28 sentyabr 2017 23:46
1359

Əməkdaşlığa dair müqavilə imzalanıb

Bakı Slavyan Universiteti ilə Moldovanın Slavyan Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Sentyabrın 28-də Bakıda “Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” mövzusunda keçirilən beynəlxalq konqresin iştirakçıları - Moskva Dövlət Pedaqoji Universitetinin xalqlararası və regionlararası siyasət üzrə prorektoru Lyudmila Dudova, Moldova Respublikası Slavyan Universitetinin rektoru Tatyana Mleçko, Bolqarıstan Respublikası Təhsil və Elm Nazirliyinin rus dili üzrə baş eksperti Stoyanka Poçekanska, Rusiya-Tacikistan Universitetinin filologiya fakültəsinin dekanı Rüstəm Səlimov, Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun rektoru Lyudmila Kuçiyeva, Moldova Dövlət Pedaqoji Universitetinin rus dilinin tədrisi metodikası kafedrasının professoru Vladislav Yançenko, Qırğızıstan Respublikası Slavyan Universitetinin rus dili kafedrasının professoru Mamed Taqayev və başqaları Bakı Slavyan Universitetində (BSU) olublar.

Konqres iştirakçıları ilə görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin tarixi, xarici əlaqələri, burada fəaliyyət göstərən tədris mərkəzləri barədə danışıb.

Sonra qonaqlar universitetin Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Moskva və Sankt-Peterburq auditoriyaları ilə tanış olublar. Mərkəzin direktoru, dosent Gülnarə Novruzova bu qurumun fəaliyyəti, buradakı kitabxana barədə qonaqlara ətraflı məlumat verib.

Auditoriyalarda rus dilinin tədrisi prosesini müşahidə edən konqres iştirakçıları tələbələrə tövsiyə və məsləhətlərini veriblər.

Universitetin konfrans zalında Moldova Respublikası Slavyan Universiteti ilə BSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi rektorlar T.Mleçko və N.Əliyeva imzalayıblar. Müqavilədə universitetlər arasında tələbə-müəllim mübadiləsi, elmi məcmuələrin birgə nəşri və digər məsələlər əksini tapıb.

N.Əliyeva Moldova Respublikası Slavyan Universiteti ilə BSU-nun əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə və bu əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini bildirib.

Tədbir çərçivəsində qonaqlardan bir qrupu BSU-nun nəzdindəki Məktəb-Lisey Kompleksində şagirdlər üçün keçirilən açıq dərslərdə iştirak ediblər.

Sonda qonaqlar BSU-nun akt zalında “Arzu” rəqs ansamblının təqdimatında müxtəlif rəqslərə tamaşa ediblər.