16 may 2019 10:43
883

O gün uzaqda deyil

“1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, eləcə də həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallara layiq görülmüş  şəxslərə ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyev də bu istiqamətdə çox uğurlu addımlar atır”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında dünyasını dəyişmiş Böyük Vətən müharibəsi veteranı Əhmədiyyə Muqtadir oğlu Abdullayevin 92 yaşlı həyat yoldaşı Xumar Abdullayeva söylədi.

Bildirdi ki, bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 manat, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına isə 500  manat məbləğində birdəfəlik maddi yardım da verilib: “Onların arasında mən də varam. Qeyd edim ki, həmin yardımı alan kimi adətim üzrə əvvəlcə həyat yoldaşımın, həmçinin həmin döyüşlərdə həlak olanların ruhlarına dualar oxutdurdum. Qalan qismini isə babalarının payı kimi nəvələrimin arasında bölüşdürdüm. Buna görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, onu da deyim ki, Prezidentin bu Sərəncamı bir daha göstərir ki, bütün təbəqələrdən olan vətəndaşlarımızın sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması dövlətimizin daim diqqətindədir. Şübhəsiz, dövlətimizin başçısının bu məqsədlə həyata keçirdiyi ardıcıl sosial siyasət gələcəkdə daha da gücləndiriləcək”.

 40 ildən çox birgə həyat sürdüyü Əhmədiyyə Abdullayevdən söz açan müsahibimiz vurğuladı ki, onun keçdiyi həyat yolu ilə bağlı albomu vərəqləyərək sanki o illərə qayıdır: “Əhmədiyyə Abdullayev 1918-ci ildə Oğuz rayonunun Xacmaz kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1941-ci il avqustun 1-də ordu siralarına çağırılıb. Həmin ilin noyabr ayına kimi Gürcüstanda hərbi xidmətdə olub və orada hərbi məktəbdə təhsil alıb, ona kiçik leytenant rütbəsi verilib. Daha sonra 840-cı polkda vzvod komandiri  kimi fəaliyyət göstərib, Avropanın bir sıra ölkələrində olub. 1945-ci ilin  əvvəllərində Əhmədiyyənin itkin düşməsi ilə bağlı xəbər gəlib. Amma sonradan Əhmədiyyə Abdullayevin birdən-birə kənddə peyda olması ilə əlaqədar onun itkinlik xəbərinə son qoyulub”.

Xumar xanım  daha sonra bildirdi ki, həyat yoldaşı müharibədən sonra Oğuz rayonunun Xaçmaz kəndində müəllim işləyib: “Biz 1946-cı il avqust ayının 1-də ailə qurduq. Daha sonra Mingəçevirə gəldik və  bu nur şəhərinin quruculuğunda fəal iştirak etdik. 40 ildən çox  pedaqoji fəaliyyəti olan həyat yoldaşım 1, 13, 6 nömrəli məktəblərdə direktor müavini kimi fəaliyyət göstərib. O, 65 yaşında dünyasını dəyişib. 5 övladımız olub. Hazırda 10 nəvəm, 12 nəticəm var. Hər il  ailə üzvlərimizlə, həmçinin bizə yaxın olan bəzi insanlarla bir yerə yığışıb onu yad edirik. Məsələn, bu 9 mayda 40 ildən artıq Rusiyada yaşayan sabiq qonşum Dima Şamanov bizə təşrif buyurmuşdu”. 

Xumar xanım vaxtilə həyat yoldaşının şagirdləri olmuş şəxslərin də onları unutmadıqlarını söylədi: “Elə bu yaxınlarda Əhmədiyyə Abdullayevin Moskvada yaşayan şagirdlərindən biri - Sənubər xanım Rusiya mətbuatında müəllimi haqqında yazı ilə çıxış edib. Üstəlik, həmin xanım Moskvada Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş hərbi parada həyat yoldaşımın fotosu ilə qatılıb”.

Xumar xanım söhbətinin sonunda bildirdi ki, Böyük Vətən müharibəsi illərində xalqımız çox böyük sücaətlər göstərib, faşist Almaniyasının darmadağın olunmasına öz töhfəsini verib, müharibə başa çatandan sonra isə qələbəyə sevinib: “Mən də hazırda erməni işğalı altında olan ərazilərimizin azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Şübhəsiz,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında öz həllini tapacaq. Digər tərəfdən, Azərbaycan aprel döyüşləri ilə heç vaxt işğalla barışmayacağını bir daha dünyaya göstərib. Bu mənada inanıram ki,  qələbə tezliklə bizimlə olacaq. Fikrimcə, o gün də uzaqda deyil”.

Qvami Məhəbbətoğlu, “İki sahil”