22 yanvar 2020 10:53
1196

Nəqliyyat sisteminin fəaliyyəti günün tələblərinə uyğunlaşdırılmalıdır

Ölkəmizin, xüsusən də dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq onun nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. Məsələn, nəqliyyat sisteminin inkişafına, müasirləşməsinə bütün ciddiliyi ilə yanaşan dövlət başçısının göstərişlərinə əsasən, Bakının əsas giriş-çıxış ərazilərində 5 böyük HUB (Nəqliyyat Mübadilə Mərkəzi) təşkil edilib. Yaxın gələcəkdə şəhər və qəsəbələrdə nəqliyyat sisteminin mükəmməl fəaliyyəti üçün əlavə olaraq 6 kiçik HUB da yaradılacaq.

Yaxud əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizə müasir tələblərə, daha doğrusu, sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verən 300 avtobus gətiriləcək. Həmin avtobusların bir qismi Bakıətrafı kənd və qəsəbələrdəki sərnişinlərin xidmətinə veriləcək. Yeri gəlmişkən, qeyd edək ki, hazırda paytaxtda 2200 ədəd avtobus fəaliyyət göstərir ki, son illər onların, demək olar ki, 700-ü yeniləri ilə əvəz olunub. Şübhəsiz, yeni avtobusların alınıb gətirilməsi bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənənədək davam edəcək.

Eyni zamanda, bu il 100 ədəd “London taksisi” əhalinin istifadəsinə veriləcək. Yaxın üç ay ərzində gətiriləcək həmin taksilərin hazırda ölkəmizdə fəaliyyət göstərən 1500 ədəd “London taksi”sindən üstünlüyü ondan ibarət olacaq  ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bu mənada ictimai nəqliyyatdakı bu müsbət dəyişikliklərə nəzər yetirəndə hər il nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlərin görüldüyünün, infrastrukturun yeniləndiyinin, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobusların, eləcə də taksilərin verildiyinin şahidi oluruq.

Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən bildirib ki, Bakı və Sumqayıt şəhərlərində avtobuslarla sərnişin daşımaları müasir standartlara uyğundur: “O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir”.

Prezident, həmçinin qeyd edib ki, bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər. Yeri gəlmişkən, qeyd edək  ki, dövlət başçısının özəl sektorun inkişafına göstərdiyi qayğıya cavab olaraq iş adamları bu sahədə öz imkanları daxilində müəyyən işlər görürlər. Məsələn, ötən ilin son ayında Bakı şəhərində ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu” Türkiyənin “Anadolu İsuzu” şirkətindən alınmış 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobusları xəttə buraxıb.

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  son dövrlər yeni avtobusların alınması, kart sisteminin tətbiqi və sürücülərə onları qane edəcək məvacibin verilməsi müsbət haldır: “Lakin nəqliyyat sektorunda bu islahatlar tam başa çatmayıb. Bu mənada Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsinin davam etdirilməsi təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd edim ki, qəbul zamanı bir müddət öncə qadağan olunmuş şəhərlərarası gecə reyslərinə də toxunuldu.

Həmin qəbul zamanı cənab Prezident nazirə bir sıra mühüm tapşırıqlar da verdi. Prezident digər şəhərlərdə də həm avtobus, həm də taksi problemlərinin aradan qaldırılmasının vacibliyini vurğuladı. Bildirdi ki, biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun: “Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə”. Şübhəsiz, bu kimi problemlər də öz həllini tapacaq”.

Müsahibimizin fikrincə, bu gün paytaxtın ən ciddi problemlərindən biri maşınların, xüsusilə taksilərin saxlanılması üçün yerlərin azlığıdır: “Qeyd edək ki, bu istiqamətdə də ciddi tədbirlər görülür və parklanma ilə bağlı ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. Üstəlik, paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Belə ki, qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılması məqsədi ilə xüsusi kameralarla təchiz olunan avtomobillərdən də istifadə olunacaq.  Özü də bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”