KÖŞƏ

Qvami Məhəbbətoğlu

İqtisadiyyatımıza növbəti Davos töhfələri

30 yanvar 2020 10:51
2670

Bu yaxınlarda Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində bildirmişdir ki, Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında da dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, Azərbaycana islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

İsveçrənin Davos şəhərində keçirilən 50-ci Dünya İqtisadi Forumunda da bu fikirlər bir daha öz təsdiqini tapdı. Yəni, Prezident İlham Əliyevin Davosda keçirdiyi hər bir görüş bu səfərin də əvvəlkilər kimi səmərəli və məhsuldar keçdiyini göstərdi. Belə ki, budəfəki Davos görüşlərində fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətində olan tanınmış “Procter and Gamble Europe” şirkəti Bakıda regional mərkəzini yaratmaq istəyində olduğunu, “Carlsberg Group” şirkəti isə  biznes mühiti üçün yaradılmış imkanlarımızdan faydalanaraq ölkəmizə investisiya qoyuluşunu artırmaq niyyətini bəyan etdilər. “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşdə bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialının mövcudluğu bir daha vurğulandı. Üstəlik, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılması təklif olundu. “Signify” şirkəti ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu vurğuladı. “SUEZ Group” kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim etdi. Dünyanın ən məşhur və nəhəng sığorta şirkətlərindən biri olan “Swiss Re” kampaniyasının rəsmisi Veronika Skotti Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduqlarını qeyd etdi. Rusiyanın “LUKOİL” şirkəti ilə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının birgə işlənməsi məsələsi, həmçinin  BP şirkəti ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr  gündəmə gətirildi ki, bunları da  Davosda keçirilən Dünya İqtisadi Forumunun Azərbaycana, ölkəmizin iqtisadiyyatına verdiyi növbəti impulslar kimi dəyərləndirmək olar. Şübhəsiz, 50-ci Dünya İqtisadi Forumu çərçivəsində əldə olunan razılaşmaların hər biri yeni imkanlar, yeni sərmayələr deməkdir.

Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması barədə razılıq isə beynəlxalq səviyyədə ölkəmizə olan etimadın növbəti təzahürüdür desək, səhv etmərik. Bunu həm də ölkəmizin ən böyük uğuru kimi qiymətləndirmək olar.  Mütəxəssislərin fikrincə,  bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Bu mənada regional mərkəzin təşkili  Azərbaycanla müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilat kimi tanınan Davos Forumu arasında əlaqələri yeni mərhələyə qaldıracaq. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı imzalanmış niyyət protokolunu Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb.

Mütəxəssislərin fikrincə, bu, hər şeydən əvvəl Azərbaycanın dünyada əsas iqtisadiyyat partnyorlarından birinə çevrildiyinin, həm də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun və hörmətinin artmasının real göstəricisidir. Digər tərəfdən, bu, həm də o deməkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar beynəlxalq təşkilatlar və qlobal şirkətlər tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycanın beynəlxalq birlikdəki mövqeyi Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərin məzmunundan da bir daha aydın göründü. Bəli, bu gün ölkəmizdəki iqtisadi inkişaf, sabitlik bütün dünyada təqdir edilməkdədir. Şübhəsiz, bu mərkəz, eləcə də digər razılaşmalar ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə yeni nüanslar da əlavə edəcək və  bu da ölkə iqtisadiyyatının gələcək inkişafını daha sürətləndirəcək.  Bütün bunlar da vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.