05 dekabr 2019 10:31
612

Kristof Kastane: Fransada kütləvi tətillər hazırlanır

Fransada kütləvi tətillər hazırlanır. Tətillər nəqliyyat, xüsusilə dəmir yolu nəqliyyatı, ictimai xidmətlər də daxil olmaqla, bütün sektorları əhatə edəcək. Həmkarlar ittifaqları təşkilatları insanları limitsiz tətil etməyə çağırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Daxili İşlər naziri Kristof Kastane söyləyib. O, bu gün ölkə üzrə 245 nümayişin keçirilməsinin planlaşdırıldığını qeyd edib. Bildirib ki, böyük şəhərlərdə nəqliyyat tamamilə iflic olacaq. Sakinlərə B planı da təklif olunub. Belə ki, onlara işə velosipedlə getmək və ya evdən internet vasitəsilə işlək tövsiyə olunur. Tətillə əlaqədar 233 aviareysin ləğv edildiyi bildirilir.

Paris polisi Yelisey Çölləri prospekti, Milli Assambleya, Notr-Dam kilsəsi, Daxili İşlər Nazirliyi ətrafında bütün toplanışları qadağan edib. Müxalifət Partiyaları tətili və nümayişləri dəstəklədiklərini bildiriblər.

Xatırladaq ki, hökumətin təklif etdiyi yeni təqaüd islahatlarında bütün xüsusi rejimlərin ümumi rejimlə əvəz edilməsi xalqın etirazına səbəb olub.