16 yanvar 2019 12:25
1023

Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır FOTO

Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, AAYDA tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır. Üç aşırımlı körpünün uzunluğu 335 metr, eni isə 11,5 metrdir. Körpünün hərəkət hissəsinin eni 7,5 metr, hər tərəfə yanaşma yollarının uzunluğu 500 metr təşkil edir.

Hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılıb. Kür körpüsü isə o zaman ki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilib.

Körpüdə təmir-bərpa layihəsi çərçivəsində hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqlar və kənar dayaqların yamaclarının konusları, eləcə də yanaşma plitələri yenidən inşa olunub. Körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib. Körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 millimetr qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək müasir məhəccərlərlə əvəz olunub.

Bundan başqa, körpünün bütün aşırımlarında alt hissədən tamamilə troslarla gərginləşdirilib, metal konstruksiyaların birləşmə hissələrində qırılan, zədələnən bolt-qaykalar yenisi ilə əvəz olunub. Həmçinin aşırım qurğularının oturacaq hissələrindəki bütün dəmir-beton yastıqlar təmir edilib.

Hazırda körpünün Salyan şəhəri tərəfə yanaşma yolunda aşınma asfalt-beton layının vurulması və körpünün hər iki tərəfində suaxıdan beton küvetlərin tikintisi, işıqlanma dirəklərinin quraşdırılması üçün hazırlıq işlər görülür.

Körpünün yanvarın sonunda sürücülərin istifadəsinə veriləcəyi gözlənilir. Bu vaxtadək körpüdə təmir-bərpa işlərinin 80 faizi yerinə yetirilib.