04 aprel 2019 10:56
2673

“O olmasın, bu olsun”

Allah sənə rəhmət etsin, ay Üzeyir bəy! Əgər yaşasaydın və “özündənbəylərdən” ibarət müxalifət düşərgəsində baş verənlərdən xəbər tutsaydın, yəqin ki, əvvəlki ssenarini müasirləşdirib “Məşədiibadlar” adlı komediya yazardın.

Bəstəkar, ən məşhur operettaların müəllifi, publisist Üzeyir Hacıbəylinin böyüklüyü ondadır ki, müasiri olduğu dövrdə baş verən hadisələrə uyğun qələmə aldığı kəlamlar zəmanəmizdə də zərb-məsəl kimi işlədilir. Ən qəribəsi budur ki, dağıdıcı müxalifət düşərgəsində baş verən hadisələrlə adı çəkilən filmin süjet xətti oxşardır. Həmin filmdən məqamına uyğun gətirəcəyimiz misallarla dediklərimizi təsdiqləyək. Əvvəla, onu deyək ki, elə dağıdıcı müxalifət mənsublarının özləri etiraf edirlər ki, ağız deyəni qulağın eşitmədiyi düşərgədə baş verənlər əsl tragik komediyadır.

“Milli Şura”nın aprelin 6-na, Müsavat Partiyasının isə aprelin 7-nə təyin etdikləri mitinqlər illərdən bəri “siyasi fəaliyyətlərində” “mehriban düşmənlər” obrazını yaradan AXCP-Müsavat cütlüyünün birincilik davasının səngimədiyini göstərir. 25 ildən artıq davam edən birincilik mübarizəsində qrantların məzənnəsinə görə “qalib” və “məğlub” tərəflər yerlərini dəyişsələr də, mahiyyət eynidir: mənəmlik iddiası hər zaman üçün aktualdır. Hər iki partiya arasındakı düşmənçiliyin qurbanı olan nisbətən “kiçiklər” də etiraf edirlər ki, rəqiblər arasında illərdən bəri yaşanan rəqabətin təməlində daha çox qranta yiyələnmək iştahası durur. Bu günədək xarici havadarlarından aldıqları qrantları bölə bilməyən “islahatçı sədr”lə Müsavat başqanları arasındakı çəkişmələr Məşədibadsayağı “Bir dəli şeytan deyir, bunların ikisini də birdən al” sözlərinə uyğundur. Antiazərbaycan qüvvələr, xarici dairələr “Babalı Sərvərin boynuna” desələr də, ehtiyatı əldən verməyərək “Bu qədər pulum çıxıb, bir baxım görüm mal necə maldı” seçimini də yaddan çıxarmırlar. “Milli Şura” ilə Müsavat arasında seçim edənlər açıblar səxavət kisələrinin ağzını, qrantları “iki adaxlı arasında” bölərək sağa, sola səpirlər. İstədiklərinə nail olmadıqda isə “... bu ehsan deyil” təpkisini göstərirlər. Təki dünyada mövqeyi möhkəmlənən Azərbaycanda siyasi sabitlik pozulsun, ölkəmizin mövqeyinə xələl gətirilsin. Bu şəbəkənin üzvləri Emin Hüseynov, Emin Milli, Orduxan Teymurxan, Qənimət Zahid, Xədicə İsmayıl, Tural Sadıqlı kimi onları təlimatlandıran əlikərimlilər aldıqları qrantları bölə bilmədikləri üçün aralarında dava yaranır. Mitinqlərini eyni ərəfədə keçirmək niyyətində olan əzəli rəqiblər əvvəllər də bu cür “planlı yanlışlıqlara yol versələr də” Azərbaycan cəmiyyəti xəyanətkar dəstənin mənfur niyyətini bildiyi üçün hər zaman xalqla bir olan, insanların həyat tərzinin yaxşılaşması üçün önəmli islahatlar aparan iqtidarın yanındadır.

Hələ də mitinqlər üçün nəzərdə tutduqları tarixlər arasında seçim şansını qarşı tərəfə güzəştə getmək niyyətində olmayan “Milli Şura”, yaxud qurumun əsl sədri Əli Kərimli əzəli rəqibi, başqan Arif Hacılıya güzəştə getmək istəmir. Filmdə deyildiyi “kişiyə yox, kişinin pulu”na görə seçim edən, havadarlarından daha çox yararlanmaq istəyən tərəfləri maraqlandıran şəxsi mənafeləri, alacaqları qrantlardır. “İndi mən bu papağı necə qoyum ki, qızın məndən xoşu gəlsin” söyləyən Məşədi İbadın sözlərini müasirləşdirərək demək olar ki, Əli Kərimlinin xarici ölkələrdə formalaşdırdığı “agent şəbəkəsi”, trollor gözlərini də, qulaqlarını da dörd açaraq “ bəs mənim bir abbasım hara getdi?”nin axtarışındadırlar.

Xatırladaq ki, ötən aylarda da qrant üstündə dava edən Əli Kərimlinin “mühacir şəbəkəsi” Müsavatla “atəşkəsi” pozmuşdu. Xarici ölkələrdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl təxribat kampaniyası aparan şəbəkənin nümayəndələri həm də biri- birinə qarşı ifşaedici açıqlamalar da verirdilər. Özlərini “demokratiya carçısı” və “ədalət tərəfdarı” kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edən “fədailər”, anti-Azərbaycan dairələrin maliyyəsi ilə fəaliyyət göstərən, sifarişləri yerinə yetirən milli satqınlar “iki adaxlı” arasında revanş edirlər. Onların əsas məqsədi daha çox qrant iyi gələn tərəfə yönəlməkdir. Bu kimi məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir. Onu da xatırladaq ki, “Milli Şura”nın, sabiq daxili işlər naziri İsgəndər Həmidovun mitinq çağırışlarına təkcə vətəndaşlar deyil, düşərgədə təmsil olunan partiyalar da birmənalı olaraq etirazlarını bildirdilər.

Əgər Məşədi İbad neçə müddətdən bəri sükuta qərq olan düşərgədə daxili çəkişməni gündəmə gətirən “Azərbaycan Xalq Hərəkatı”nın növbəti iclasını seyr etsəydi, istər-istəməz bu sözləri deyəcəkdi: “Mən özüm “Tarixi-nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar hardan başa düşsünlər.”

Əvvəla onu deyək ki, düşərgə mənsublarının ətrafına toplaşdıqları “Azərbaycan Xalq Hərəkatı” təşkilatının adı reallıqdan uzaqdır. Mitinqlərdə azsaylı iştirakçını bütün xalq kimi dəyərləndirməyin özü siyasi savadsızlıqdır. Çünki sayı 10 milyonu ötən Azərbaycan xalqı adından danışmaq hər hansı siyasi təşkilata, quruma deyil, yalnız dövlət başçısına məxsus səlahiyyətdir. Bir məsələni də unutmayaq ki, kiçik bir iclasda sözləri biri-birinə xoş gəlməyən bir təşkilatın “xalqı” təmsil etdiyini düşünməsi absurddur. Toplantının gərgin atmosferdə keçməsi, qarşıdurmaların jarqonlarla, ittihamlarla davam etməsi partiyalararası münasibətlərin qeyri-səmimiliyindən xəbər verir.

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması ilə bağlı təklifinin mübahisəyə səbəb olması, siyasi baxışların fərqini göstərməklə “ Heç hənanın yeridir” deyimini də yada salıb. AXH-nin rotasiya üzrə sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə olsalar da, səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

İsgəndər Həmidovun Tural Abbaslının hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifinin yaratdığı qalmaqal “O olmasın, bu olsun” filmindəki qonaqlıq səhnəsini xatırladıb. Sabiq daxili işlər nazirinin arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı “Yeni Müsavat”a verdiyi açıqlama bəhanəsindən yaranan gərginlik, əlbəyaxa  dava həddinə çataraq söyüşlərlə davam edib. Belə ki, filmdən fərqli olaraq dava darvazadan atılan “qızıl güllə”, deyil, sillə- şapalaqla nəticələnib.

Bu kimi hallar, müxalifət cameəsindəki mənzərəni açıq şəkildə ortaya qoyan küçə söyüşləri, mübahisələr, hədələr, təhqirlər göstərir ki, radikalların demokratiyaya baxışları illər keçsə də, mahiyyətcə dəyişməyib.

Filmin ssenarisindən fərqli cəhət bu olub ki, “ucuzluq olması üçün bəy toyunda oynamayıb.” Çünki düşərgədə “ucuzluq” qrantların kəsilməsi deməkdir ki, radikallar ölsələr də buna razı olmazlar.

Azərbaycana qarşı xəyanətkar mövqelərini hər addımda bildirən marginallaşan, antimilli qruplaşmaya cavab bir il bundan qabaq keçirilən prezident seçkilərində həqiqi mənada Azərbaycan xalqının liderinə göstərdiyi etimad idi. “Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.”

Xuraman İsmayılqızı, “İki sahil”