28 yanvar 2021 18:04
993

Məktəbliləri distant təhsildən ənənəviyə necə uyğunlaşdırmalıyıq? Valideynlərin DİQQƏTİNƏ

Xatirə Səfərova: Uyğunlaşma prosesində müəllimlər, valideynlər və digər ailə üzvləri uşaqlara aqressiv şəkildə deyil, mülayim formada yanaşmalıdırlar 

 

Bildiyiniz kimi, fevralın 1-dən məktəblər açılır. Belə ki, aylardır davam edən distant təhsil mərhələli şəkildə ənənəvi tədrislə əvəzlənəcək. Bəs aylardır davam edən virtual təhsil mühitindən real tədris rejiminə keçid zamanı övladlarımıza necə dəstək olmalıyıq?

“İki sahil” son günlər sözügedən mövzuda xüsusilə də valideynləri düşündürən bu və ya digər suallara aydınlıq gətirir:

“Pandemiya yaratdığı fəsadlar fonunda baş vermiş hadisələr insanın həyatına mənfi təsir göstərdiyi kimi, müsbət tərəfləri də var. Müsbət tərəflərindən belə təhlil etmək olar ki, məhz COVID-19-la mübarizə dönəmində cəmiyyət yeni əsrin tələbatlarına uyğunlaşdı. Belə ki, texnologiya istiqamətində yönələrək zamanında baş vermiş hadisələri sürətləndirmə prinsipini mənimsədi. Yəni, bütün təlimlər, dərslər  ev şəraitində həyata keçirildi. Təbii ki, bu rejimə uyğunlaşmaq da böyüklərdə olduğu kimi uşaqlar üçün müəyyən zaman tələbi yaratdı. Eyni zamanda, bu uyğunlaşma prosesi onlara heç də asan və rahat başa gəlmədi. Lakin zaman keçdikcə insanlarda bu uyğunlaşma baş verdi və virtual mühitə keçidi, onlayn dərsləri adi hal kimi qəbul etdilər.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Bakı Psixologiya Məktəbinin rəhbəri, klinik psixoloq Xatirə Səfərova söyləyib.

Psixoloq qeyd edib ki, onlayn dərslərə gəldikdə isə müsbət tərəfləri o oldu ki, uşaqlar texnologiyanın sürətinə alışdılar və texnologiya dönəminə daxil oldular. Mənfi tərəfi isə o oldu ki, uşaqlarda ünsiyyət problemi və gərginlik yarandı. Belə ki, kompyuter arxasında şüalanaraq dərs alma prinsipləri onlarda  aqressiyanın artımına gətirib çıxardı. Onlar hipodinamiyanın aşağı düşməsi sayəsində hərəkətsizlik proqramına daxil olaraq evdə aqressiv hərəkətlərlə öz davranışlarını nümayiş etdirirdilər.

Uyğunlaşma prosesi 2 həftə davam edəcək

X.Səfərovanın sözlərinə görə, hər hansı bir mühitə uyğunlaşma prosesi  mütləqdir ki, insanın zamanını əlindən alır: “Yəni,  bu tendensiya uşaqlarda da müşahidə olunacaq. Ona görə də valideynlərə, ailə üzvlərinə bildirmək istəyirəm ki, yenidən uyğunlaşma prosesində uşaqların  sərgilədiyi davranış modellərinə qarşı  təhqir, tənqid , qınaqla cavab verməsinlər. Anlayışla yanaşsınlar, çünki onlarda uyğunlaşma prosesi yenidən gedəcək. Bu proses  2 həftə davam edə bilər. Bu müddətdə insan düşdüyü mühitə baş vermiş hadisəyə uyğunlaşma prosesinə daxil olur. Yəni, 2 həftə ərzində məktəbə getmək onlara sanki yeni bir proqram kimi görünəcək. Baxmayaraq ki, onlar  illərlə məktəbə gediblər, bu, bir ilk deyil. Ailə üzvləri bilməlidir ki, pandemiya ilə mübarizə dövründə  övladları yeni uyğunlaşma prinsipinə daxil olublar. İndi isə distant təhsil rejimindən ənənəviyə keçid etməlidirlər. Bu rejimə uyğunlaşmaq üçün də onların 2 həftəlik dəstəyə ehtiyacı var. Uyğunlaşma prosesində müəllimlər, valideynlər və digər ailə üzvləri uşaqlara aqressiv şəkildə deyil daha mülayim formada yanaşmalıdırlar. Onları tənqid etmədən, uşaqların dərsə marağı azalanda, məktəbə getmək istəməyəndə belə, onlara anlayışla, ən əsası isə yumşaq şəkildə yanaşmalı, sakit formada uyğunlaşma prosesinə daxil etməlidirlər.”

Pozulan yuxu rejimi: Uşaqlar gec yatdıqlarına görə, səhər də yuxudan oyana bilmirlər

Psixoloq vurğulayıb ki, ilk olaraq, distant təhsil müddətində uşaqlar evdə olduqlarına görə onların birinci düzənini pozan gec yatmaları olub: “Uşaqlar gec yatdıqlarına görə, səhər də yuxudan oyana bilmirlər. Buna görə də nizam-intizam prinsiplərini təkmilləşdirmək lazımdır. “Time-management”  yəni, zamanın doğru idarə edilməsi prinsipinə əməl edilməlidir. Uşaqlara münasib danışıq tərzində izah etmək lazımdır ki, artıq səhər tez durub məktəbə getməlidirlər. Buna görə də tez yatmaqları zəruridir. Bunun üçün də uşaqların axşam 12-dən gec yatmasına imkan vermək olmaz. Nəzərə almaq lazımdır ki, onlarda yenidən stabil hərəkət planlaması gedəcək. Belə ki, hər gün tezdən yuxudan duracaq, məktəbə gedecək və tez-tez yorulma prosesi baş verəcək. Bu da uşaqlarda sonrakı stress vəziyyətinə gətirib çıxara bilər. Lakin bütün bunlar uzağı 2 həftə davam edəcək. Bu müddətdə müəllim və valideynlər səbrlə, yumşaqcasına uşaqla ünsiyyət qursalar  və onun nizam-intizamını qorusalar, uşağa bunu doğru izah edə bilsələr, intizamlı olmaq onun gündəlik həyatını daha da sevincli və ürəkaçan edəcək.”

Müəllimlərin üzərinə böyük yük düşür: uşaqlara dəstək olun

Həmsöhbətimiz bildirib ki, uyğunlaşma prosesində müəllimlərin uşaqlara çox böyük dəstəyi ola bilər. Yəni, müəllimlər uşaqlara motivasiya verərək onların məqsədyönlü olmalarına  dəstək olmalıdırlar. Müəllimlərin uşaqlarla dialoqunda,  ünsiyyət prosesində daha çox söz oyunu güclü olmalıdır: “Yəni, uşaqlar biz sizi anlayırıq. Həqiqətən də bizim hamımız üçün çətin olan dönəmlərdən keçdik. O günlər geridə qaldı. İndi isə biz bir yerdə məqsədlərimizə gedən yolda birgə əl-ələ verib  bu yolu sizinlə birgə keçəcəyik. Yəni, uşaqlara "mən sizi anlayıram ki,  siz indi yatmaq istəyrisiniz, amma, eyni zamanda da sizin hər birinizin məqsədi var. Hər biriniz məqsədiniz uğrunda səhər  yuxudan durursunuz, əziyyət çəkirsiniz. Mən buna görə sizə təşəkkür etmək istəyirəm" kimi motivasiya tipli cümlələr deyilməlidir.  Belə olduqda, motivasiyaverici və motivasiyayönümlü sözlərdən istifadə edərək uşaqlara daha tez  və gözəl təsir etmək olar. Nəinki, müəllimlər zəng edirlər, şikayət edirlər ki, bu uşaq dərsə gəlmək istəmir  və dərsdə  yatır. İlk etapda, müəllimlər övladlarımıza  dəstək ola bilər. Uşağa stimul vermək lazımdır. Hər bir insan etdiyi hərəkətin stimulunu almaq istəyir. Məsələn, biz hər birimiz səhər tezdən durub işə gedəndə, saat 9-dan 6-ya kimi  iş yerində olanda  bizə desələr ki,  maaş almayacaqsınız,  o zaman  işə getmək həvəsimiz aşağı düşər.  Bütün insanlar  bu cür iş rejiminə  sadəcə maaş aldıqlarına görə qatlanır. Əməkhaqqı burada onlar üçün stimul olur. Uşaqlar isə  səhər tezdən oyanıb məktəbə getmələrinin qarşılığında stimul almırlar. Bu baxımdan da süni stimul yaratmaq lazımdır. Bu süni stimul isə müəllimlərin və valideynlərin motivasiyasıdır. Uşaqlara bu motivasiyanı təlqin etmək lazımdır ki, məktəbə getmək, təhsil almaq  onların gələcəyi üçün  uğur  vəd edir.

Yaqut Ağaşahqızı, "İki sahil"