Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq, güclənir və ya zəifləyir. Məsələn, qrip soyuq qış aylarına təsadüf edir, elə norovirus - mədə-bağırsaq pozuntusu virusu da həmin dövrdə daha çox özünü göstərir. Digər xəstəliklər, məsələn, tif xəstəliyi adətən yayda şiddətlənir. Qızılcaya tutulma halları da yay aylarında mülayim iqlimlərdə, tropik bölgələrdə isə quru havalarda daha çox baş verir. Odur ki, indi bir çox insanın COVID-19-un da oxşar mövsümü səciyyə daşıya bilməsiylə maraqlanması bəlkə də təəccüblü deyil.
İlk dəfə Çində dekabrın ortalarında meydana gəldiyi vaxtdan bəri bu virus tez zamanda yayılıb və hal-hazırda Avropa və ABŞ-da kəskin sürətlə yayılmaqdadır. Xəstəliklərin ən güclü yayılma halları, əsasən, havanın daha soyuq olduğu bölgələrdə baş verdiyindən, COVID-19-un yay mövsümü başlayanda yoxa çıxacağı barədə fərziyyələr yaranıb. Bununla yanaşı, bir çox mütəxəssis virusun yayda öləcəyinə ümid edənlərə ehtiyatlı olmağı məsləhət görür. Ekspertlər haqlı olaraq ehtiyat edirlər. Rəsmi olaraq, SARS-CoV-2 adlandırılan COVID-19-a səbəb olan virus təzə olduğundan onun haqqında hər hansı etibarlı məlumat yoxdur.
2003-cü ildə yayılan və xassələrinə görə oxşar olan Sars virusunun qarşısı tez bir zamanda alındığından, onun ilin fəsillərinə uyğun özünü necə aparması haqqında az məlumat var. Ancaq COVID-19-un mövsümi ola biləcəyinə işıq salmağa qadir olan və insanları yoluxduran digər koronaviruslar barədə bəzi ipucları var.
Britaniyanın Edinburq Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzindən Kate Templeton tərəfindən 10 il bundan əvvəl aparılmış araşdırmanın nəticələrinə əsasən, yoluxucu nəfəs boruları xəstəliklərinə səbəb olan üç koronavirusun “qış mövsümüylə əlaqəli” olması müəyyən edilib. Həmin nəticəyə Edinburq xəstəxanalarında müalicə alan xəstələrin müşahidəsindən alınan məlumat bazası əsasında gəlinib. Qeyd olunan virusların simptomları, əsasən, dekabr və aprel ayları arasında qripə bənzər infeksiyalara səbəb olub. Əsasən immuniteti aşağı olan xəstələrdə rast gəlinən dördüncü koronavirus isə daha nadir hallarda özünü göstərib.
COVID-19-un mövsümi xarakter daşıma ehtimalına işarə edən bəzi məlumatlar da var. Yeni xəstəliyin dünyada yayılmasından görünür ki, virus soyuq və quru hava şəraitinə üstünlük verir. COVID-19-a yoluxma hallarının baş verdiyi dünyanın 500 bölgəsində hava şəraitini müqayisə edən dərc olunmamış bir analiz virusun yayılma sürətinin temperatur, külək sürəti və nisbi rütubət ilə əlaqəli olmasını ehtimal etməyə əsas verir. Digər bir dərc olunmamış tədqiqat işində də yüksək temperaturlu iqlimlə COVID-19 hallarının aşağı düşməsi arasında bir əlaqəyə diqqət yetirilib, amma bu da qeyd olunub ki, təkcə yüksək hava temperaturu xəstəliyin qlobal miqyasda dəyişgənliyinə həlledici təsir göstərə bilməz. Hələ dərc olunmamış tədqiqata görə isə mülayim isti və soyuq iqlim hazırkı COVID-19-un yayılması üçün ən münbit zəmin yarada bilər, bunun ardınca növbəti münbit şərait COVID-19 üçün quru iqlim sayla bilər. Tədqiqatlar artıq göstərib ki, Sars-Cov-2 virusu 21-23C temperatur dərəcələrində və 40% nisbi rütubətdə plastik və polad kimi sərt səthlərdə 72 saata qədər qala bilər. COVID-19 virusunun digər temperatur və rütubətdə necə özünü aparması hələ yoxlanmalıdır, lakin digər viruslar üzərində aparılan tədqiqatlar onların 4C dərəcədə 28 gündən çox yaşaya biləcəyini güman etməyə əsas verir.
COVID-19 kimi bir xəstəliyi yayan insanlardır və onların davranışında mövsümi dəyişiklər də infeksiyanın yayılması əmsalında dəyişiklərə səbəb ola bilər. Bizim immun sistemimizin zəifləməsində və infeksiyaya həssas hala gəlməsində havanın da təsiri ola bilər. Bədənimizdəki D vitamini səviyyəsinin yoluxucu xəstəliklərə necə həssas olduğumuza təsir göstərə biləcəyinə dair bəzi sübutlar var. Qışda bədənimiz daha az miqdarda D vitamini hasil edir, çünki daha az günəş işığı görürük, əsasən qapalı məkanlarda vaxt keçiririk və soyuq havaya qarşı paltar geyinirik. Lakin bəzi tədqiqatlarda bu nəzəriyyənin qrip kimi xəstəliklərdə müşahidə edilən mövsümi dəyişikliyin izahıyla uzlaşmaması qeyd olunub. Rütubətin xəstəliyə olan həssaslığımıza daha çox təsir göstərə biləcəyinə dair daha güclü bir dəlil var. Hava çox quru olduqda, ağciyərlərimizi və hava yollarımızı örtən selik miqdarının azaldığı güman olunur. Bu yapışqan ifraz infeksiyalara qarşı təbii bir müdafiə vasitəsi sayıldığından onun azalması bizi viruslara daha həssas edə bilər.
COVID-19 bəzi mövsümi dəyişkənlik göstərsə də, bəzilərinin güman etdiyi kimi onun yay aylarında tamamilə yox olacağı ehtimalı azdır. Ancaq xəstəlik hallarının minimuma azalması faydalı ola bilər.
Araşdırmaçıların sözlərinə görə, görülən səylər iqtisadi cəhətdən bahalı olsa da, bu, pandemiyanı yaya ötürülməsinə kömək edə bilər. Mövsümilik amili mövcuddursa, bu, səhiyyə sisteminə hazırlıq vəziyyətinə gəlmək üçün lazım olan vaxt da qazandıra bilər.
Röya Rasimqızı, “İki sahil”