri fəth etmək, biri-birindən əhəmiyyətli uğurlara imza atmaq imkanları yaradır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, inkişafın Azərbaycan modeli öyrənilməli və digər ölkələr bunu tətbiq etməlidir. Hər zaman önə çəkilən bir fakt da  bunun təsdiqidir. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə qədər hiss olunan iqtisadi və maliyyə böhranından Azərbaycanın uğurla çıxması, hazırkı dövrdə dünyanın  COVID-19-la mübarizə apardığı zamanda ölkəmizin təkmil təcrübəni ortaya qoyması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan yalnız daxildə deyil, beynəlxalq aləmdə də  həyata keçirdiyi tədbirlərlə diqqət mərkəzindədir. Azərbaycan təşəbbüsləri ilə dünyanı bir araya gətirdi.

    Bu gün Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilir. Dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer almaq düzgün qurulan siyasətin, uğurlara yol açan  sosial-iqtisadi islahatların nəticəsidir. Bu günün əsas çağırışlarından biri həyata keçirilən iqtisadi islahatların fonunda  əhalinin sosial müdafiəsini gücləndirmək, yoxsulluq problemi ilə mübarizə aparmaqdır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə olunan uğurların təsdiqidir.  Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi və s kimi addımlar  bu gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin siyasətində prioritet məsələdir. Təbii ki, bu addımları şərtləndirən əsas amillərdən biri ölkənin iqtisadi imkanlarının genişlənməsidir.

     Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi  uzaqgörən siyasətinin nəticəsi idi.  Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.  Ulu öndər Heydər Əliyevin brinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ölkəmizə qazandırdığı uğurların miqyası o qədər genişdir ki, onları bir yazı  çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ən önəmlisi «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanın bu gününə və sabahına inamı daha da artırdı.  «Əsrin müqaviləsi»nin əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin  ardınca Cənub Qaz Dəhlizi,  TANAP, TAP dünyaya səs saldı. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycan etibarlı tərəfdaş kim mövqeyini bir daha möhkəmləndirdi.  Eyni zamanda bu faktı da qeyd etmək yerinə düşər ki, bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 270  milyard dollardan artıqdır ki, bunun da böyük həcmi  neft-qaz sektorunun payına düşür. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini qoruyan, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun  aktivlərinin həcmi artaraq, müxtəlif  sosial-iqtisadi layihələrin gerçəkləşməsini təmin etdi. Hazırda qurumun vəsaitlərinin həcmi 41 milyard dollardan artıqdır. 

      Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində «Əsrin müqaviləsi»nin rolunun təsdiqi kimi Azərbaycan neftinin 2006-cı ildə Ceyhan terminalına məhz 28 may-Respublika Günündə çatmasını xüsusi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bunun rəmzi mənası olduğunu belə açıqlamışdır: «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi durumunu və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək  çətin deyildi.» Ölkəmizin iştirakı olmadan  hazırda bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınması da deyilənlərin təsdiqidir.   Azərbaycan  öz təbii sərvətlərinin  sahibinə çevrilməklə təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr, eyni zamanda,  müstəqil siyasəti ilə   bugünkü uğurlara geniş yol açdı.  Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı illərində qeyd etdiyi «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir» fikirləri bugünkü reallıqlarımız fonunda öz təsdiqini tapıb. 

   Bu gün harada yaşamasından asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurlarından qürur duyur, gələcəyə böyük inamla baxır.  Bir amal- Azərbaycançılıq ideyası ətrafında sıx birləşən soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın təbliğatçısı kimi çıxış edərək, həqiqətlərimizin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına öz töhfələrini verməyə səy göstərirlər.

       Ötən hər günün ölkəmizin həyatında mühüm hadisələrlə yadda qaldığını nəzərə alsaq, 29 ildə əldə olunanların miqyasının genişliyi aydın görünür. Reallıq budur ki, Azərbaycan möhkəm təməl üzərində  ən yüksək zirvələri fəth edir. Əldə olunan uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Əsas hədəflərimizdən olan Azərbaycanın inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.

   Bir daha yazının əvvəlində qeyd etdiyimiz qələbə xəbərlərinə qayıdaraq müstəqilliyimizin 30-cu ildönümünü Şuşada, Xankəndidə keçirəcəyimizə əminliklə 29 ilin uğurlarına qısa baxışımıza yekun vururuq. Azərbaycanı qarşıda daha böyük, möhtəşəm  uğurlar gözləyir.

Yeganə Əliyeva, «İki sahil»