KÖŞƏ

Qvami Məhəbbətoğlu

Nikol Paşinyanın laxlamış hakimiyyətinin sonu yaxınlaşır

07 noyabr 2019 19:34
2241

Nikol Paşinyanın baş nazir seçildiyi gündən bu vaxta qədər Ermənistanın hər hansı bir sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaması işğalçı ölkəni ciddi siyasi, sosial-iqtisadi böhranla üz-üzə qoyub. Azərbaycanın uğurlu diplomatik gedişləri sayəsində Ermənistanın təcavüzkar siyasətinə hüquqi don geyindirmək cəhdlərinin birmənalı şəkildə iflasa uğraması da bu prosesdə önəmli rol oynayıb. Artıq dünya miqyasında qəbul olunan yekdil fikir budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı illərdə Ermənistanı daha böyük problemlər gözləyir. Şübhəsiz, bütün bunlar dövlət başçısına xas olmayan bəyanatları, eləcə də yalanları ilə “diqqət mərkəzi”ndə olan Nikol Paşinyanla xalq arasında ciddi qarşıdurmaya gətirib çıxara bilər.

Hətta bəzi siyasi qüvvələr, o cümlədən separatçı rejimin “Təhlükəsizlik Şurası”nın sabiq baş katibi, general Vitali Balasanyan bu günlərdə dövlət çevrilişinə çağırış edib. Nikol Paşinyanın tərəfdarları isə hakimiyyətə qarşı çıxanlara divan tutulacaqları ilə hədələyiblər.

Müxalifətyönümlü partiya lideri, keçmiş deputat Andranik Quqasyan vurğulayıb ki, artıq iş o yerə gəlib çıxıb ki, Nikol Paşinyan dövlət büdcəsini öz ailə büdcəsi kimi xərcləyir. Belə ki, o, böyük həcmdə vəsaitləri müxtəlif dəbdəbəli səyahətlərə, zirehli avtomobillərin alınmasına, komanda üzvlərinin mükafatlandırılmasına, eləcə də qanunsuz ələ keçirdiyi villanın təmirinə sərf edir. Sən demə, iqtisadi inqilab və yoxsulluq həddinin keçilməsi yalnız Nikolun özünə və yaxın ətrafına aid imiş. Bu mənada artıq xalq arasında Nikol Paşinyana olan inam tamamilə yoxa çıxıb.

Övladlarının günahsız yerə qətlə yetirilmələrinə, hərbi hissələrdə yoluxucu xəstəliklərin baş alıb getməsinə, gənc əsgərlərə verilən işgəncələrə etiraz edən qadınların polis tərəfindən vəhşicəsinə döyülməsi isə işğalçı ölkədə şok effekti yaradıb. Odur ki, Ermənistanda keçirilən aksiyalarda “Paşinyan və komandası hakimiyyətdən getsin. Əks-təqdirdə zorla devriləcəklər” fikirləri açıq-aydın səsləndirilir. Bütün bunları götür-qoy edən erməni politoloq Hrant Melik-Şahnazaryan Ermənistanın daha faciəvi günlərinin uzaqda olmadığını vurğulayıb.

Bəzi ekspertlər Nikol Paşinyanın Dağlıq Qarabağa mütəmadi səfərlər etməsini millətin fikrini başqa istiqamətə yönəltməyə çalışması kimi dəyərləndirməkdədirlər. Amma bu sahədə ixtisaslaşmış Nikol Paşinyanın xalqı aldatması bununla məhdudlaşmır. Belə ki, o, Robert Koçaryanın həbsindən sonra indi nəyin bahasına olursa-olsun, yenidən siyasi arenaya qayıdan eks-prezident Serj Sarkisyanı da həbsə saldırmaq istəyir. Hər çıxışında diqqəti Nikol Paşinyanın hələ də yerinə yetirilməyən vədlərinə yönəldən Serj Sarkisyan sadəcə “qoy məni həbs etsinlər” deməklə kifayətlənir. Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Serj Sarkisyan başçılıq etdiyi Respublika partiyasının nümayəndələri ilə birgə ABŞ-ın Yerevandakı səfiri Linn Treysi ilə görüşüb. Həmin görüşdə nələrin ətrafında daha geniş müzakirələr aparıldığı barədə ətraflı məlumat verilməsə də, güman etmək olar ki, Nikol Paşinyan və onun komandası əsas hədəf olub.

Digər tərəfdən də, Ermənistanda həbsdə olan eks-prezident Robert Koçaryanın tərəfdarları Nikol Paşinyana qarşı növbəti cəbhə yaratmaqda davam edirlər. Belə ki, onlar hər vəchlə liderlərinin həbsdən azad olunmasına çalışır və bu məqsədlə imza toplayırlar. Bütün bunlar isə o deməkdir ki, Nikol Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri, eləcə də xalq arasında getdikcə kəskinləşən qarşıdurma işğalçı ölkədə yeni xaosun formalaşmasını sürətləndirir, ictimai-siyasi proseslərin daha kəskin mərhələyə qədəm qoyduğunu göstərir.  Bu, həm də işğalçı ölkədə hər an yeni bir inqilabın baş verməsi, həmçinin Nikol Paşinyanın laxlamış hakimiyyətinə nöqtə qoyulması ehtimalını artırır. Başda Nikol Paşinyan olmaqla Ermənistan hökuməti bütün bu narahatlıqları büruzə verməməyə çalışır. Amma görünən dağa nə bələdçi?!