06 dekabr 2019 17:32
1523

Neftçilər bu gün 100 min ağac əkiblər - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir və şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kampaniyası çərçivəsində SOCAR kollektivi və şirkətin birgə müəssisələri tərəfindən dekabrın 6-da 100 mindən artıq ağac əkilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qala qəsəbəsi ərazisində yerləşən “Eko Park”da ağacəkmə kampaniyasında iştirak ediblər.

Tədbir barədə məlumat verən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, gün ərzində  Şirkətin idarə və müəssisələrinin ərazisində, əsasən Abşeron yarımadasının təbii iqliminə uyğun olan 15 minə yaxın sərv, hər biri 11 min civarında tuya, oleandr və eldar şamı, 10 mindən artıq badam, 7 mindən artıq tut tingləri, ümumilikdə isə 22 adda ağac və gül kolları əkilib. Tinglər SOCAR-ın “Eko Park”ından götürülüb və  aksiya çərçivəsində əkilmiş ağaclara aqrotexniki qulluq göstərmək məqsədi ilə burada müasir damcı suvarma sistemi yaradılıb.

Vitse-prezident R. Hüseynzadə vurğulayıb ki, 6 dekabr aksiyası çərçivəsində əkilmiş 100 min ağacın 45 mini “Azneft”, 15 mini “Azəriqaz” və “Azərikimya” İstehsalat Birliklərinin, H.Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrinin ərazilərində əkilib.

R. Hüseynzadə qeyd edib ki, ağacəkmə kampaniyasına SOCAR-ın bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulub. Təkcə “SOCAR AQŞ”  tərəfindən Ümid istehsalat və təchizat bazasının ərazisində 2 min ağac əkilib.

Bundan başqa, 2015-ci il dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş həmkarlarının xatirəsinə Pirallahı rayonunda ucaldılmış abidəni ziyarət edən SOCAR rəhbərliyi dəniz neftçilərinin istifadə etdiyi helikopter meydançasının qarşısında ucaldılmış abidənin ətrafında da fəlakət qurbanlarının xatirəsinə 33 ağac əkib.

Xatırladaq ki, SOCAR-da neft və neft məhsulları ilə çirklənmiş ərazilərin bərpası və bu ərazilərdə geniş yaşıllıq zolaqlarının yaradılması işlərinə 2006-cı ildən start verilib. Şirkətin istehsalat sahələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin ediməsi məqsədilə vaxtaşırı həyata keçirilən yaşıllaşdırma işləri və meşə massivlərinin salınması layihələri bu gün də uğurla icra olunur. SOCAR hər il “Eko Park” ərazisində təxminən 100 min ağac tingi yetişdirərək müəssisə və idarələrə paylanmasını və əkilməsini təmin edir. Dekabrın 6-da əkilmiş 100 min ağacla birlikdə SOCAR-ın cari ildə əkdiyi ağacların sayı 200 minə yaxınlaşıb. Ümumilikdə isə indiyə qədər keçirilən tədbirlər nəticəsində SOCAR üzrə 500 hektardan artıq ərazidə 1 milyona yaxın ağac və gül kolu əkilib, bitkilərin inkişaf fazalarına uyğun onlara davamlı aqrotexniki qulluq göstərilib.

Ceyhun Piriyev, “İki sahil”