14 oktyabr 2020 17:55
1120

“Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyasının təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyasının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığına həsr olunan və müəllifin sayca 7-ci monoqrafiyası haqqında fikirlərini bildirib. Alim Xalq şairinin anadan olmasının 87-ci ildönümünə təsadüf edən bir gündə təqdimatın keçirilməsini xüsusi vurğulayıb.

Daha sonra institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Məmməd Araz milliliyinə elmi baxış” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Xalq şairi Məmməd Arazın poetik yaradıcılığının, demək olar ki, böyük qismini xalqımızın mənəvi mədəniyyətinin təbliği, milli ruhunun tərənnümü təşkil edir. Şairin milli zəmin üzərində köklənən misraları xalqın sevimlisinə çevirmiş, şeirləri dillər əzbəri olmuş, yaradıcılığı tədqiqatların əsas obyektinə çevrilmişdir. Vurğulanıb ki, sözügedən monoqrafiyada tədqiqatın obyekti bədii yaradıcılıq nümunələri olduğu üçün araşdırmanın ümumi ruhunda da elmiliklə yanaşı bədiilik ağırlıq təşkil edir. Bu da oxucuları elmi təhlillərlə yormur, əksinə elmi faktların bədii dillə yaddaqalıcı şəkildə mənimsənilməsinə köməklik edir.

Elxan Məmmədov müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Təqdimat mərasimdə Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçiləri, dosent Aygün Orucova və filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək monoqrafiyanın ayrı-ayrı məziyyətlərindən söz açıblar.

Sonda müəllif Ramiz Qasımov çıxış edərək şairin ədəbi irsinin bundan sonra da araşdırılması istiqamətində tədqiqatlarını davam etdirəcəyini diqqətə çatdırıb.