06 iyul 2020 18:07
1078

Koronavirusla mübarizədə sahibkarlıq subyektlərinin məsuliyyəti artırılır

Hələ bir müddət bundan əvvəl koronavirus (COVID-19) infeksiyasına yoluxmadan mübarizənin təkcə polisin nəzarət tədbirlərindən ibarət olmadığını, digər strukturların da, o cümlədən sahibkarlıq subyektlərinin bu mübarizəyə qoşulmalarının vacibliyindən bəhs etmişdik.

Bu baxmdan təqdirəlayiq haldır ki, ötən həftə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə pandemiya ilə mübarizədə ictimai iştirakçılığın və nəzarətin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib. Tədbirdə vurğulanıb ki, COVID-19-la mübarizədə sahibkarları birləşdirən təşkilatlar və biznes assosiasiyaları daha fəal olmalı, özlərinin, yaxınlarının, təmsil etdikləri biznes sahəsinin müəyyən olunmuş tələblərə riayət olunmasını təmin etməli, maarifləndirmə və məlumatlandırma işlərinə öz töhfələrini verməlidirlər. Həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilmiş digər tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib. Tədbirdə saticıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdirəcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, bundan sonra nazirlik strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək. Bununla da xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqlərinə bundan sonra sərt tədbirlər də əlavə olunacaq.

Bir sözlə, əhalinin koronavirus infeksiyasına yoluxmasının qarşısını almaq artıq təkcə polisin vəzifəsi olmayacaq. Nəzərə alanda ki, koronavirusa yoluxmada ictimai nəqliyyat, ticarət və xidmət obyeklərindəki vəziyyət də əhəmiyyətli rola malikdir, bu baxımdan sahibkarlıq subyektlərinin fəaliyyətlərini virusla mübarizə ilə birgə davam etdirmələrinin nəticəsinin qısa zamanda göstərəcəyi şübhəsizdir.

İndiyədək dövlətin dəstəyinə arxalanan ölkə sahibkarlığı bu dəfə onun milli təhlükəsizliyi naminə həmrəylik nümayiş etdirməli olacaq. Tibbi maska və dezinfeksiyaedici məhluldan istifadə, eyni zamanda, sosial məsafə tələbindən ibarət olan bu həmrəylik koronavirus infeksiyasının daha böyük fəsadlar yaratmasının qarşısını almaq məqsədi daşıyır. Əks halda yaranacaq fəsadların təsirindən ən çox ziyan görən sahələrdən biri iqtisadiyyat, o cümlədən sahibkarlıq subyektləri ola bilər.

Ceyhun Piriyev, “İki sahil”