21 iyun 2019 16:01
1418

Meksika səfiri Sumqayıt Kimya Sənaye Parkında

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Xuan Rodrigo Lobardini Floresin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.

Qonaqlara sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, investorlar üçün yaradılan güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının rezidentləri, həmin rezidentlər tərəfindən istehsal edilən məhsullar barədə məlumat qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, sənaye parkının bir çox müəssisələri daxili bazarda tələbatı ödəməklə yanaşı, istehsal etdikləri məhsullar “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılır.

Görüş çərçivəsində qarşı tərəfdən ünvanlanan rezidentlərin qeydiyyatı prosedurları, prioritet sahələr və enerji təchizatı barədə suallar cavablandırılıb. Gələcəkdə meksikalı iş adamlarının sənaye parklarına cəlbi, parka investisiya yatırılması kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Səfir Xuan Rodrigo Lobardini Flores görüşdən məmnun qaldığını və sənaye parklarının inkişafında görülən işləri yüksək qiymətləndirib.Daha sonra qonaqların Sumqayıt Kimya Sənaye Parkının ərazisində aparılan tikinti işləri ilə tanışlığı məqsədilə səfər turu təşkil edilib və parkın rezidenti olan “Tabaterra” QSC-nin siqaret fabrikində gedən istehsal prosesi ilə tanışlığı həyata keçirilib.

Orxan Vahidoğlu, “İki sahil”