18 mart 2019 11:19
1158

Narazı cəmiyyət və Paşinyanın dəvəquşu pozası

Bu yaxınlarda hakimiyyətə gəlməsinin bir ili tamam olacaq Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ölkəsində artıq çox böyük narazı elektorat kütləsi formalaşıb. İşğalçı ölkənin mətbuatında baş nazirin “fəaliyyəti”, daha doğrusu, fəaliyyətsizliyi kəskin tənqidlərin hədəfinə çevrilib.

Bir neçə ay əvvəl Paşinyanı öyərkən “ağzına çullu dovşan sığışmayan”  “armenianreport” saytının eksperti T.Arşakyan indi böyük təəssüf və hiddət hissi ilə hökumət rəhbərini “ağ yuyub qara sərir”. “Heç nə görmürəm, heç nə eşitmirəm: Paşinyan xalqdan üz döndərir” sərlövhəli yazıda ekspertin Ermənistanın yeni hakimiyyətinə qarşı sərt fikirləri öz əksini tapıb: “İndi  hər tərəfdən tənqidə məruz qalan Paşinyan hökuməti haqqında cəmi yarım il əvvəl, hətta düşünmək mümkün deyildi ki, narazı xalq kütləsi bir gün ona qarşı çıxacaq. Paytaxtın mərkəzindəki kafenin sökülməsinə görə keçirilən mitinqdə iştirakçılar və polislər arasındakı ciddi və qanlı  toqquşmalar cəmiyyət və Paşinyan hökuməti arasında ilk ciddi qarşıdurma idi”.

Daha sonra müəllif ötən ilin aprel ayında keçirilən mitinqlərdə Paşinyanın Ermənistanda sosial durumu yaxşılaşdıracağı ilə bağlı verdiyi vədləri reallaşdırmadığına görə hazırkı hökuməti ittiham edib: “Ondan başlayaq ki, Paşinyan hökumətinin ilk və ən böyük vədlərindən biri işsizliyin aradan qaldırılması olsa da, bu problemin öz həllini tapması üçün hazırkı hakimiyyət heç bir tədbir görməyi bacarmadı. Əksinə, hökumətin “islahatları” nəticəsində daha minlərlə insan işindən atıldı və Ermənistandakı aclar və işsizlər ordusuna qoşuldu. Belə şəraitdə, bəlkə də onlarla  ailənin çörəkpulu qazandığı Milli Opera və Balet Teatrının binasının yaxınlığında kafenin sökülməsi çox böyük səhv idi”.

Ekspert yazısında hakimiyyəti insanların şəxsi mülkiyyətinə qanunsuz müdaxilə etməkdə, problemləri zor yolu ilə həll etməkdə qınayıb: “Paşinyan hökuməti faktiki olaraq “canımız necə istəyirsə, elə də hərəkət edirik” prinsipləri ilə ölkəni idarə edir. Ona görə də hakimiyyətin bu addımı da cəmiyyət tərəfindən kəskin qınaqla qarşılanır”.

Analitik yazır ki, Nikol Paşinyan rejiminin polisləri bundan əvvəlki Koçaryan və Sarkisyan despotizmini təmsil edən zorakı polislərdən heç nə ilə fərqlənmir.

Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki,  Ermənistanda dəyişən sadəcə fiqurlardır, çürük sistem olduğu kimi qalıb. Bununla da Paşinyan hökuməti öz xalqına vaxtaşırı tarixi təkrar etdirməklə “keçmişi unutmağa imkan vermir”. Müəllif daha sonra qeyd edir:  “Polisin, dolayısı ilə hakimiyyətin  zorakılığı bizə keçmiş əyyamları xatırlatdı. Paşinyandan əvvəl də Koçaryan və Sarkisyan rejiminin polislərinə “mitinqi dağıt” əmri veriləndə “kimsəni sağ ələ keçirməyin” kimi başa düşülürdü... Öz haqqını müdafiə edən adamları Paşinyan rejiminin polis qüvvəsi  rezin dəyənəklə qəddarcasına çırpanda, yerlə sürüyəndə, zorakılıqla polis şöbələrinə götürəndə biz Ermənistanda əslində heç nəyin dəyişmədiyinə bir daha şahid olduq”.

Müəllifin sözlərindən də anlaşıldığı kimi, artıq ermənilərə aydın olub ki, saxta demokratiya görüntüsü sadəcə Paşinyan hakimiyyət kreslosunda yerini bərkidənə qədər idi.

Şərhçi ölkədəki antidemokratik mühitdən, zorakılıqdan  və səfalətdən danışmaqla yanaşı, Ermənistanın yeni hakimiyyətini xalqın adından təhdid edib: “Paşinyan unutmamalıdır ki, onun əsas təhlükəsi respublikaçılar və güc strukrturlarında təmsil olunan coxsaylı “qüvvələr” deyil, daha çox bütövlükdə narazı cəmiyyətdir. Görünür, o məhz etiraz edən kütləni yaddan çıxarıb. Onu da yaddan çıxarıb ki, məhz narazı əhali hazırda  beşəlli qamarlayıb oturduğu vəzifə kreslosunu əvvəlki siyasi sələfi  Sarkisyandan alıb ona bəxş edib”.

Yazı müəllifi dəfələrlə xatırladıb ki, Ermənistan əhalisi artıq cana doyub, xalq “qaynayır”: “Belə görünür ki, Paşinyan bütün bunların fərqində deyil, yaxud da özünü elə aparır ki, nə heç nəyi görmür, nə də heç nəyi eşitmir. Ancaq “başını quma  soxub, quyruğundan xəbərsiz dəvəquşu” pozası Paşinyana yaxşı heç nə vəd etmir. Xalq Paşinyana etimad göstərib mandat verib ki, əhalinin vəziyyətini yaxşılaşdırsın. Ancaq hələ ki, ortada gözəgörünən əhəmiyyətli heç nə yoxdur”.

Ekspert sonda Paşinyana son xəbərdarlığı edib: “Xatırlayırsınızsa, bir dəfə hökumətin hansısa toplantısından sonra Paşinyan jurnalistlərə demişdi ki, cəmiyyətin dəstəyi olduğu müddətcə bunu ölkənin inkişafına yönəldəcəyəm. Ancaq xalqından üz çevirən Paşinyan artıq cəmiyyətin dəstəyini itirdiyinin fərqində deyil...”

Bütün bu yazılanlar və Ermənistanın yeni hakimiyyətinin bir-birinin ardınca həm xarici, həm də daxili siyasətdəki “islahatlar” adı ilə gerçəkləşdirdiyi rüsvayçılıqlar bir daha təsdiq edir ki, yaxın zamanlarda Paşinyana da “yol görünür”...

Sevinc Abdullayeva, “İki sahil”